Qarşıdakı 3 ildə iqtisadi immiqrantların payı 59 faizdən 64 faizə qaldırılacaq
Bu gün açıqlanan yeni büdcə sənədinə əsasən, Kanada gələn il cəmi 385 min müvəqqəti statusla yaşayan sakini – xarici tələbə və işçiləri – qəbul etməyi planlaşdırır. Bu, 2025-ci ildəki göstəricidən təxminən 43 faiz azdır. Sonrakı iki il üçün bu rəqəm 370 min səviyyəsində saxlanılacaq. Bu addım federal hökumətin müvəqqəti statuslu sakinlərin ümumi əhali içərisindəki payını təxminən 7,5 faizdən 5 faizə qədər azaltmaq məqsədinin bir hissəsidir.
CBC-nin yazdığına görə, büdcə sənədində qeyd olunur ki, 2018-ci ildə Kanada əhalisinin 3,3 faizi müvəqqəti statuslu sakinlər idi: “2024-cü ilə gəldikdə isə bu göstərici iki dəfədən çox artaraq 7,5 faizə çatdı. Bu, yaşayış yeri təklifi, səhiyyə sistemi və məktəblər üzərində misilsiz dərəcədə təzyiq yaratdı”.
Maliyyə naziri Fransua-Filipp Şampan bildirib ki, hökumət immiqrasiyanı “daha dayanıqlı səviyyəyə” gətirmək istəyir: “Ola bilsin, kanadalılar anlayır ki, biz artıq qəbul imkanlarımızın həddinə çatmışıq. Bəzən hətta onu aşmışıq”.
İqtisadi immiqrantların sayı çoxaldılacaq
F.Şampanın sözlərinə görə, “bir tərəfdən deyirik ki, bəli, biz daha dayanıqlı səviyyələrə qayıdırıq. Digər tərəfdən isə ən istedadlı və bacarıqlı insanları cəlb etməyə fokuslanırıq”.
Daimi sakin statusu üçün hökumət qarşıdakı üç ildə iqtisadi immiqrantların payını 59 faizdən 64 faizə qaldırmağı hədəfləyir.
Ötən il yeni immiqrantlar arasında işsizlik 11,1 faiz olub. Bu, Kanadada doğulanlar arasında olan işsizlik səviyyəsindən təxminən iki dəfə çoxdur. Kanada Statistika Komitəsi bildirir ki, immiqrantlar təhsillərinə və ya ixtisaslarına uyğun olmayan sahələrdə işləməyə daha çox meyllidirlər.
33 min iş icazəsi olan şəxsin daimi yaşayış statusu sürətləndiriləcək
Liberal hökumət ötən həftə xarici diplomların tanınmasını sürətləndirmək üçün 97 milyon dollarlıq vəsait ayırdığını açıqlayıb. Büdcədə, həmçinin, növbəti iki ildə 33 min iş icazəsi olan şəxsin daimi yaşayış statusunun sürətlə təsdiqlənməsi üçün bir dəfəlik tədbir nəzərdə tutulur.
Bundan əlavə, hökumət ABŞ-ın H-1B vizası sahibləri üçün — xüsusilə texnologiya sektorundakı ixtisaslı mütəxəssislər üçün — yeni sürətləndirilmiş proqram başladacağını açıqlayıb.
Pandemiya dövründə Amerika texnologiya şirkətləri kütləvi şəkildə işçi qəbul etmişdi, lakin son illərdə çoxlu sayda ixtisarlar aparılır. ABŞ bu ilin əvvəlində H-1B vizasına müraciət edən işəgötürənlər üçün 100 min ABŞ dolları məbləğində rüsum tətbiq edib.
Kanada 2023-cü ildə həmin vizaya sahib mütəxəssisləri cəlb etmək üçün proqram başlatmışdı və bu proqramın yerləri 24 saat ərzində dolmuşdu.
“Qaçqınlara və miqrantlara qarşı şokedici hücum”
Büdcəyə əsasən, qarşıdakı 13 il ərzində “yüksək ixtisaslı beynəlxalq tədqiqatçıları” Kanadaya cəlb etmək üçün 1,7 milyard dollar ayrılacaq. Bu vəsait qrantlar və elmi avadanlıqlar da daxil olmaqla müxtəlif təşəbbüslərə yönəldiləcək.
Hökumət, həmçinin, Sığınacaq və Qaçqınlar Şurası tərəfindən müraciətləri təsdiqlənmiş, lakin daimi yaşayış statusunu gözləyən şəxslər üçün sürətləndirilmiş prosedur tətbiq edəcək.
“Migrant Rights Network” təşkilatının nümayəndəsi Sayed Hüssən hökumətin planını “qaçqınlara və miqrantlara qarşı şokedici hücum” adlandırıb: “Bu, hökumətlərin yaratdığı böhranlar üçün miqrantları günahlandırmaq strategiyasının bir hissəsidir. Bahalı mənzil, səhiyyədəki çətinliklər və aşağı maaşlara görə gələnləri günahlandırmaq əvəzinə, illərlə davam edən korporativ tamahkarlığa və dövlətin maliyyə çatışmazlığına diqqət yetirmək lazımdır”.
















