Yeni araşdırmalar insanın bədən qoxusunun ağcaqanadlara təsirini araşdırıb
Çoxlarımızı xüsusilə yay fəslində narahat edən ağcaqanadlarla bağlı tədqiqat aparılıb. Ortaya maraqlı sual çıxıb: niyə eyni məkanda ağcaqanad bir neçə nəfərin qanını sorsa da, digərlərinə dəymir. Aparılan tədqiqat göstərib ki, bu, insanların bədən qoxularıyla əlaqədardır.
Johns Hopkins Universitetinin Bloomberq İctimai Sağlamlıq Məktəbinin molekulyar mikrobiologiya və immunologiya üzrə dosenti və bu araşdırmanı Afrikada aparan tədqiqatçı Konor MakMeniman deyib ki, “əgər ağcaqanadların ən az qanını sorduğu insanların qoxu tərkibindəki kimyəvi maddələri müəyyən etsək, bəlkə də bu maddələri mövcud ağcaqanad əleyhinə vasitələrin təsirini gücləndirmək üçün istifadə edə bilərik”.
Niyə bəziləri ağcaqanadlar üçün daha cəlbedicidir?
Ağcaqanadların davranışı haqda bildiklərimizin çoxu laboratoriya şəraitində aparılmış tədqiqatlara əsaslanır. Bu isə gün ərzində insanın qoxu profilinin necə dəyişdiyini nəzərə almır. MakMenimanın komandası Zambiyada tədqiqat aparıb. Tədqiqat zamanı könüllülər fərdi çadırlarda yatıb, onların qoxusu isə borularla qızdırılmış metal lövhələrə yönəldilib. Bu lövhələrin temperaturu insan bədəninin temperatur ölçüsündə olub. Ağcaqanadlar “ən dadlı” hesab etdikləri qoxuların olduğu lövhələrə qonublar.
Altı gecə boyunca gecəgörmə kameraları ilə ağcaqanadların reaksiyaları izlənilib. MakMeniman bildirib ki, hər gecə eyni insanların ağcaqanadlara daha cəlbedici gəldiyi müşahidə olunub.
Bir iştirakçının qoxu profili xüsusilə seçilib – bu insanda karboksilik turşular adlı maddələrin yüksək səviyyədə olduğu məlum olub. Bu maddələr insan dərisindəki mikroblar və yağ vəziləri tərəfindən istehsal olunur. Digər bir iştirakçı isə ağcaqanadlar üçün təbii bir qoruyucu rolunu oynayıb. Bu şəxsin bədən qoxusu digərlərinə nisbətən tamamilə fərqli idi. Bu şəxsin qoxu profilində karboksilik turşuların miqdarı olduqca aşağı idi, amma evkaliptol adlı bitki mənşəli maddə ilə zəngin idi. Tədqiqatçılar ehtimal edirlər ki, bu şəxsin bitki əsaslı pəhrizi bu fərqli qoxuya səbəb ola bilər. Gələcək tədqiqatlarda insan bədənində yaşayan faydalı mikroorqanizmlərin rolunu da araşdırmağı planlaşdırırlar.
Ağcaqanadlar və sabunlar
Virginia Tech Universitetindən olan alimlər tədqiqatlarında müxtəlif markalı sabunlarla yuyunmağın ağcaqanadları necə cəlb etdiyini araşdırıblar. Sözügedən universitetin tədqiqatçısı Klo Lahonder deyir ki, bütün ağcaqanad növləri qanla qidalanmır: “Erkəklər yalnız şəkərlə – nektar və meyvələrlə qidalanır. Dişi ağcaqanadlar yumurta yetişdirmək üçün qan içirlər, amma başqa fəaliyyətlər üçün şəkər mənbələrinə ehtiyac duyurlar”.
Ağcaqanadlar həm bitkiləri, həm də insanları qoxularla tapırlar. Lahondere deyir ki, bitki mənşəli kosmetik məhsullardan istifadə etdikdə, biz fərqində olmadan ağcaqanadlar üçün cazibədar əlavə qoxular yaradırıq.
Tədqiqatda könüllülərdən bir qollarını sabunla yuyub, digərini yumamaları xahiş olunub. Məlum olub ki, istifadə edilən 4 sabundan üçü ağcaqanadlar üçün cazibədar olub, biri isə əksinə, onları uzaqlaşdırıb. Həmin sabun hind qozu törəmələri ilə hazırlanıbmış. Lahondere bildirib ki, bu nəticə hind qozu qoxusunun ağcaqanadları uzaqlaşdırdığına dair mövcud sübutlarla üst-üstə düşür. O qeyd edib ki, insanın öz qoxusu ilə istifadə olunan sabunun tərkibi birləşərək ya çəkici, ya da itələyici təsirə səbəb olur.