Bu ilin noyabrında Bill C-3-ün qəbul edilməsi ilə Kanada son on ilin ən böyük vətəndaşlıq islahatını təsdiqləyib. Bu qanun ABŞ-da yaşayan təxminən 570,000 kanadalıyla yanaşı, Avropadan Asiyaya, Yaxın Şərqə qədər miqrasiya edən ailələrə təsir edəcək.
“İtmiş kanadalılar”
Kral təsdiqi alan Bill C-3 – “Vətəndaşlıq Aktına Dəyişikliklər Haqqında Qanun” 2009-cu ildə tətbiq edilən “birinci nəsil məhdudiyyəti”ndən sonra ən böyük islahat sayılır. Bu məhdudiyyət minlərlə insanı təsadüfən vətəndaşlıqdan kənarda qoymuşdu. Bu şəxslər “İtmiş Kanadalılar” sayılır və kanadalı valideynlərdən və ya nənə-babalardan xaricdə doğulmuş, lakin əvvəlki qanunlardakı boşluqlara, evlilik və gender qaydalarına və ya 2009-cu il islahatlarına görə vətəndaşlıq ala bilməyən insanlardır. İndi xaricdə doğulmuş ən azı 115,000 uşaq Kanada vətəndaşlığına uyğun olacaq. Onların əksəriyyəti ABŞ-da yaşayır. Yeni qanuna görə, bu şəxslərin vətəndaşlığı avtomatik olaraq tanınacaq.
Valideyn xaricdə doğulub, amma Kanadada 3 il yaşayıbsa…
Valideyn Kanadada doğulub və sonradan xaricə köçüb yaşayıbsa, onların xaricdə doğulan övladları avtomatik olaraq Kanada vətəndaşlığı alacaq.
Valideyn xaricdə doğulub və ya övladlığa götürülübsə, onun nə vaxtsa ən azı 3 il Kanadada fiziki olaraq yaşadığı sübut olunarsa, onun da xaricdə doğulan uşaqlarına Kanada vətəndaşlığı veriləcək.
Hətta Kanadada doğulan, yaxud xaricdə doğulub Kanada vətəndaşlığı alan və ölkədə ən azı 3 il yaşayanların övladlığa götürdüyü uşaqlara da Kanada vətəndaşlığı verilməsi nəzərdə tutulur.
Qanun nə vaxt qüvvəyə minəcək?
Bill C-3 kral təsdiqi alsa da, hələ qüvvədə deyil. Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin ( IRCC) sistemlərini yeniləməsi üçün vaxt tələb olunur. Ontario Ali Məhkəməsi hökumətə 20 yanvar 2026-cı ilə qədər əlavə vaxt verib.
Foto: Canva
















