Alberta Məhkəməsinin qərarı ilə Ritik Sibbalın həmin pulu geri almaq hüququ yoxdur
Alberta əyalətində yaşayan hindistanlı Ritik Sibbal, iş icazəsi müddətinin uzadılmasını vəd edən “tövsiyə məktubu” üçün Rajiv Çourhari Nathyala 15,000 dollar ödəyib.
Lakin məktub heç vaxt gəlməyib. 2025-ci il noyabrın 7-də Alberta Ədalət Məhkəməsi icazəsiz immiqrasiya xidmətlərini və saxta iş təkliflərini əhatə etdiyi üçün bu müqaviləni qanunsuz hesab edib. Buna görə də məhkəmə qərarına əsasən, R.Sibbal ödədiyi pulu geri almaq hüququna malik deyil.
Qeyd edək ki, R.Sibbal, Grande Prairie şəhərindən vəd edilən dəstək məktubunu ala bilmədiyi üçün Rajiv Çourhari Nathyala qarşı məhkəmə iddiası qaldırıb.
Hakim Susanne Stushnoff Edmontondan verdiyi qərarda yazıb: “Sibbal başa düşürdü ki, dəstək məktubu ona postməzuniyyət iş icazəsi bitdikdən sonra Kanadada işləməyə davam etməyə və potensial olaraq daimi yaşayış icazəsi almağa imkan verəcək. Sibbal məhkəməyə deyib ki, Nathyal razılaşıb ki, əgər məktub alınmasa, ödənilən 15.000 dollar geri qaytarılacaq. Məktub üçün müraciət rədd edilsə də, Nathyal pulu geri qaytarmayıb”.
Sibbal ifadəsində deyib ki, o, “2019-cu ilin aprelində Vankuverdə biznes kollecində təhsil almaq üçün Kanadaya gəlib”. Təhsilini bitirdikdən sonra üç il müddətinə iş icazəsi alıb.
Onun məqsədi bu icazə bitməmiş, yenidən iş icazəsi alıb Kanadada qalmaq və daimi yaşayış icazəsi əldə etmək idi. Sibbal 2023-cü ilin avqustunda Grande Prairieyə köçüb və düşünüb ki, bu ərazi “kənd” yeri kimi sayıldığı üçün postməzuniyyət iş icazəsi bitdikdən sonra işləmək üçün təkcə dəstək məktubu kifayət edəcək.
Dəstək məktubu xarici işçinin iş təklifi və müəyyən immiqrasiya proqramları üzrə daimi yaşayış müraciətləri üçün dəstək sənədi sayılır.
Sibbal Grande Prairiedə bir neçə iş tapıb və işəgötürənlərin ona bu sənədlərin alınmasında kömək edəcəyini düşünüb. Lakin bu işlər alınmadıqda onun postməzuniyyət iş icazəsinin bitməsinə altı ay qalmış o, gələcəyi barədə narahat olmağa başlayıb.
Sibbal Edmontonda bir neçə immiqrasiya vəkili ilə danışıb və onlardan biri onu Grande Prairiedə yaşayan Nathyala yönləndirib. 2024-cü ilin əvvəlində Nathyal ona Kanadada qalması üçün dəstək məktubu almaqda kömək etməyi təklif edib. Qiymət: 35.000 dollar.
“Sibbal əvvəlcədən 15.000 dollar təklif edib, qalan hissəsini isə bir neçə ay ərzində hissə-hissə ödəməli idi”.
Sibbal ifadəsində deyib ki, onun “başqa çıxış yolu yox idi”, çünki iş icazəsi tezliklə bitəcəkdi və atasının arzusu onun Kanadada daimi yaşayış icazəsi alması idi.
Nathyal bildirib ki, o, Grande Prairie şəhərindən “müvafiq orqanlarla” danışaraq Sibbal üçün dəstək məktubu alacaq.
Sibbal deyib ki, onlar yazılı şəkildə müqavilə imzalamayıblar: “Nathyal heç nə yazmağa icazə vermirdi, çünki hər ikisi bilirdi ki, bağladıqları müqavilə qeyri-qanunidir”.
Sibbal 2024-cü ilin fevralında 15.000 dolları nağd şəkildə verib, Nathyal isə qəbz verməkdən imtina edib.
Bir neçə ay ərzində Sibbal ondan heç bir xəbər almayıb. Nəhayət, əlaqə saxladıqdan sonra Nathyal ona “bir neçə həftə də gözlə” deyib. 2024-cü ilin iyulunun sonunda Nathyal zəng edərək bildirib ki, dəstək məktubu rədd edilib. 2024-cü ilin avqustunda görüşəndə Nathyal ona “saxta qaçqınlıq işi açmasını” məsləhət görüb. Sibbal valideynlərinə danışıb və onlar ona bu yola getməməyi məsləhət görüblər.
Sonra o, LMIA almaq üçün kömək istəyib — bu, xarici işçi işə götürmək üçün işəgötürənə lazım ola bilən sənəddir. Nathyal bunun üçün əlavə 35.000–40.000 dollar istədikdə, Sibbal bunun “büdcəsindən kənar” olduğunu deyib. Pulu geri istədikdə isə Nathyal ondan “bir ay yarım gözləməsini” istəyib.
Sibbal iki həftə ərzində dəfələrlə onunla əlaqə saxlayıb, lakin pul heç vaxt qaytarılmayıb. Sonuncu dəfə Nathyaldan 2024-cü ilin 12 sentyabrında mesaj alıb.
Hakim bildirib ki, “Sibbal və Nathyal arasındakı müqavilə pozulub”, lakin o, bu müqavilənin icrasını təmin etməkdən imtina edir: “Hər iki tərəf bu vəziyyətdə bərabər dərəcədə günahkardır. Sibbal özünü məhkəmədə daha simpatiya doğuran kimi təqdim etsə də, onun da razılığı ilə bu qeyri-qanuni müqaviləyə girdiyi aydındır”.
Hakim əlavə edib ki, Sibbal “məhkəməyə ‘təmiz əllərlə’ gəlməyib” və buna görə də tələb etdiyi hüquqi yardım ona verilmir.
Məhkəmə qeyd edib ki, hüquqi sistemin dürüstlüyünü qorumaq üçün qanunsuz müqavilələr əsasında iddiaların təmin olunmasına yol verilə bilməz.
“Saxta iş təklifləri təqdim etmək, buna dair məsləhət vermək və qanunla icazə verilən məbləğdən artıq ödəniş almaq – bütün bunlar Kanada immiqrasiya qanunvericiliyinə ziddir və sistemin dürüstlüyünü zədələyir. Kanadanın immiqrasiya sisteminin kommersiyalaşdırılması ölkənin ictimai siyasətinə ziddir”.
Foto: Peter Şokeir/Postmedia/File
















