Kanadanın “Böyük Altılıq” bankları ikinci rüb üzrə gözləniləndən daha güclü maliyyə nəticələri açıqlayıb. İqtisadi qeyri-müəyyənlik və ticarətlə bağlı narahatlıqların davam etməsinə baxmayaraq, ölkənin altı ən böyük bankının hamısı mənfəət artımı qeydə alıb.
Sektora liderliyi 5,5 milyard dollar xalis mənfəətlə RBC edib. Onu 4,17 milyard dollarla TD Bank izləyib. Scotiabank və BMO isə hər biri rüb ərzində 2,6 milyard dollar mənfəət əldə edib. Sonrakı yerlərdə isə CİBC 2,47 milyard dollarla, National Bank isə 1,23 milyard dollarla qərarlaşır.
Analitiklərin fikrincə, güclü nəticələrin əsas səbəbləri kapital bazarlarında aktivliyin artması, investisiya bankçılığı gəlirlərinin yüksəlməsi, pərakəndə bankçılıq sektorunda böyümə və ötən illə müqayisədə problemli kreditlər üçün ayrılan ehtiyatların azalması olub. Bir sıra banklar güclü maliyyə göstəricilərindən sonra dividend artımı və səhmlərin geri alınması proqramlarını da elan ediblər.
Son nəticələr göstərir ki, Kanada bank sektoru gözləntiləri üstələməyə davam edir. İnvestorlar bankların iqtisadi təzyiqlər və bazar qeyri-müəyyənliyi ilə mübarizə qabiliyyətinə inandıqları üçün Kanada banklarının səhmləri bu il ərzində artıq yüksəliş nümayiş etdirib.