Ontarionun Vitbi (Whitby) şəhərində koyot iki yaşlı uşağı Vanier Parkındakı oyun meydançasında üzündən dişləyib. Durham polisinin yaydığı məlumata görə, koyot hücumuna məruz qalan azyaşlı ciddi, amma həyati təhlükəsi olmayan xəsarətlə hospitala çatdırılıb.
Təxminən bir saat sonra polis Harriet və Annes küçələri yaxınlığında olan başqa bir koyot haqqında zənglərə cavab verib. Polislər heyvanı tapıb ərazidən çıxarıblar. Heç bir xəsarət qeydə alınmayıb.
Bu hadisədən əvvəl, ötən ay Vitbidə ictimai yerdə başqa bir uşaq da koyot (coyote – canavara oxşayır, amma canavardan bir az balacadır) hücumu zamanı xəsarət almışdı. Bundan əlavə, may ayında Torontonun şimalındakı Markham şəhərində ayrı-ayrı koyot hücumları nəticəsində bir uşaq və bir yeniyetmə də yaralanmışdı.
Durham polisi bildirib ki, hadisələri araşdırmaq, koyotların fəaliyyətinə nəzarət etmək və gələcək qarşılaşma risklərinin qarşısını almaq üçün Whitby bələdiyyəsi, yerli heyvan xidmətləri və Durham Regionu Səhiyyə Departamenti ilə birgə çalışırlar.
Polisin bəyanatında deyilir: “Koyotlar yerli ekosistemimizin təbii bir hissəsi olsa da və insanlara qarşı aqressiv davranışla bağlı hadisələr nadir hallarda baş versə də, bu cür qarşılaşmalar çox ciddi qəbul edilir. Sakinlərə, xüsusilə parklar, uşaq meydançaları, cığırlar və digər təbii ərazilər yaxınlığında, koyotların ən aktiv olduğu erkən səhər və axşam saatlarında xüsusilə ehtiyatlı və diqqətli olmaları tövsiyə olunur”.
Koyotlardan qorunmaq üçün nə etməli?
Polis insanların koyotlardan qorunması üçün bir neçə tövsiyə verib:
- Koyot gördükdə təhlükəsizlik üçün məsafə saxlayın. Heç vaxt yaxınlaşmayın, yem verməyin və ya onunla təmasda olmayın.
- Uşaqları çöldə olarkən nəzarətsiz qoymayın və ev heyvanlarınızı qısa qayışla saxlayın.
- Koyotların müşahidə edildiyi ərazilərdə göstərişlərə və işarələrə əməl edin.
- Mümkün olduqda, koyotların məlum olduğu ərazilərdən yayının.
- Bağlanmamış zibil, heyvan yemi və yerə düşmüş meyvə kimi qidaları yerdə qoymayın.
- Koyotla qarşılaşsanız, sakit qalın və qaçmayın. Özünüzü böyük göstərin, hündür səslə səs-küy salın və yavaş-yavaş geri çəkilin.
Foto: Canva