[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Meksikada xaos: silahlı toqquşma, bağlanan hava limanı, çarəsiz turistlər

Kanada Xarici İşlər Nazirliyi Meksikada olan kanadalı turistlərə lazım olmadıqca küçəyə çıxmamağı və yerlərində qalmağı tövsiyə edir

Meksikanın Jalisco ştatında fevralın 22-si səhər saatlarında baş verən silahlı toqquşmalar Puerto Vallarta şəhərində təhlükəsizlik vəziyyətini gərginləşdirib. Kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalardan sonra şəhərin müxtəlif hissələrində avtomobillər və obyektlər yandırılıb.

Hadisələr fonunda Puerto Vallarta hava limanı müvəqqəti bağlanıb, bir sıra beynəlxalq reyslər ləğv edilib və ya başqa istiqamətə yönləndirilib. Kurort zonalarında qalan turistlərə hotelləri tərk etməmək tövsiyə olunub.

Yerli hakimiyyət orqanları əhaliyə zərurət olmadıqca küçəyə çıxmamağı tövsiyə edib. Hazırda təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyət nəzarətdə saxlanılır.

“Puerto Vallarta heç vaxt belə qarışıqlıq görməyib”

Foto: CTV News

Şərqi Toronto sakini Pat Silver deyir ki, Puerto Vallarta “heç vaxt belə qarışıqlıq görməyib”.

O, CP24-ə bildirib ki, bazar günü səhəri Yeni Nəsil Kartelinin şəhərdə mağazaları, avtomobilləri və avtobusları yandırdığı, təsadüfi atəş açdığı barədə xəbər alıblar.

Onun sözlərinə görə, kartel üzvləri insanların hərəkət etməsinin qarşısını almaq üçün yollara tikanlı maneələr yerləşdiriblər: “İnsanlara deyilib ki, heç kimə – hətta polis olduğunu iddia edənlərə belə qapını açmasınlar. Bizə cihazlarımızı doldurmağı və suya qənaət etməyi tövsiyə ediblər, çünki kartellər infrastrukturu hədəfə ala bilər”.

“Çox qorxuludur”

Torontolu Lisa Morden hazırda Puerto Vallartadakı Condominio Sorrentoda qalır. O “CTV News”a deyib ki, onun qaldığı yerdə başqa kanadalılar da var. L.Morden avtomobillərin, avtobusların, restoran və mağazaların yandığını, silah səsləri və partlayışlar eşitdiyini bildirib: “Mən əksər kanadalılar kimi hokkey oyununa baxmaq üçün tez oyandım və böyük qara tüstü gördüm. Sonra onun sağ tərəfində başqa bir yanğın başladı, daha sonra yenə biri… Sanki məşhur Malekon sahil zolağı boyunca sistemli şəkildə irəliləyib, turistlərin çox toplaşdığı ərazilərdə, hotel və hava limanı istiqamətində hər yerdə yanğın törədirdilər… Daha sonra çoxsaylı silah səsləri, davamlı atışma və partlayışlar eşitdik. Çox qorxuludur”.

L.Morden hazırda qaldığı mənzilin eyvanından vəziyyəti izlədiyini və sığınacaqda olduğunu bildirib.

Uçuşlar ləğv edilir

AP Photo/Ginnette Riquelme

WestJet CTV News-a açıqlamasında Puerto Vallartaya (PVR) istiqamətlənən yeddi reysi başqa istiqamətə yönləndirdiyini, Puerto Vallarta, Guadalajara (GDL) və Manzanillo (ZLO) istiqamətinə və oradan olan 37 reysi isə ləğv etdiyini bildirib.

Şirkət sözçüsü əlavə edib ki, bunun nəticəsində Kalgaridə 11 reys təsirlənib.

Şirkət yaxın iki gün ərzində bu istiqamətlərə səyahət edən sərnişinlər üçün çevik dəyişiklik siyasətinin tətbiq edildiyini, hazırda həmin ərazilərdə olan sərnişinlərin isə rəsmi göstərişlərə əməl edə bilmələri üçün qalma müddətinin uzadılması istiqamətində iş aparıldığını bildirib.

Sərnişinlərə hava limanına yollanmazdan əvvəl uçuş statusunu yoxlamaq tövsiyə olunur.

Meksika prezidenti sakitliyə çağırıb

Meksika Prezidenti Klaudia Şeinbaum bazar günü vətəndaşları sakit qalmağa və məlumatlı olmağa çağırıb. O, ölkədə ən çox axtarılan cinayətkarlardan biri olan narkotik kartel lideri Nemesio Osegueranın öldürülməsinə səbəb olan əməliyyatdan sonra vəziyyətin nəzarətdə saxlanıldığını bildirib.

Hərbi əməliyyatdan sonra silahlı şəxslər bir neçə ştatda magistral yolları bağlayıb və biznes obyektlərini yandırıblar.

“Xaotik və sürətlə dəyişən vəziyyət”

Foto: CTV News

B.C. əyalətindən olan Ryan Voutilainen bazar günü evinə qayıtmalı idi, lakin hazırda Airbnb-də sığınacaqda qalır.

O bildirib ki, ilk olaraq yaxınlıqdakı bir hoteldə qalan dostundan turistlərin çox istifadə etdiyi əsas küçədə yandırılan avtomobillərin videosunu alıb. Daha sonra R.Voutilainen binanın damına çıxaraq motosikletlə gələn şəxslərin avtomobili yolayrıcına itələyib yandırdığını və yaxınlıqdakı mağazanı talan etdiyini gördüyünü deyib.

O, olduğu yerdə özünü nisbətən təhlükəsiz hiss etdiyini, lakin qeyri-müəyyənliyin narahatlıq yaratdığını bildirib: “Onların nə edəcəyini bilmirsən. Hazırda burada vəziyyət çox xaotikdir və sürətlə dəyişir”.

Kanada narahatlığ ifadə edir

Kanadanın Xarici İşlər naziri Anita Anand bildirib ki, Kanada Meksikanın Jalisko ştatında, o cümlədən Guadalajara və Puerto Vallarta ətrafında “ciddi və sürətlə dəyişən” təhlükəsizlik vəziyyətini yaxından izləyir.

O, federal hökumətin zorakılıq xəbərlərindən “dərin narahatlıq” keçirdiyini və Kanada Xarici İşlər Nazirliyininrəsmilərinin yerli hakimiyyət orqanları ilə sıx əlaqədə olduğunu bildirib: “Xaricdəki kanadalıların təhlükəsizliyi bizim ən yüksək prioritetimizdir və buna görə yenilənmiş səyahət xəbərdarlığı yayımlayırıq”.

Manşetdəki foto: New York Times

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar