“Niyə öz gənclərimizi işlərdən kənarlaşdıraraq onları kasıb ölkələrdən gətirilən, az maaşlı xarici işçilərlə əvəz edirlər?”
Mühafizəkarların lideri Pyer Poliyevr Müvəqqəti Əcnəbi İşçi Proqramının (TFW) ləğv olunmasını tələb edir. O, bildirib ki, bu proqram bazarı ucuz işçi qüvvəsi ilə “dolduraraq” gənc kanadalıların iş tapmasını çətinləşdirib: “Liberallar cavab verməlidirlər ki, niyə öz gənclərimizi işlərdən kənarlaşdıraraq onları kasıb ölkələrdən gətirilən, az maaşlı və son nəticədə istismar olunan müvəqqəti xarici işçilərlə əvəz edirlər”.
Liberal hökumət əcnəbi işçiləri istismar edir
Mühafizəkarlar bildirirlər ki, onlar Müvəqqəti Əcnəbi İşçi proqramını ləğv etmək istəyirlər, lakin doldurulması həqiqətən çətin olan kənd təsərrüfatı işləri üçün ayrıca bir proqram yaradacaqlar. Hazırda Kanadada fermerlər üçün Meksika və digər Karib ölkələrindən işçilərin gətirilməsinə imkan verən ayrıca Kənd Təsərrüfatı İşçi Proqramı (SWAP) mövcuddur.
P.Poliyevr vurğulayıb ki, o, müvəqqəti xarici işçilərin özlərini deyil, onları istismar edən Liberal hökuməti və “liberal korporativ elitaları” günahlandırır. Mühafizəkar deputat Mişel Rempel Garner bildirib ki, bir vaxtlar gənc kanadalılar başlanğıc işlərdə mühüm bacarıqlar qazanır, təhsil haqlarını ödəmək üçün kifayət qədər qazanır və gələcək qururdular: “Bunun əvəzində isə işəgötürənlər bacarıqlı yerli işçi qüvvəsi formalaşdırırdılar. Amma liberallar bu sistemi pozdular”.
Bu il 105,000 müvəqqəti işçi qəbul edilib
P.Poliyevr əlavə edib ki, liberallar 2025-ci ildə TFW-lərin sayını 82,000-lə məhdudlaşdıracaqlarını vəd etsələr də, hökumət artıq 105,000 müvəqqəti işçini qəbul edib: “Əgər qarşıdakı altı ayda da ötən altı ayda verdikləri qədər icazə versələr, yenidən rekord qıracaqlar”.
Liberal hökumət isə bəyanatla çıxış edərək, mühafizəkar liderin göstərdiyi rəqəmlərin “dəqiq və tam olmadığını” bildirib.
İmmiqrasiya naziri Lena Diabın ofisi açıqlama yayıb ki, yanvar-iyun ayları arasında ölkəyə yalnız 33,722 TFW daxil olub. Bu da ilin sonuna gözlənilən ümumi sayın təxminən 40 faizini təşkil edir.
Hökumət əlavə edib ki, bu il ərziində indiyədək verilən 105,000 icazəyə ölkədə artıq mövcud olan müvəqqəti işçilər üçün icazələrin uzadılması da daxildir.
Foto: The Canadian Press/Sammy Kogan
















