Kəmalə Şiriyeva: “Adətləri tamamilə fərqli ölkədə uşaq böyütmək qəhrəmanlıqdır”
Dünən Torontoda “Qloballaşma və multikultiralizm şəraitində milli-mənəvi dəyərlər: kimlik, yaddaş və gələcək nəsillər” mövzusunda ictimai müzakirə keçirildi. Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi (Azerbaijan Cultural and Education Centre) və Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (Azerbaijani Women’s Support Centre) təşkilatçılığı ilə düzənlənən tədbirdə məruzəçilər milli-mənəvi dəyərlərimizi qorumaq yönündəki çətinliklərdən və çıxış yolllarından danışdılar.
“Bir insan öz ana dilini nə qədər yaxşı bilirsə, o qədər millidir”
Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin həmsədri Elsevər Səmədov başqa ölkələrdə yaşayan həmyerlilərimizlə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı mövzuların müzakirəsinə böyük ehtiyac olduğunu bildirdi: “Qeyri-rəsmi məlumata görə, təkcə Torontoda 9 min azərbaycanlı, bütün Kanada üzrə isə 180 min azərbaycanlı yaşayır. Bu, kifayət qədər böyük rəqəmdir və gənclərimizin mədəniyyətimizi, kimliyimizi gələcək nəsillərə daşıması üçün görə biləcəyimiz tədbirlər barədə düşünməliyik. Dil, din, adət-ənənələr, geyim, musiqi, rəqs milli-mənəvi dəyərləri özündə ehtiva edir”.
E.Səmədov sadalanan faktorlardan ən önəmlisinin ana dili olduğunu və dilin millətin kimliyində önəmli yer tutmasından danışdı: “Bir insan öz ana dilini nə qədər yaxşı bilirsə, o qədər millidir”.
“Vətən sevgisinin haqqını verməliyik”
Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin İdarə Heyətinin üzvü Minirə Babayeva mərkəzin fəaliyyəti, milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı gördükləri işlərdən danışdı: “Çalışırıq ki, Kanadada, xüsusilə Torontoda yaşayn həmvətəlnlərimiz milli kimliyimizi unutmasınlar. Elə etməliyik ki, qloballaşan dünyada uşaqlarımız da milliliyimizi qoruyub saxlasın”.
İlahiyyatçı Əkbər Məcidov vətən sevgisindən söz açdı və hər birimizin bu sevginin haqqını verməli olduğumuzu qeyd etdi. Natiq çıxışını filosof Fərabinin sözləri ilə bitirdi: “Güclü toplumunuzun olmasını istəyirsinizsə, toplumu düşünəcəksiniz və toplum üçün nə etmisiniz sualına cavab verəcəksiniz”.
“Adətləri tamamilə fərqli ölkədə uşaq böyütmək qəhrəmanlıqdır”
“Azərbaycan-Türk Kanada Asossasiyası”nın rəhbəri, psixoloq Kəmalə Şiriyeva adət-ənənələri fərqli olan ölkədə uşaqları tərbiyə etməyin çətinliyindən danışdı: “Xüsusilə də yeniyetməlik dövrünü yaşayan uşaqları tərbiyə etmək çox çətindir. Adətən valideynlər övladlarının tərbiyəsində nəsə səhv olanda özlərini qınayırlar. Amma mən deyərdim ki, adət-ənənələri tamamilə fərqli ölkədə yeniyetmə uşağı böyütmək qəhrəmanlıqdır. Bədənlərində, hormonlarında dəyişiklik gedən uşaqları tərbiyə etmək fırtınalı, çox çətin mərhələdən keçmək deməkdir. Bu dövrdə uşaqlarla münasibətdə ehtiyatlı olmaq lazımdır. Fərqli mədəniyyətlərin yer aldığı ölkədə yaşadığımız üçün bəzən uşaqlarımıza qadağalar qoyur, təzyiq göstəririrk. Təzyiqlə qarşılaşan uşaqlarda isə daha çox yalan danışmaq istəyi yaranır”.
K.Şiriyevanın sözlərinə görə, psixoloqlar müəyyən ediblər ki, xaricdə yaşayan valideynlər kollektiv yaddaşı, milli adət-ənənələri ötürmək üçün uşaqlarına təzyiq göstərməməli, onlara dostcasına yanaşmalı, gözəl münasibət qurmalıdırlar: “Yalnız bu halda uşaqlar valideynlərini dinləyə, onlara güvənə, inana bilərlər”.
“Valideynlərin bir-biri ilə münasibəti uşaqların dəyərlərimizi daşımasında mühüm rol oynayır”
Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin rəhbəri Nazilə İsgəndərovanın sözlərinə görə, ailədə valideynlərin bir-biri ilə ünsiyyəti, münasibəti uşaqların davranışlarında, onların adət-ənənələrimizi, dəyərlərimizi daşımasında mühüm rol oynayır: “Bir ailədə qadına hörmət varsa, o ailədə hər şey yaxşı olacaq, uşaqlar mental olaraq sağlam böyüyəcək, dəyərlərimizi, milli kimliyimizi daşıya biləcəklər. Uşaqlarda davranış problemi varsa, bu, valideynlərdən qaynaqlanır. Hər bir ailə başçısı öz ailəsini qoruya bilsə, xanımı ilə münasibətlərini sağlam saxlaya bilsə, o ailədə uşaqları tərbiyə etmək, dəyərlərimizi aşılamaqla bağlı problem olmayacaq”.
“Dilini, mədəniyyətini bilməyən uşaqlar boşluğa düşür”
20 ildir Toronto Təhsil Mərkəzinin nəzdindəki “Azərbaycan dili sinfi”nin müəllimi kimi çalışan Yeganə Cəfərova xaricdə yaşayan övladlarımızın ana dillərindən qopmalarının ölümcül xəstəliklərdən belə pis olduğunu bildirdi. Onun sözlərinə görə, belə uşaqlar özlərini tapmağa çalışır, bunun üçün bir bağlılıq axtarırlar: “Dilini, mədəniyyətini bilməyən uşaqlar boşluğa düşür və əksərən özlərini itirirlər. Bu baxımdan övladlarımızı soy-köklərinə bağlı böyütməliyik”.
“Diaspora fəaliyyətimiz hələ inkişaf etməyib”
Jurnalist, publisist, Bakı tarixinin tədqiqatçısı Fuad Axundov Azərbaycan və Kanada multikulturalizminə toxundu. O, Azərbaycanın Kanadadan fərqli olaraq əzəldən multikulturalist ölkə olduğunu və bu səbəbdən də azərbaycanlıların yerləşdikləri ölkələrdə özlərinə daha tez yuva qura bildiklərini dedi: “Bircə dənə diaspora fəaliyyətimiz hələ inkişaf etməyib. Səbəbi qonşularımızdan fərqli olaraq həmişə öz tarixi torpaqlarımızda yaşadığımızdan diaspora fəaliyyətinə, özümüzü tanıtmağa ehtiyacımızın olmamasıdır”.
F.Axundov çoxşaxəli bir cəmiyyətdə özümüzə yuva qurmaq üçün “qlobal düşünərək lokal hərəkət etməyin” vacibliyini vurğuladı: “Biz öz dilimizi də, mədəniyyətimizi də, tariximizi də burada təbliğ etməliyik. Amma təbliğatın maraqlı bir növü var ki, bizdə o qədər də inkişaf etməyib. Bakı ilə Toronto arasında yaşadığıma görə buradakı dəyişikləri tez tuturam. Son zamanlar Torontoda türk restoranlarının sayının artığını görmək məni bir türk, azərbaycanlı kimi sevindirməyə bilməz. Amma Azərbaycan restoranlarının da sayının çoxalmasını arzulayıram. Hər bir insanın ürəyinə yol qarnından keçir. Bu baxımdan hər bir mədəniyyəti, sivilizasiyanı təbliğ etməyin mexanizmlərindən biri həmin ölkənin, xalqın milli mətbəxidir. Mətbəximizin zənginliyi digər mədəniyyətlərə nisbətən bizə böyük üstünlük verir. Amma təəssüf ki, biz bundan hələ lazımınca istifadə etmirik. Düşünürəm ki, bu da gələcəyin işidir. Burada kəmiyyət-keyfiyyət məsələsi var. Kəmiyyət artdıqca gec-tez keyfiyyət dəyişikliyi də olacaq”.
Evdə Azərbaycan musiqilərini yüksək səslə dinləyin və kinolarımıza baxın
Azərbaycan rəqslərinin mahir ifaçısı Qəmər Peyğəmbəri gənc ailələrə məsləhət gördü ki, evdə uşaqlara Azərbaycan musiqisini dinlətsinlər: “Düzdür, uşaqlar musiqimizin fəlsəfəsini, dərinliyini həmən başa düşməyəcəklər və bəzən dinləmək istəmədiklərini deyə bilərlər. Amma siz Azərbaycan musiqilərini yüksək səslə dinləməyə davam edin. Çünki bu, onların yaddaşlarında qalacaq və zamanı gələndə onlar da öz uşaqlarına dinlədəcəklər”.
“CanAzerbaijan.com” saytının həmtəsisçisi İsmayıl Məmmədov bildirdi ki,
multikultural və liberal dəyərləri olan Kanadada öz övladlarımızı azərbaycanlı kimliyi ilə böyütmək, tərbiyə etmək üçün ilk növbədə onlarla öz doğma ana dilimizdə danışmalıyıq: “Azərbaycan filmlərinə birlikdə baxmaq və daha sonra onları müzakirə etmək onların Azərbaycan dəyərlərini mənimsəməsinə çox kömək edər. Həmçinin gündəlik həyatda, Qəmər xanımın dediyi kimi, Azərbaycan musiqilərini dinləmək dilimizin unudulmaması üçün bir vasitədir. Biz evdə bunları təcrübədən keçiririrk və nəticəsini görürük”.
Sonda dilçi alim Solmaz Kazımova və ədəbiyyatşünas Qardaşxan Əzizov şeirləri ilə tədbir iştirakçılarının qəlblərini oxşadılar.






















