Mütəxəssislərin fikrincə, bəzi kanadalılar daha yaxşı viza imkanları üçün deyil, yaşayış tərzi və gələcək təhlükəsizlik üçün daşınmaz əmlak yatırımı yolu ilə vətəndaşlıq əldə etməyə maraq göstərirlər.
Şərqi Karib dənizində yerləşən beş ölkə artıq yalnız sonsuz çimərlikləri ilə tanınmır. Həm də xarici ölkə vətəndaşlarını ev almağa və ya ianə etməyə təşviq edən vətəndaşlıq proqramları (CBI – Citizenship by Investment) geniş yayılıb.
CBI proqramı təklif edən ölkələrə Antiqua və Barbuda, Dominika, Sent-Kits və Nevis, Sent-Lusiya və Qrenada daxildir.
Karib ölkələri vaxt keçirmək üçün gözəl yerdir
Böyük Britaniyada vətəndaşlıq və yaşayış üzrə ixtisaslaşan “Latitude Consultancy” şirkətinin icraçı direktoru Erik Mejor CTVNews.ca-ya bildirib ki, Karibdəki CBI proqramı ilk dəfə 1980-ci illərin ortalarında Sent-Kits və Nevisdə başlayıb və zamanla ikinci vətəndaşlıq almaq üçün geniş yayılıb.
Sözügedən proqram müraciətçilərə ya hökumət tərəfindən təsdiqlənmiş daşınmaz əmlaka investisiya qoymaq, ya da milli fonda ianə etmək imkanı verir. E.Mejorun sözlərinə görə, kanadalılar və amerikalılar əsasən daşınmaz əmlak yolunu seçirlər: “Bu, vaxt keçirməkdən məmnun qalacaqları bir yerdir”.
Vətəndaşlığa gedən yol
E.Mejor vətəndaşlığa müraciət üçün müştərilərdən çoxlu şəxsi məlumat təqdim etmək tələb olunduğunu deyib: “Buna görə də lisenziyalı şirkətlə işləməlisiniz. Müraciət sənədi 10 santimetrlik qalınlıqdadır – tibbi yoxlama, keçmiş arayışlar, maliyyə vəsaitlərinin sübutu və şəxsiyyəti təsdiqləyən müsahibə daxildir”.
Hökumət müraciəti təxminən 3-9 ay ərzində nəzərdən keçirir və qərar verir. Bu müddət ərzində müstəqil yoxlama şirkəti müraciət məlumatlarını təsdiqləyir.
Təsdiq aldıqdan sonra, müraciətçi investisiyanı tamamlamaq məcburiyyətindədir (minimum 270,000 – 300,000 ABŞ dolları), daha sonra vətəndaşlıq şəhadətnaməsi və pasport əldə olunur.
Vətəndaşlığı satın almaq?
E.Mejor bildirib ki, “vətəndaşlığı satın almaq” ideyası ilə bağlı bəzi narahatlıqlar olsa da, bu proqramlar kiçik ada ölkələri üçün əsas iqtisadi alət rolunu oynayır. “Bəzi ölkələrdə bu, Ümumi Daxili Məhsulun 50 faizini təşkil edə bilər. Bu adalarda turizmdən başqa iqtisadi fəaliyyət yaratmaq üçün çox az imkan var”.
Əksər müraciət edənlər üçün bu proses daha yaxşı pasport deməkdir. E.Mejor bildirib ki, müraciət edənlərin çoxu viza azadlığı baxımından zəif pasportlara malik Nigeriya, Pakistan və ya Vyetnam kimi ölkələrdəndir: “Karib pasportları Avropa İttifaqı, Birləşmiş Krallıq və Sinqapur daxil olmaqla 150-dən çox ölkəyə vizasız giriş imkanı verir. Amma kanadalılar fərqlidir. Onların pasportları onsuz da güclüdür. Ona görə də onların motivasiyaları adətən bu üç səbəbdən biri olur: yaşayış tərzi, vergi planlaşdırması və ya “B planı” kimi daxildə və ya xaricdə sabitlik pozulduğu halda, təhlükəsizliklərinə zəmanət qazanmaqdır”.
JH Marlin Law şirkətinin vətəndaşlıq üzrə hüquqşünası Cennifer Hardinq-Marlin bildirib ki, kanadalı və amerikalılar arasında ikinci vətəndaşlıq almaq istəyənlərin sayı artır. “Ənənəvi Florida və ya Kuba əvəzinə alternativ istirahət yerləri axtaranlar çoxalır. Karib ölkələri daha çox populyarlaşır”.
Kanada ikiqat vətəndaşlığı qəbul edir
Kanadalılar üçün Karib CBI proqramlarında iştirak edərkən qanuni bir məhdudiyyət olmadığını deyən Hardinq-Marlin bildirib ki, Kanada qanunları çoxlu vətəndaşlığa icazə verir: “Vergi ödəmək baxımından diqqətli olmaq lazımdır. Pasport sahibi olmaq sizi vergi ödəyicisi etmir. Vergi verməyi müəyyən edən amil Kanadada keçirdiyiniz vaxtdır. Əgər 6 ay və ya daha çox zamanı Kanadada qalırsınızsa, bu zaman vergi ödəməlisiniz. Əgər bir şəxs hələ də Kanadada bank hesabı, sürücülük vəsiqəsi və ya şəxsi əlaqələri saxlayırsa, vergi orqanları bunu araşdıra bilər”.
Harding-Marlin əlavə edib ki, CBI və RBI (Residency by Investment – investisiya yolu yaşayış) fərqli anlayışlardır: “RBI, qızıl viza kimi də tanınır, xaricilərə daşınmaz əmlaka, biznesə və ya dövlət istiqrazlarına investisiya qoymaqla daimi yaşayış icazəsi verir, vətəndaşlıq yox. Ona görə də vergi statusunuzu dəyişməzdən əvvəl mütləq peşəkar məsləhət alın”.
Karibdə yeni qaydalar
Şərqi Karib Vətəndaşlıq Tənzimləmə Təşkilatının (ECCIRA) təklif etdiyi yeni qanuna qəsaən, 1 iyul 2025-ci ildən etibarən vətəndaşlıq alan şəxsin ilk 5 il ərzində ən azı 30 gün fiziki olaraq həmin ölkədə olması şərtdir. Əgər vətəndaş bu şərti əsaslı səbəb olmadan yerinə yetirməzsə, hökumət sərmayənin 10 faizi qədər cərimə tətbiq edə və pasportun ləğvi üçün proses başlada bilər.
Kanadada investisiya ilə immiqrasiya
E.Mejor bildirib ki, Kanada investisiya əsaslı vətəndaşlıq proqramını bərpa etməlidir. 2014-cü ildə əvvəlki hökumət tərəfindən ləğv edilən bu proqram, zəngin şəxslərə Kanada daimi yaşayış hüququ verirdi. Ancaq hazırkı qlobal qeyri-sabitliklər və iqtisadi təzyiqlər Kanadanı bu sahəyə geri qaytara bilər: “İkinci vətəndaşlıq indi artıq yalnız inkişaf etməkdə olan ölkələrin insanları üçün deyil. Ən böyük bazarımız ABŞ vətəndaşlarıdır. Bu proqramlar Kanada üçün yeni gəlir yeri sayıla və zəngin, biznes sahibi və mütəxəssisləri cəlb etmək baxımından imkanlar yarada bilər”.
















