Fraser İnstitutu hesab edir ki, bina tikintisi üçün icazə müddəti və tikintini bahalaşdıran rüsumlar azaldılmalıdır
Əksər ontariolular Torontodakı mənzil böhranından xəbərdardır. Ontarionun digər şəhərlərdə də əlçatanlıq Kanadanın demək olar ki, heç bir yerində olmadığı qədər sürətlə pisləşir.
Fraser İnstitutunun yeni araşdırmasında qeyd edildiyi kimi, Ontarionun şəhərləri ev almaq baxımından ölkənin ən əlçatmaz bölgələri arasında yer alıb.
Məsələn, 2014–2023-cü illər arasında Oşava, Hamilton, Barrie, Kitçener-Kembric-Vaterloo və Brantford kimi şəhərlərdə mənzil xərcləri gəlirlərdən qat-qat sürətlə artıb. Nəticədə, 2023-cü ildə bu şəhərlərin hər biri orta səviyyədə bir ev almaq baxımından (orta gəlirli ailə üçün) Kanadada ən əlçatmaz 10 böyük şəhərdən biri olub. Bu şəhərlərdə yaşayan ailələr üçün mənzil almaq demək olar ki, mümkünsüz hala gəlib.
Brantfordda 2023-cü ildə orta gəlirli bir ailə bir otaqlı, yarımotaqlı və ya kondominiumun 20% ilkin ödənişi üçün 136 min 880 dollar yığmalı idi. Bu isə 27.3 aylıq vergi sonrası gəlir deməkdir. Halbuki 10 il əvvəl, 2014-cü ildə bu ilkin ödəniş 50 min 200 dollar və ya cəmi 12.6 aylıq gəlir idi. İlkin ödəniş isə sadəcə ilk maneədir.
2023-cü ildə Brantfordda evin aylıq ipoteka ödənişi (20% ilkin ödəniş və 25 illik amortizasiya ilə) 3,517 dollar idi. Bu da ailənin vergi sonrası gəlirinin 70.1%-i deməkdir. Bu isə ailənin əlavə dəstək, valideyn köməyi və ya kirayəçi gəliri olmadan qarşılayacağı real bir məbləğ deyil. Müqayisə üçün, 2014-cü ildə bu ödəniş 1,065 dollar idi, yəni gəlirin cəmi 26.7%-i.
Ontarionun digər şəhərlərində də vəziyyət oxşardır
Guelph, St. Catharines, Peterborough, Vindsor və London kimi şəhərlərdə adi bir evin 20%-lik ilkin ödənişi artıq iki ildən çox vergi sonrası gəlir tələb edir və ipoteka ödənişləri ailənin illik gəlirinin 60%-dən çoxunu aparır. Bir çox ailələr üçün belə evlər əlçatmazdır.
Həmişə belə olmayıb
Məsələn, Vindsor şəhəri 2014-cü ildə ipoteka ödənişlərinin gəlirə nisbəti üzrə Kanadada ən əlçatan 7-ci böyük şəhər idi. 2023-cü ildə isə 23-cü yerə düşdü. London 8-ci yerdən 21-ci yerə, St. Catharines-Niaqara isə 13-cü yerdən 25-ci yerə geriləyib.
Səbəb nədir?
Kanadada mənzil əlçatanlığını pisləşdirən əsas faktorlar bunlardır:
- Yeni ev tikintisini ciddi şəkildə üstələyən tarixi miqrasiya artımı. Nəticədə mənzilə tələbat qəflətən böyüyüb;
- Vergi sonrası gəlirlərin ləng artımı;
- Tikinti prosesinə mane olan süründürməçilik.
Qeyd edək ki, Ontario əyalətindəki şəhərlərdə tikinti icazələri Kanadanın digər şəhərlərinə nisbətən daha uzun çəkir. Məsələn, Hamiltonda ev tikdirmək üçün 31 aya, Ottavada 16.9 aya icazə ala bilirsiniz. Digər əyalətlərdəki böyük şəhərlərlə müqayisə edək: Vankuverdə bu, 7.7 ay, Edmontonda 3.4 ay çəkir.
Ontarionun bəzi şəhərlərində yeni tikilən evlər üçün alınan rüsumlar da çox yüksəkdir. Yeni tikilən çoxmərtəbəli bina üçün rüsumlara nəzər salaq: Hamilton – 59,600$, Ottava – 38,100$, London – 27,200$.
Müqayisə üçün digər əyalətlərin böyük şəhərlərinə nəzər yetirək: Kalqari – 11,100$, Halifaks – 8,000$, Vinnipeq – 6,300 dollar.
Bu gecikmələr və yüksək rüsumlar tikinti xərclərini artırır və nəticədə Ontario ailələri üçün daha az ev və daha yüksək qiymətə gətirib çıxarır.
Doğrudur, mənzil böhranı bütün Kanadada var, amma Ontario əyalətində (yalnız Torontoda deyil, digər şəhərlərdə də) bu, xüsusilə gözə çarpır.
Fraser İnstitutu hesab edir ki, yerli siyasətçilər ailələr üçün ev almağı yenidən mümkün etmək istəyirlərsə, bina tikintisi üçün icazə müddəti və tikintini bahalaşdıran rüsumları azaltmalıdırlar.
















