Ontario 2050-ci ilə qədər 6 minlik yeni həbsxana yeri əlavə etməyi planlaşdırır. “The Canadian Press” ba barədə məlumat paylaşıb. Məlumata görə, təxminən 2 min məhbus yer sayından artıqdır. Bu isə 5 böyük həbsxanaya bərabərdir.
Məhbusların artımının səbəbləri bunlardır: məhkəmə sistemində yığılıb qalan işlər, məhkəməni gözləyən şəxslərin həbsdə saxlanılması, məhbusların daha uzun müddət həbsdə qalması, girov qanunvericiliyində dəyişikliklər və əhali artımı.
Birinci mərhələdə 2032-ci ilə qədər 1,170 yeni yer yaradılacaq. Bu tədbirlərə 1.2 milyard dollarlıq Thunder Bay yeni həbsxana kompleksinin tikintisi, həmçinin Brockville, Kemptville və Napanee şəhərlərində yeni və ya genişləndirilmiş obyektlər və Niagara, Milton və Sudburydə modul həbsxanaların qurulması daxildir.
1-ci mərhələ həddindən artıq dolu müəssisələrdə qismən rahatlama təmin edəcək. Lakin növbəti 10 il ərzində məhbusların sayının artacağı gözlənildiyi üçün əlavə 3,500–4,500 yer hələ də tələb olunur.
2-ci mərhələdə 2033–2041-ci illər arasında altı ərazidə təxminən 1,500 yer yaradılacaq. 3-cü mərhələdə isə 2040–2050-ci illər arasında əlavə 2,000–3,000 yer tikiləcək.
Həbs cəmiyyətin rifahını artırmaq üçün ən bahalı və ən səmərəsiz üsuldur
Ottava Universitetinin kriminologiya üzrə professoru Castin Piç rəqəmləri görəndə şok olduğunu deyir. C.Piç qeyd edir ki, hazırda həbsxanaların illik istismar xərci təxminən 1.5 milyard dollardır və yeni yerlər istifadəyə veriləndən sonra bu rəqəm 2 milyard dollardan çox olacaq: “Həbsxana tikintisi üzrə araşdırma aparan biri kimi deyə bilərəm ki, bu, düzgün istiqamət deyil. Həbs cəmiyyətin rifahını və təhlükəsizliyini artırmaq üçün ən bahalı və ən səmərəsiz üsuldur”.
Həbsxanalarda sıxlıq illərdir problemdir
2023-cü ilin sentyabrında əyalət həbsxanalarında orta hesabla 8,889 nəfər olub, halbuki maksimum tutum 7,848 nəfər idi. Bu, həbsxanaların 113% d olması demək idi.
Həbsxana işçilərini təmsil edən birlik qeyd edib ki, bəzi müəssisələrdə üçmərtəbəli çarpayı sistemi tətbiq olunur, hücumlar artır və həbsxana əməkdaşları psixoloji çətinliklərlə üzləşirlər.
Son məlumatlara görə, Ontarionun həbsxanaları artıq 130% dolub. Sudbury həbsxanasında isə bu göstərici 165.7%-ə çatıb.
















