Nəqliyyat naziri Prabmeet Sarkaria dünən King şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, əlavə 938 kilometr magistral yolda sürət limiti artırılacaq.
Dəyişikliklər cümə günündən etibarən Şərqi Ontario bölgəsindəki 401 və 416 nömrəli magistralların bəzi hissələrində qüvvəyə minəcək. Sentyabr ayının sonunadək isə 401, Queen Elizabeth Way (QEW), 402, 403, 416 və 417 nömrəli magistralların digər hissələrində də yeni sürət həddi tətbiq olunacaq.
P.Sarkaria bildirib ki, bu addım ailələrin, işə gedib-gələnlərin və işçilərin səyahət vaxtını azaltmağa kömək edəcək və milyonlarla sürücüyə fayda verəcək.
Nazirin sözlərinə görə, dəyişikliklər tam tətbiq edildikdən sonra Ontarionun əyalət magistral yollarının təxminən 89 faizində sürət həddi 110 km/saat olacaq. Hazırda bu göstərici 43 faizdir.
2024-cü ilin payızında Ontario Baş naziri Daq Ford hökumətin təhlükəsiz hesab edilən yollar üçün sürət həddinin artırılmasını araşdırdığını açıqlamışdı. Bu qərar 2022-ci ildən və 2024-cü ilin yayında həyata keçirilən pilot layihələrin nəticələrinə əsaslanır.
Hökumətin hesablamalarına görə, sürət həddinin artırılması Sarnia–Toronto marşrutu üzrə səfəri təxminən 20 dəqiqə, Toronto–Ottava marşrutunu isə təxminən 30 dəqiqə qısalda bilər.
Hazırda tikilməkdə olan Bradford Bypass və Highway 413 yolları da başlanğıcdan 110 km/saat sürət həddi nəzərə alınaraq layihələndirilir.
Sarkaria vurğulayıb ki, qərarın əsas məqsədi təhlükəsizliyi qorumaqdır. O qeyd edib ki, son iki ildə artıq 800 kilometrdən çox magistralda sürət həddi 110 km/saata qaldırılıb və həmin ərazilərdə ölümcül qəzaların sayında artım qeydə alınmayıb.
Foto: Canva