[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontarionun 1,5 milyon yeni ev hədəfi reallıqdan uzaqlaşır

Ontario hökumətinin yeni büdcəsi qarşıdakı üç il ərzində mənzil tikintisinin zəif tempdə gedəcəyini proqnozlaşdırır ki, bu da Ontarionun baş naziri Daq Fordun (Doug Ford) 2031-ci ilə qədər 1,5 milyon yeni ev tikmək hədəfinə çatmaq ehtimalını getdikcə azaldır.

Gələn il hədəfin dörddə birinə çatılacaq

Büdcəyə əsasən, 2025-ci ildə 71,800, 2026-cı ildə 74,800 və 2027-ci ildə 82,500 yeni mənzil tikintisinə başlanılması gözlənilir.

Hədəf müəyyən olunduqdan sonra keçən üç il ərzində faktiki olaraq cəmi 260,000 mənzilin tikintisinə başlanılıb. Əgər 2025 və 2026-cı illər üçün proqnozlaşdırılan rəqəmləri də əlavə etsək, gələn ilin sonuna qədər – yəni hədəf müddətinin yarısında – əyalət hədəfin cəmi dörddə birinə çatacaq.

“Hökumət hədəfə çatmayacağını etiraf etməlidir”

“More Neybours” Toronto adlı könüllülərdən ibarət mənzil təşviqi təşkilatının prezidenti Erik  Lombardi deyir ki, hökumət bu hədəfə çatmayacağını açıq şəkildə etiraf etməlidir. Lombardi büdcədə mənzillə bağlı tədbirləri təsirsiz hesab edir və bildirir ki, bu, Ford hökumətinin mənzil məsələsində əvvəlki vədlərindən imtina etdiyini göstərir.

Modul mənzil tikintisinə 50 milyon dollar

2025-ci il büdcəsində mənzillə bağlı əsas yeni tədbir bələdiyyələrin su və digər infrastruktur layihələrini dəstəkləmək üçün mövcud proqramlara əlavə 400 milyon dollar ayrılmasıdır.

Bundan başqa, əyalət modul mənzil tikintisi sahəsində potensialını artırmaq üçün 5 il ərzində 50 milyon dollar ayırmağı öhdəsinə götürüb.

Ontario bələdiyyələri tikinti hədəflərinə çata bilməyib

Büdcədə hökumətin mənzil planının əsas elementi olan və 2023-cü ildə elan edilən “Building Faster Fund” (Daha Sürətli Tikinti Fondu) ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb. Bu fond 3 il ərzində illik tikinti hədəflərinə çatan bələdiyyələrə ümumilikdə 1,2 milyard dollar vəd edir.

Fondun ilk ili olan 2024-cü ildə bu vəsaitdən cəmi 280 milyon dollar paylanılıb, çünki Ontario bələdiyyələrinin yarısından çoxu 2023-cü il üçün tikinti hədəflərinə çata bilməyib.

Hökumət tikinti göstəricilərini yeniləməyib

Hökumət 2024-cü ilin oktyabrından bəri tikinti göstəricilərini yeniləməyib. Həmin dövrə qədər – ilin doqquz ayında – cəmi 50 bələdiyyədən 11-i illik planını yerinə yetirib.

CBC News mənzil naziri Rob Flackın sözçüsünə müraciət edərək, niyə göstəricilərin yenilənmədiyini və nə vaxt ictimaiyyətə açıqlanacağını soruşsa da, cavab ala bilməyib. Büdcə günü maliyyə naziri Peter Bethlenfalvi bildirib ki, hökumət hələ də 1,5 milyon yeni ev hədəfinə sadiqdir. Bethlenfalvi 2025 və 2026-cı illər üçün aşağı salınan tikinti proqnozlarını əsasən ABŞ-ın tətbiq etdiyi tariflərlə izah edib: “Gəlin açıq danışaq, bütün dünyada tariflər mənzil tikintisinə təsir edib”.

Yaşlılar üçün qulluq müəssisələri yeni ev kimi hesablanır

Ancaq Ontarioda mənzil tikintisində geriləmə Trampın yenidən hakimiyyətə qayıtmasından və tarif tətbiqindən əvvəl başlayıb. Keçən ilin büdcəsində 2024-cü ildə 87,900 yeni tikinti başlanacağı gözlənilirdi, lakin bu ilin büdcəsinə əsasən faktiki rəqəm 74,600 olub.

Ford hökuməti öz hədəflərinə yaxınlaşmaq üçün rəsmi tikinti statistikalarından bir qədər yüksək rəqəmlər göstərir, çünki onlar yaşlılar üçün uzunmüddətli qulluq müəssisələrinin yeni yerlərini də yeni ev kimi hesablayırlar.

Bethlenfalvinin fikrincə, baş nazir Mark Carney rəhbərliyində federal hökumətdən mənzil üçün maliyyənin daha asan və şərtsiz gələcəyi gözlənilir: “Ümidliyəm ki, federal hökumət bizimlə tərəfdaşlıq edəcək və bu da daha çox evin tikilməsinə səbəb olacaq”.

Ontario Daşınmaz Əmlak Assosiasiyanın prezidenti Kathy Polan büdcədəki tədbirləri “mənzilyönümlü addımlar” kimi qiymətləndirərək hökuməti alqışlayıb: “İndi vaxtdır ki, hökumət bu istiqamətdə işini davam etdirsin və ontariolular üçün mənzil əlçatanlığını bərpa edən siyasətləri dəstəkləsin”.

Müxalifət tərəfdən isə büdcə günü ən sərt tənqid Yaşıllar Partiyasının lideri Mayk  Şreinerdən gəlib: “Bu büdcə mənzil əlçatanlığı böhranını həll etməyə cəhd belə etmir”.

Yazı CBC Nyusdan tərcümə edilib.

Foto: Reuters

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar