[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Peyvənd zədəsi və ölümü ilə bağlı 3,000-ə yaxın iddiadan yarısına baxılmayıb – ARAŞDIRMA

“İctimaiyyət görür ki, peyvəndlərlə bağlı problem yarananda heç bir dəstək verilmir”

Pandemiya dövründə ciddi və daimi zədə alan şəxslərə kompensasiya ödəmək məqsədilə yaradılmış federal hökumət proqramı – Peyvənd Zədəsi Dəstək Proqramı (VISP) – “uğursuzluğa düçar olub” və “bu, etimadın pozulmasıdır”, – deyə müxalifət partiyaları bildirir.

“Global News”un mövzu ilə bağlı beş ay davam edən araşdırması – 30-dan çox keçmiş və hazırkı “Oxaro” şirkətinin işçiləri, zərərçəkmiş iddiaçılar və onların vəkilləri ilə aparılmış müsahibələr əsasında – ortaya çıxarıb ki, “Oxaro” şirkəti proqramın məqsədini tam yerinə yetirmək üçün lazımi hazırlığa malik olmayıb. Həmçinin, Kanada İctimai Sağlamlıq Agentliyinin (PHAC) nəyə görə məhz bu şirkəti seçdiyi və ümumilikdə proqramın pis planlaşdırıldığı barədə suallar doğurur.

Qeyd edək ki, “Oxaro” Kanada hökuməti tərəfindən Peyvənd Zədəsi Dəstək Proqramının (VISP) idarə olunması üçün seçilən konsaltinq şirkətidir.

3,000-ə yaxın iddiadan hələ yarısına belə baxılmayıb

Federal hökumət artıq VISP proqramının düzgün idarə olunub-olunmadığını müəyyən etmək üçün Ottavada yerləşən konsaltinq şirkətinə qarşı audit başladıb. “Global News”un iyulun 3-də yaydığı məlumata görə, PHAC rəsmiləri iyunun ortalarında xəbərdarlıq etmədən Oxaro şirkətinin ofislərinə baş çəkiblər.

Mühafizəkar deputat Matt Strauss deyib: ““Global News”un xəbərindən görünür ki, insanlar adekvat kompensasiya almırlar və belə ciddi bir proqramda “oyun meydançası” mühiti təsviri insanı şoka salır və məyus edir”. Strauss hazırda Nümayəndələr Palatasının səhiyyə komitəsinin üzvüdür və deputat seçilməzdən əvvəl Haldimand-Norfolk bölgəsində reanimasiya həkimi və səhiyyə rəsmisi kimi çalışıb.

O əlavə edib ki, ən dəhşətli fakt 3,000-ə yaxın iddiadan hələ yarısına belə baxılmamasıdır: “Bu, şokdur, yolverilməzdir. Bu, etimadın pozulmasıdır”.

Kanada Səhiyyə Nazirliyinə görə, COVID-19 peyvəndindən sonra ciddi mənfi təsirə dair 11,702 hadisə qeydə alınıb. Bu isə 2023-cü ilin dekabrına qədər tətbiq edilmiş 105,015,456 dozanın cəmi 0.011 faizinə bərabərdir.

Hökumət kanadalılara söz vermişdi ki…

Müvəqqəti NDP lideri Don Davies deyib: “Hökumət kanadalılara söz vermişdi ki, əgər peyvəndlərlə bağlı hər hansı zədə və ya ölüm olarsa, tam şəkildə kompensasiya olunacaqlar. Mən deyərdim ki, Liberal hökumətin tətbiq etdiyi proqram kanadalıları tam şəkildə yarı yolda qoyub”. Toronto Universitetinin bioetika üzrə mütəxəssisi Kerry Bouman isə eyni narahatlığı ifadə edərək bildirib: “Mən dəhşətə gəlmişəm. Bu qədər bərbad idarə olunması dəhşətlidir”.

Keçmiş baş nazir Castin Trudo 2020-ci ilin dekabrında VISP proqramını elan etmişdi. Altı ay sonra fəaliyyətə başlayan proqram, 2020-ci il dekabrın 8-dən sonra ölkədə tətbiq edilən və Health Canada tərəfindən təsdiq olunmuş istənilən peyvənddən daimi və ciddi şəkildə zərər görmüş şəxsləri dəstəkləməyi hədəfləyirdi.

Qəbul olunmuş iddiaçılara birdəfəlik zədə və ya ölüm ödənişləri, davamlı gəlir dəstəyi və tibbi xərclərin geri ödənməsi təklif olunurdu.

Lakin Kanada bu proqramı ABŞ, Birləşmiş Krallıq, Fransa və Almaniyadan fərqli olaraq dövlət qurumuna deyil, özəl sektora həvalə etdi. 2021-ci ilin martında hökumət bu işi idarə etmək üçün Raymond Chabot Grant Thornton Consulting Inc.-i – hazırda Oxaro Inc. adlanan şirkəti – seçdi.

“Oxaro” nə deyir?

Proqram başladıqdan dərhal sonra çətinliklər yaşanmağa başladı. “Global News”un araşdırması göstərib ki, proqram zədə alanlara “ədalətli və vaxtında” maliyyə dəstəyi vədi verməsinə baxmayaraq, bu vədi yerinə yetirə bilməyib. Beş ay davam edən bu araşdırma keçmiş VISP işçiləri, zərərçəkmiş şəxslər və onların vəkilləri ilə söhbətlərə əsaslanır və bu şəxslər proqramın düzgün idarə olunmadığını, iddiaçıların özlərini tərk edilmiş, diqqətdən kənarda və hətta istismar olunmuş hiss etdiklərini bildirirlər.

Oxaro “Global News”a e-poçtla cavab verərək bildirib ki, bu proqram yenidir və planlaşdırıldığından daha çox müraciət daxil olduğuna görə əməliyyatlarını uyğunlaşdırıblar.

15 səhifəlik sual siyahısına cavab olaraq şirkət bildirib: “VISP yeni və tələbat əsaslı proqramdır, müraciət və apellyasiya sayları əvvəlcədən məlum deyil və dəyişkəndir”.

Oxaro əlavə edib: “Proqramın prosesləri, prosedurları və heyəti planlaşdırılandan daha çox müraciət qəbul edildiyi üçün uyğunlaşdırılıb. Oxaro və PHAC proqramın həm mövcud iş yükünü idarə etməsi, həm də büdcə çərçivəsinə uyğun qalması üçün sıx əməkdaşlıq edirlər”.

Şirkət bildirib ki, müraciətlərin mürəkkəbliyi də prosesi ləngidə bilər: “Dəstəyə və uyğunluğa dair qərarın vaxtı iddianın təbiəti və mürəkkəbliyindən asılı olacaq. Bütün müraciətlər mütəxəssis həkimlər tərəfindən ayrıca qiymətləndiriləcək. Bu prosesə bütün tibbi sənədlərin və sübutların nəzərdən keçirilməsi daxil olacaq”.

PHAC isə bildirib ki, Oxaro ilə olan beşillik müqavilə yenidən nəzərdən keçirilir və gələn il yenilənməsi gözlənilir.

“Vəziyyət insanların peyvəndlərə qarşı etimadsızlığını daha da artıracaq”

Bouman qeyd edib ki, bu vəziyyət insanların peyvəndlərə qarşı etimadsızlığını daha da artıracaq: “İctimaiyyət artıq görür ki, peyvəndlərlə bağlı problem yarananda heç bir dəstək verilmir. Məncə, bu, artan peyvənd tərəddüdünü daha da qızışdıracaq. Bu, hamımız üçün problemli bir haldır”.

Strauss və Davies həmçinin bu VISP proqramını pandemiya dövründəki ArriveCan tətbiqi ilə müqayisə ediblər və şəffaflıq çağırışı ediblər.

Strauss deyib: “ArriveCan tətbiqi və indi də VISP proqramı ilə bağlı bizə şəffaflıq və məsuliyyət lazımdır ki, nə baş verdiyini öyrənək və kanadalılar ictimai səhiyyə proqramlarına yenidən etibar edə bilsinlər”.

Davies də ArriveCan proqramını daha geniş bir problemin nümunəsi kimi göstərib: “Bu, Liberal hökumətin son on ildə qarşılaşdığı daha böyük problemin bir hissəsidir – yəni, xarici məsləhətçilərə həddindən artıq etibar”.

O əlavə edib: “Mən istəyirəm ki, bu proqram birbaşa Səhiyyə Nazirliyi tərəfindən idarə olunsun. Onlar heç olmasa nazirə və vergi ödəyicilərinə cavabdehdirlər. Əgər özəl məsləhətçilər bu işi düzgün yerinə yetirə bilmirsə, qoy bunu dövlət qulluqçuları etsin”.

Foto: Nathan Denette/The Canadian Press

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar