Amerikada aparılan tədqiqat bunu sübut edir
JAMA Network Open jurnalında dərc olunan araşdırmaya görə, pestisidlərin geniş istifadə edildiyi qolf meydançalarına yaxın yaşayanlarda Parkinson xəstəliyinə tutulanlar çoxluq təşkil edir.
Tədqiqatın müəlliflərindən biri, Nyu-Yorkdakı Atria Sağlamlıq və Tədqiqat İnstitutunda yerləşən Beyin və Ətraf Mühit Mərkəzinin direktoru və nevroloq Dr. Ray Dorsey bildirib ki, qolf meydançasından 1,6 kilometr (1 mil) məsafədə yaşayanlarda parkinson xəstəliyinə tutulma riski, 9,6 kilometr (6 mil) uzaqda yaşayanlara nisbətən 126 faiz yüksəkdir: “Bu, Parkinson xəstəliyi ilə pestisidlər arasında əlaqəni sübut edən ilk araşdırma deyil. Sadəcə, əlavə sübutdur ki, bu, təkcə fermerlər arasında baş vermir, qolf meydançalarına yaxın qəsəbələrdə yaşayan insanları da ris altına alır. Pestisidlər passiv siqaret çəkmək kimidir. Nəfəs alarkən və ya içdikləri sudan bu maddələri qəbul edə bilərlər”.
Dr. Dorsey qeyd edir ki, pestisidlərin Parkinson xəstəliyinə səbəb olması ilə bağlı o qədər geniş tədqiqat aparılıb ki, bu əlaqə artıq sadəcə ehtimal deyil, xəstəliyin səbəblərindən biridir.
Bu tədqiqat ABŞ-da aparılıb və qolf meydançalarında istifadə olunan paraquat (herbisid) və maneb (fungisid) kimi bəzi pestisidlər parkinson riski ilə əlaqələndirilib. Bu pestisidlər Kanadada qadağan edilib, lakin araşdırmada qeyd edilir ki, digər pestisidlərin istifadəsinə hələ də icazə verilir.
Pestisidlər və Parkinson xəstəliyi
Parkinson xəstəliyi tədricən irəliləyən nevroloji pozuntudur. O, adətən əzələ titrəməsi, sərtlik, tarazlıq və hərəkət koordinasiyasında çətinliklərlə müşayiət olunur.
Parkinson Canada təşkilatına görə, Kanadada 110,000-dən çox insan bu xəstəliklə yaşayır və bu rəqəmin əhalinin yaşlanması ilə artacağı gözlənilir.
Hazırda bu xəstəliyi müalicə edən və ya inkişafını yavaşladan dərman yoxdur.
Parkinson Canada təşkilatının baş direktoru Dr. Karen Lee deyir ki, xəstəliyin səbəbi hələ tam aydın deyil, lakin tədqiqatlar onun genetik və ətraf mühit faktorlarının kombinasiyası nəticəsində yarandığını göstərir: “Bu, bəlkə də ideal bir fırtına kimidir. Yəni genetik olaraq Parkinson xəstəliyinə meylli ola bilərsiniz və əgər uyğun mühitdə yaşayırsınızsa, bu, xəstəliyin başlamasına səbəb ola bilər”.
Fermalarda və kənd təsərrüfatı işçiləri arasında bu risk illərlə tədqiq edilsə də, qolf meydançaları kimi şəhərətrafı mənbələrdən gələn pestisid təsiri daha az araşdırılıb.
Tədqiqat necə aparılıb
Tədqiqat Mayo Klinikası tərəfindən aparılıb və 1991–2015-ci illər arasında Rochester Epidemiologiya Layihəsinin məlumatları əsasında hazırlanıb. Analizlər 2024-cü ilin iyun-avqust aylarında həyata keçirilib.
Tədqiqatçılar Parkinson diaqnozu qoyulmuş 419 nəfərin və sağlam olan 5,000-dən çox şəxsin tibbi və ətraf mühit məlumatlarını təhlil ediblər. Onlar Minnesota və Viskonsin əyalətlərində yerləşən 139 qolf meydançasına yaxınlıqla bağlı yaşayış tarixçələrinə baxıblar.
Ən yüksək risk qolf meydançasına 1-3 mil məsafədə yaşayanlarda müşahidə olunub. 1 mil məsafədə yaşayanlarda xəstəliyə tutulma ehtimalı 126 faiz yüksək olub.
Məsafə artdıqca risk azalıb
Parkinsonun yaranmasına yalnız məsafə deyil, içməli suyun növü də təsir edən faktor olub. Qolf meydançası olan ərazilərdə yeraltı su mənbələrindən su içənlərin Parkinson xəstəliyinə tutulma ehtimalı, belə ərazilərdə olmayanlara nisbətən demək olar ki, iki dəfə yüksəkdir.
Əgər yeraltı su “həssas” kateqoriyaya daxildirsə (torpaq növü və ya dayaz qaya qatına görə çirklənməyə meyillidirsə), risk daha da artır.
Tədqiqatçılar bildirir ki, bu, pestisidlərin torpaqdan keçərək yeraltı su mənbələrini çirkləndirməsi ilə bağlı ola bilər. Riskin yüksək qalması, hətta su faktorları nəzərə alındıqdan sonra da, havada yayılan pestisid hissəciklərinin də rol oynadığını göstərir.
Dr. Lee nəticələrin təəccüblü olmadığını deyir və bunun sadəcə böyük bir tapmacanın daha bir parçası olduğunu vurğulayır.