Sultanhüseyn Qasımzadə: “Orta məktəbi bitirən bir çox məzun artan borc öhdəliyini nəzərə alaraq universitetə qəbul olunmaqdan çəkinə bilər”
Xəbər verdiyimiz ki, tələbələr yeni tədris ilindən Ontario Tələbə Maliyyə Dəstəyi Proqramının (OSAP – Ontario Student Assistance Program) maksimum 25 faizini qrant (geri qaytarılmayan vəsait), minimum 75 faizini isə kredit şəklində (geri ödənməli vəsait) ala biləcəklər. Qeyd edək ki, hazırda tələbələr maliyyə yardımının maksimum 85 faizini qrant kimi, minimum 15 faizini isə kredit kimi ala bilirlər. Yeni qərara əsasən, özəl təhsil müəssisələrində oxuyanlar OSAP-dan 100 faiz borc alacaqlar.
Qeyd edək ki, Kanadanın digər əyalətlərində təhsil alan aşağı gəlirli tələbələrə verilən təhsil yardımının 40-70 faizi qrantdır.
Tələbələr OSAP-dan əldə etdikləri pulla bahalı ətirlər və qol saatları alırlar?
Bu ilin sentyabrından qüvvədə olacaq qərar cəmiyyətdə birmənalı qarşılanmır və qərara qarşı fəal siyasi mübarizə gedir. Bir sıra siyasi partiyalar və tələbə qrupları “Save OSAP” (“OSAP-ı saxla”) kampaniyası və petisiyalarla qrant hissəsinin qorunması üçün səs verirlər və dəyişikliklərin geri çevrilməsi üçün təzyiq göstərirlər. Xüsusilə tələbələr arasında sosial media və kampaniyalarla narazılıq genişlənir və bəzi aksiya planları müzakirə olunur.
Ontario əyalətinin baş naziri Daq Ford çıxışında tələbələrin OSAP-dan əldə etdikləri pulla bahalı ətirlər və qol saatları aldıqlarını deyib.
OSAP-ın borc hissəsinin artırılması tələbələr üçün hansı problem yarada bilər və verilən qərarın gələcəkdə Ontarionun, Kanadanın təhsil sistemində hansı dəyişikliklərə səbəb ola bilər?
Tələbələrin həm maliyyə qayğıları artacaq, həm də psixi sağlamlıqları zədələnəcək

Toronto Universitetinin professoru, Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin İdarə Heyətinin üzvü Nazilə İsgəndərova CanAzerbaijan-a açıqlamasında bildirdi ki, OSAP sistemindəki son dəyişikliklər tələbələrin həm maliyyə qayğılarını artıracaq, həm də psixi sağlamlıqlarına mənfi təsir göstərəcək: “Maliyyə yardımının ən azı 75%-i kredit şəklində verilməsi məzunların daha böyük borc yükü ilə həyata başlamasına səbəb olacaq. Özəl kolleclərdə oxuyan tələbələr isə heç bir qrant ala bilməyəcək, onların bütün yardımı yalnız kreditlərdən ibarət olacaq. Nəzərə alsaq ki, Kanadada iqtisadi vəziyyət getdikcə pisləşir, artan borclar və gündəlik yaşayış xərclərini qarşılamaq tələbələrdə ciddi stress və narahatlıq yaradacaq. Bəziləri isə bu xərcləri qarşılamaq üçün çox işləməli olacaqlar. Bu da onların öz inkişaf və karyera sahəsində lazım olan bilik və bacarıqlarına ayırdıqları zaman hesabına baş verəcək. Məni narahat edən əsas məsələ həm də onların mental və emosinal sağlıqları və təhsil müəssisəsindən külli miqdarda borcla məzun olmalarıdır”.
Daq Fordun tələbələrin OSAP-dan aldıqları maliyyə ilə bahalı ətirlər və saatlar alması ilə bağlı fikrinə gəlincə, N.İsgəndərova bu bəyanatın sadəcə bir fikir olduğunu bildirdi: “Bu haqda məncə, hər hansı statistika və sübut olunmuş fakt yoxdur. OSAP-a müraciət edənlərin böyük əksəriyyəti yardıma ehtiyacı olan tələbələrdir. Əgər hökümətin belə bir narahatlığı varsa, müraciətləri daha ciddi araşdıra bilər”.

“Müştərilərimin 10 faizi məhz dövlətdən pul almaq üçün OSAP-a müraciət edir”“AY EduCa”nın rəhbəri Aynur Yusifovanın OSAP üçün ona müraciət edən müştərilərinin 90 faizi həqiqətən də təhsil alıb gələcək qurmaq istəyənlərdir: “Yalnız müştərilərimin 10 faizi təhsil almaq üçün deyil, məhz dövlətdən maliyyə yardımı almaq üçün OSAP-a müraciət edənlərdir. Hətta elə müştərilərim olub ki, dövlətdən maliyyə almaq üçün eyni kursu ayrı-ayrı kolleclərdə oxuyub”.
Qeyd edək ki, A.Yusifova Kanada kollec və universitetlərində təhsil almaq istəyənlərə OSAP-a müraciət üçün yardım edir. Müsahibimiz düşünür ki, verilən qərar xüsusilə övladları üçün narahat olan valideynlər üçün heç də faciəvi olmamalıdır: “Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, onsuz da valideynləri ilə yaşayan subay tələbələrə OSAP-dan daha çox borc verilirdi, nəinki qrant. Çünki OSAP verilərkən tələbənin subay olması ilə yanaşı, valideynlərin gəlirinə və tələbənin ev kirayəsi verib vermədiyinə baxılır. Bu zaman OSAP hesablanarkən borc hissəsi istər-istəməz daha çox çıxır. Bundan başqa, uşaqlar Kanadada yaşayırlarsa, kapitalizmin qaydalarına uyğun olaraq hələ orta məktəbdə oxuyarkən işləyib zəhmətə alışmalıdırlar. Zəhmətə alışdıqları üçün tələbə olarkən də işləyib gündəlik xərclərini qarşılaya bilərlər. Həmçinin təhsil müəssisəsini bitirib işləyəndən sonra aya 50-100 dollar ödəməklə 10 ilə yavaş-yavaş dövlətə olan borcunu qaytaracaq”.
A.Yusifova Ontario hökumətinin belə bir qərar verəcəyinin əvvəlcədən bəlli olduğunu bildirir: “Kanadada geniş miqyasda edilən heç bir sui-istifadə hallarına dövlət göz yummur. Gec-tez hansısa yeni qərarla, qanunla sui-istifadə hallarının qarşısını alır”.
Ontario hökumətinin belə bir qərar verməsinə sevindiyini deyən A.Yusifova bu qədər sui-istifadənin düzgün olmadığını düşünür: “Hökumət xeyli özəl kollecdə sui-istifadələrə görə proqramları bağladı. Amma yəqin ki, bütün sui-istifadə hallarını aradan qaldırmağa gücü çatmadığından belə bir qərar verdi. Düşünürəm ki, sözügedən qərarın tətbiqindən sonra daha çox şəffaflıq olacaq və həqiqətən oxuyub təhsil almaq istəyənlərin sayı çoxalacaq”.
Tələbələr nə düşünür?

Azərbaycan Kanada Gənclər Federasiyasının (Azerbaijani Canadian Youth Federation (ACYF)) rəhbəri Sultanhüseyn Qasımzadənin fikrincə, Ontario Baş naziri Daq Fordun OSAP ilə bağlı qəbul etdiyi son qərar tələbələr üçün ciddi mənfi nəticələr yarada bilər: “Təhsil maliyyəsinin borc hissəsinin birdən-birə 75 faizə yüksəlməsi və qarşılıqsız yardımın 25 faizə endirilməsi tələbələrin maliyyə yükünü əhəmiyyətli dərəcədə artıracaq. Reallıq ondan ibarətdir ki, OSAP vasitəsilə ayrılan vəsaitin böyük hissəsi tələbələrin şəxsi ehtiyaclarına deyil, kirayə, qida və digər zəruri xərclərə sərf olunur. Bu dəyişiklik xüsusilə maddi imkanı məhdud olan ailələrdən gələn gənclərin ali təhsil qərarına birbaşa təsir göstərə bilər. Orta məktəbi bitirən bir çox məzun artan borc öhdəliyini nəzərə alaraq universitetə qəbul olunmaqdan çəkinə və daha tez əmək bazarına yönələ bilər. Nəticə etibarilə, bu qərar ali təhsilin əlçatanlığını azalda və cəmiyyətin uzunmüddətli perspektivdə inkişafına mənfi təsir göstərə bilər”.
Hansı halda yeni qərar ləğv edilə bilər?
Qeyd edək ki, Ontario baş naziri Daq Ford sözügedən sahədə islahatların “dayanıqlı maliyyə üçün lazım olduğu” arqumentini irəli sürür.
Sözügedən qərarla bağlı hökumətin geri addım atması yalnız siyasi təzyiqin güclü olması, ictimai etirazların baş verməsi, parlamentarilərin də işə qarışması halında mümkün ola bilər. Yaxud Ontarioda növbəti seçkidə siyasi dəyişiklik olarsa, hakimiyyətə yeni gələn baş nazir sözügedən qaydanı ləğv edə bilər.
Kimlər OSAP-a müraciət edə bilər?
Qeyd edək ki, Kanada vətəndaşları, daimi sakinlər və ya İmmiqrasiya və Qaçqınların Müdafiəsi Qanununa əsasən qorunan şəxslər OSAP-a müraciət edə bilərlər. Bundan əlavə, tələbə Ontario sakini olmalıdır. Bu isə aşağıdakı hallardan birini nəzərdə tutur:
- Tələbənin son 12 ay ardıcıl yaşadığı əyalət Ontario olmalıdır;
- Tələbə evlidirsə və ya kiminləsə yaşayırsa, həyat yoldaşının son 12 ay ardıcıl yaşadığı əyalət Ontario olmalıdır (tam ştatlı ali təhsil dövrü istisna olmaqla);
- Tələbə asılı (valideynlərdən asılı) subay tələbədirsə, valideyn(lər)inin son ən azı 12 ay ardıcıl yaşadığı əyalət Ontario olmalıdır.
















