44 yaşlı Edmonton sakini Praşant Srikumar xəstəxananın təcili yardım şöbəsində 8 saatdan çox gözlədikdən sonra bu həftənin bazar ertəsi vəfat edib. O, şiddətli sinə ağrısı ilə iş yerindən Grey Nuns Hospitalına aparılıb, müayinələr edilərək vəziyyətinin ağırlıq dərəcəsi ölçülüb. Lakin ona zalda oturub növbəsini gözləməyi məsləhət görülüb.
“Globalnews”un yazdığına görə, qısa müddət sonra atası Kumar Srikumar da xəstəxanaya gəlib: “Mənə dedi ki, “ata, bu ağrıya dözə bilmirəm””.
Kumarın sözlərinə görə, oğlu həm ona, həm də xəstəxana işçilərinə ağrının 10 üzərindən 15 səviyyəsində olduğunu deyib. Ürəyin fəaliyyətini yoxlamaq üçün ona elektrokardioqram (EKQ) edilib, lakin ailənin dediyinə görə, Praşantda ciddi bir problem olmadığı bildirilib və gözləməyə davam etməsi istənilib. Tibbi personal ona ağrıkəsici Tylenol da təklif edib. Kumar deyib ki, mütəmadi olaraq tibb bacıları Praşantın qan təzyiqini yoxlayırdılar: “Hər dəfə ölçdükdə təzyiqinin daha da artdığını görürdük”.
Səkkiz saatdan çox vaxt keçdikdən sonra Praşant nəhayət müalicə otağına çağırılıb: “Müalicə otağında təxminən 10 saniyə oturduqdan sonra mənə baxdı, ayağa qalxdı, əlini sinəsinə qoydu və yerə yıxıldı. O an həyatını itirdi”, – atası bildirib.
Tibb bacıları kömək çağırsa da, artıq gec idi. Praşant təcili yardımda 8 saat gözlədikdən sonra ehtimal olunan ürək tutması nəticəsində dünyasını dəyişib. O, geridə həyat yoldaşını və 3, 10 və 14 yaşlarında üç övladını qoyub.
Ailə üzvləri və dostları şiddətli sinə ağrıları ilə təcili yardıma çatdırılan insanın bu qədər diqqətdən kənarda qalmasının necə mümkün olduğu ilə bağlı hospitaldan cavab istəyirlər.
Kovenant Health tərəfindən idarə olunan Grey Nuns Hospitalın “Global News”a göndərdiyi elektron məktubda məxfilik səbəbilə pasiyentə göstərilən tibbi xidmətin detalları barədə şərh verməyəcəyini, işin Baş Tibbi Ekspertiza İdarəsinin baxışında olduğunu qeyd edib.
Ailəsi Praşantı həyatlarına gətirdiyi bütün gözəlliklərlə xatırlamağa çalışsalar da, onun 8 saat ağrı içində həkim belə görmədən bir xəstəxanada dünyasını dəyişməsini unutmayacaqlar.
“Mənim balamı heç nəyə görə əlimdən aldılar. Heç nəyə görə”, – atası deyib.
















