York Region və Böyük Toronto Ərazisinin bəzi hissələrində baş vermiş 20 ev oğurluğunda iştirak etməkdə şübhəli bilinən mütəşəkkil “cinayət turizmi” qrupunun dörd üzvü saxlanılıb.
York Regional Polisi bildirib ki, “cinayət turizmi” dedikdə mütəşəkkil cinayət qruplarının turist kimi ölkəyə qanuni şəkildə daxil olaraq koordinasiyalı cinayətlər törətməsi nəzərdə tutulur: “Biz bunu əsasən ev oğurluqları, diqqəti yayındıraraq oğurluq etmə və depozit fırıldaqları (məsələn, həyət asfaltlama və dam təmiri xidmətləri adı altında) formasında görürük”.
Polisin iddiasına görə, Çilidən olan şübhəlilər əsasən evlərin zirzəmi hissəsindəki arxa şüşə qapılardan daxil olub, nağd pul, bahalı geyimlər, zinət əşyaları və silah oğurlayıblar.
2026-cı ilin aprelində ardıcıl ev oğurluqları ilə bağlı “Project Towns” adlı araşdırma başladılıb. İstintaqda dönüş nöqtəsi bu ilin mayın 13-də, gecə saat 22:00 radələrində Van şəhərində Clark Avenue və Dufferin Street yaxınlığından gələn oğurluq çağırışından sonra baş verib. Hadisə yerinə gələn polis əməkdaşları şübhəli avtomobili aşkar edib və üç nəfəri saxlayıblar. Həmin gün daha sonra Toronto və Mississauqadakı evlərdə axtarış aparılıb.
Polisin məlumatına görə, əlavə bir şübhəli də saxlanılıb, oğurlanmış əşyalar, oğurluq alətləri və radio siqnallarını bloklayan cihaz müsadirə olunub. Saxlanılan şəxslərdən ikisi başqa işlərlə bağlı məhkəmə nəzarəti altında azadlıqda olub.
Çili vətəndaşları olan 24 yaşlı Jose Rikardo Varqas Sepulveda, 24 yaşlı Rodriqo Ariel Korria Paredes, 44 yaşlı Danil Aleksis Karrasko Kruses və 27 yaşlı Roz Mari Monroy Sepulveda müxtəlif ittihamlarla üzləşiblər.
York polisi vebsaytlarında vətəndaşlara oğurluqdan sığortalanmaq üçün məsləhətlər də verib. Məsləhətələti yrp.ca saytından oxuya bilərsiniz.