Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü münasibətilə bu gün Toronto Şəhər Meriyasının qarşısında ənənəvi və sonuncu Bayraq Qaldırma mərasimi keçirildi.
Qeyd ed’k ki? 2006-cı ildən bəri hər il may ayının sonunda təşkil olunan tədbirdə Kanada azərbaycanlıları bir araya gələrək Müstəqillik Gününü qeyd etdilər.
Tədbir Azərbaycanın Kanadadakı Səfirliyinin müvəqqəti işlər vəkili Vüsal Süleymanovun çıxışı ilə başladı. Daha sonra Kanada Parlamentinin üzvü Rob Olifant və Toronto Şəhər Şurasının üzvü Ceyms Pasternak və Türkiyənin Torontodakı konsulu Can Yoldaş çıxış etdi.
Mərasim çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin xatirəsi anıldı.Kanada Azərbaycan İncəsənət Mərkəzinin yaradıcılarından olan Naznaz Sadıqova Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyətindən danışdı.
Azərbaycan Kanada Gənclər Şəbəkəsinin (Azerbaijani Canadian Youth Network) rəhbəri Fəridə Ələkbərli Azərbaycan bayrağının tarixindən, 1991-ci il ikinci müstəqillik dövrümüzə çatana kimi keçdiyi çətinliklərdən danışdı.
Tədbirdə Toronto Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili Sinfinin şagirdləri “Qaval” rəqsini ifa etdilər.
Sonda Azərbaycan himninin sədaları altında üçrəngli bayrağımız Toronto Meriyasının qarşısında ucaldıldı.
Qeyd edək ki, 20 ildir Toronto Şəhər Meriyasının qarşısında davam edən bu ənənə Toronto Şəhər Şurasının qərarı ilə artıq gerçəkləşməyəcək. Qərara görə, dekabrın 1-i 2026-cı ildən etibarən Toronto Meriyası qarşısında xarici dövlətlərin bayraqları qaldırılmayacaq. Bu qərarın əsas səbəbi kimi müxtəlif xarici ölkə bayraqlarının qaldırılmasının Toronto icmaları arasında siyasi və geosiyasi gərginlik yaratdığı göstərilib.