“Bu vəziyyət daha 4-5 həftə davam edəcək”
Mövsümi allergiyadan əziyyət çəkənləri bu il daha çox göz yaşarması, burun axması və allergiya simptomları gözləyə bilər. Çünki Böyük Toronto Ərazisində (GTA) artıq bu yaz “polen partlayışı” müşahidə olunur.
Aerobiologiya Araşdırma Laboratoriyasını direktoru Daniel Koats “CTV News Toronto”ya bildirib ki, hazırda bütün GTA və Ontarionun böyük hissəsində havada normalda görülməyən dərəcədə yüksək polen səviyyəsi var.
Bunun əsas səbəbi isə adətən daha erkən polen yayan sidr və ağcaqayın kimi ağacların bu il gec polen yaymasıdır. Nəticədə onların polenləri ağcaqovaq, palıd, söyüd və digər ağacların polenləri ilə eyni vaxta düşüb və havada böyük polen sıxlığı yaranıb.
D.Koats ehtimal edir ki, bu vəziyyət daha 4-5 həftə davam edəcək.
Ekspertlər qeyd edir ki, bu dövr iyun ayının ortalarında başlayan ot allergiyası mövsümü ilə də üst-üstə düşəcək.
Vestern Universitetinin klinik immunologiya və allergiya bölməsinin dosenti Dr. Samira Ceim isə bildirib ki, allergiyaya səbəb olan ağac polenləri küləklə çox uzaq məsafələrə daşına bilir. Onun sözlərinə görə, polen ABŞ-ın cənub-qərb və cənub-şərq bölgələrindən havaya qalxaraq Ontarionadək gəlib çıxır və insanlara təsir edir.
Kanadada ən ağır allergiya mövsümü yaşayan şəhərlər
Araşdırmaya görə, Kanadada ən ağır allergiya mövsümü yaşayan şəhərlərin ilk beşliyində Vindzor, Hamilton, Berri və Kinqston yer alır. Toronto isə ilk 10-luqda olsa da, şəhərdəki betonlaşma polen miqdarını bir qədər azaldır.
Bununla belə, hava çirkliliyi allergiya simptomlarını daha da ağırlaşdıra bilər.
Həkimlər bildirir ki, dizel tüstüsü və havadakı çirkləndirici hissəciklər polenlə birləşərək immun sistemini daha çox qıcıqlandırır. Meşə yanğınlarından yaranan kül və tüstü də nəfəs yollarında iltihabı artırır.
Araşdırma laboratoriyası son 35 ildə Kanadadakı polen səviyyəsini izləyib və bu müddətdə polen miqdarının iki dəfə artdığını açıqlayıb.
Ekspertlərin məsləhətləri:
- Gecələr pəncərələri bağlı saxlayın
- Çöldən gəldikdən sonra duş qəbul edin
- Yataq dəstlərini tez-tez dəyişin
- Evdə HEPA filter istifadə edin
- Açıq havada deyil, qapalı məkanda idman edin
- Ev heyvanlarını yatağa buraxmayın, çünki tüklərində polen daşıya bilirlər
Həkimlər həmçinin insanların ilk növbədə nəyə allergiyası olduğunu müəyyən etməsinin vacibliyini vurğulayırlar.