Qışın məşhur “qütb girdabı” ilə bu istiləri müqayisə edən Ətraf Mühit və İqlim Nazirliyinin meteoroloqu bu hadisəni “Bermud Yüksəyi” adlandırır. 2025-ci ilin ilk istilik dalğası Kanadanın şərqinə gələn həftə çatacaq. Temperaturun 40 dərəcədən çox hiss olunacağı gözlənilir. Ətraf mühit və İqlim Nazirliyinin baş klimatoloqu David Fillips deyir ki, “bu, qarşıdan gələn “tüstülü yay”dan xəbər verir”.
“Bermud Yüksəyi” nədir?
Bu hava kütləsi Ontario və Kvebek bölgələrinin cənub hissəsində yerləşəcək, bir tərəfdən Manitoba, digər tərəfdən Yeni Brunsvik bölgələrinə yayılacaq. Bu yarım-sabit subtropik yüksək təzyiq zonası adətən Atlantik okeanı üzərində qərb-şərq istiqamətində hərəkət edir, lakin bu dəfə daha çox qərbdə və şimalda yerləşir. Bu sistem cənubdan gələn isti havanı şimala doğru daşıyır.
Bahar yağışları nə rol oynayır?
Fillips qeyd edir ki, bu il normadan 30-40 faiz çox yağıntı olub. Bu da rütubəti artırır və nəticədə gündüz havanın 40 dərəcə və ya daha çox hiss olunmasına səbəb olacaq. Günəşin uzunmüddətli parlaması isə axşamlar sərin düşməsinə imkan verməyəcək. Gecələr temperatur 20°C-dən yüksək olacaq.
İstilik haraya qədər yayılacaq?
Atlantik vilayətlərində bu qədər ekstremal istilər gözlənilmir, ancaq Yeni Brunsvik bölgəsinin qərbində temperatur yüksələcək. Qərbi Kanada isə artıq isti və quru günlər keçirir. Meşə yanğınlarının tüstüsü vəziyyəti daha da ağırlaşdırır.
Temperatur bu həftəsonu və gələn həftə necə keçəcək?
Fillips bildirir ki, bu, üç günlük istilik dalğası olacaq – Toronto, Ottava və Montrealda orta temperatur 30 dərəcəyə, gecələr isə 21-23°C-yə qalxacaq. Rütubətlə birlikdə isə hiss edilən temperatur 40°C-dən yuxarı olacaq. Bu, normadan 8-9 dərəcə artıqdır.
Fillips əlavə edir ki, bu birinci istilik dalğasıdır, amma sonuncu olmayacaq: “Bu yay ərzində təkrar-təkrar bu cür havalar olacaq”.
Ekstremal istilik bədənə necə təsir edir?
İctimaiyyətə təqdim edilən temperatur kölgədə ölçülən temperaturdur. Birbaşa günəşə çıxmaq bədənin temperaturunu əlavə 7-10°C artırır. Bu isə bədən üçün çox ciddi stress yaradır. Fillips vurğulayır ki, bu, xəstəxanaya müraciətlərin artmasına səbəb olur: “Tənəffüs və ürək-damar problemləri artır.”
Hansı tədbirləri görmək lazımdır?
- Saat 10:00–14:00 arasında, günün ən isti vaxtlarında çöldə qalmayın;
- Susuzluq hiss etməsəniz belə bol sərin su için;
- Spirtli içki və kofein qəbulundan qaçın:
- Uşaqları və yaşlıları mütəmadi olaraq yoxlayın və kifayət qədər su içdiklərinə əmin olun.
Günvurmanın əlamətləri
Günvurmanın əlamətləri: baş gicəllənməsi və ya huşsuzluq, ürəkbulanma və ya qusma, baş ağrısı, sürətli nəfəsalma və ya ürək döyüntüsü, güclü susuzluq, sidiyin tünd sarırəngdə olması, əzələ spazmları (xüsusilə qollarda, ayaqlarda və ya qarında).
Foto: Xavier Xoiffic