Kanadaya yeni köçən immiqrantlar getdikcə daha sürətlə ev sahibi olurlar. Kanada Statistika Komitəsinin açıqladığı məlumata görə, 2018–2021-ci illər arasında yeni immiqrantlar arasında ev sahibliyi artdığı halda, Kanadada doğulan şəxslər arasında bu göstərici azalıb.
2017–2021-ci illər arasında daimi sakin statusu alan immiqrantların Kanadaya gəldikdən sonrakı ilk beş il ərzində ev sahibi olma göstəriciləri təhlil edilib.
Hesabat yeddi əyalətdə aparılan araşdırmaya əsaslanır və göstərir ki, mənzil qiymətlərinin artmasına və əlçatanlıq problemlərinə baxmayaraq, yeni gələnlər əvvəlki immiqrant nəsilləri ilə müqayisədə daha qısa müddətdə mənzil bazarına daxil olurlar.
Ontarioda daimi sakin statusu aldıqdan sonra beşinci ilində ev sahibi olan immiqrantların payı 2018-ci ildəki 35,7 faizdən 2021-ci ildə 40,2 faizə yüksəlib.
Eyni dövrdə 25–54 yaş arasında Kanadada doğulan şəxslər arasında ev sahibliyi göstəricisi 50,7 faizdən 47,8 faizə enib.
Araşdırma göstərir ki, Kanadada keçən vaxt ev sahibi olmaq baxımından mühüm rol oynayır. İmmiqrantların əksəriyyəti əvvəlcə kirayədə yaşayır, kredit tarixçəsi formalaşdırır və gəlirlərini artırdıqdan sonra ev alırlar.
Kanadada beş il yaşayan iqtisadi sinif üzrə immiqrantların ev sahibliyi göstəricisi artıq Kanadada doğulanlara yaxınlaşır. Məsələn, Britaniya Kolumbiyasında iqtisadi immiqrantlar arasında ev sahibliyi 40,1 faiz, Kanadada doğulanlar arasında isə 43,3 faiz olub.
Araşdırma həmçinin əyalətlər arasında fərqləri də ortaya qoyur. Dənizkənarı əyalətlərdə və Manitobada yeni immiqrantların ev sahibi olma göstəricisi Kanadada doğulanlarla müqayisə oluna biləcək səviyyədədir. Lakin Ontario, Alberta və Britaniya Kolumbiyasında yüksək mənzil qiymətləri səbəbindən yeni gələnlər hələ də geridə qalırlar.
Hesabatda qeyd olunur ki, daimi sakin olduqları ilk ildə ev sahibi olan immiqrantların 85 faizdən çoxu bundan əvvəl Kanadada beynəlxalq tələbə, müvəqqəti xarici işçi və ya sığınacaq üçün müraciət edən şəxslər olub.
Ev sahibi olma göstəriciləri immiqrasiya kateqoriyalarına görə də fərqlənir. Ən yüksək göstərici iqtisadi sinif üzrə immiqrantlarda, daha sonra ailə birləşməsi proqramı ilə gələnlərdə qeydə alınıb. Qaçqınlar arasında isə bu göstərici ən aşağı səviyyədədir.
Mənşə bölgələrinə görə isə Şərqi Asiyadan gələn immiqrantlar Ontario, Alberta və Britaniya Kolumbiyasında ən yüksək ev sahibliyi göstəricilərindən birinə malik olublar.
Bununla yanaşı, araşdırma göstərir ki, yeni immiqrantlar ev sahibi olsalar da, daha böyük maliyyə yükü ilə üzləşirlər. İlk dəfə ev alan immiqrantların gəlirləri adətən Kanadada doğulan alıcılardan aşağı olsa da, aldıqları evlər daha bahalı olur.
Britaniya Kolumbiyasında yeni immiqrantların aldığı evlərin orta qiyməti 660 min dollar, Kanadada doğulan alıcılar üçün isə 580 min dollar təşkil edib.
Hesabat göstərir ki, yeni gələnlər daha böyük ipoteka kreditlərinə üstünlük verir və təqaüd yığımlarından daha çox ev kapitalına sərmayə qoyurlar. Onlar ev aldıqları il Qeydiyyatdan Keçmiş Təqaüd Əmanət Planına (RRSP) vəsait yatırmağa Kanadada doğulan alıcılardan xeyli az meylli olurlar.
Araşdırmanın nəticəsinə görə, ev sahibi olmaq immiqrantların iqtisadi inteqrasiyasının vacib göstəricilərindən biri olaraq qalır. Lakin yüksək borc yükü və daha az pensiya yığımları səbəbindən yeni immiqrantlar mənzil bazarındakı qiymət dəyişikliklərinə qarşı daha həssas vəziyyətdədirlər.