[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada-ABŞ ticarət danışıqları baş tutmadı

Bir neçə həftə davam edən gərgin danışıqlardan sonra Kanada və ABŞ son anda ticarət razılaşmasında anlaşa bilməyib. Bu o deməkdir ki, Kanadadan ABŞ-a hər il göndərilən təxminən 28 milyard Kanada dolları dəyərində mallara yeni 50%-lik tariflər artıq qüvvəyə minib.

Kanada və ABŞ bu barədə cümə günü gecə ayrı-ayrı açıqlamalar yayıb.

Baş nazir Mark Karni bildirib ki, Kanada cavab tədbiri görəcək və “işçilərimizi və bizneslərimizi qorumaq üçün həmin tariflərə dollar-dollar eyni şəkildə cavab verəcəyik”.

M.Karni deyib ki, müəyyən irəliləyiş əldə olunub, amma bu, “kifayət qədər olmayıb”. Buna görə də ticarət danışıqları dayandırılacaq və Kanada işçiləri və biznesləri üçün əlavə dəstək tədbirləri görüləcək.

Baş nazir həmçinin bildirib ki, ABŞ-ın təklif etdiyi şərtlərdə son anda etdiyi dəyişikliklər ədalətsiz və iqtisadi baxımdan sərfəsiz olub və istənilən razılaşmanın etibarlılığı ilə bağlı suallar yaradıb.

ABŞ-ın Ticarət Nümayəndəsi Ceymisan Greer isə uğursuz danışıqları “əldən verilmiş fürsət” adlandırıb.

C.Greer açıqlamasında deyib: “Kanada bu həftənin əvvəlində razılaşdırılmış şərtlər əsasında ticarət razılaşmasını yekunlaşdırmaqdan imtina etdi. Halbuki ABŞ Kanadaya bizim bazarımıza ixrac edən əsas ölkələr arasında ən əlverişli şərtləri təklif etmişdi”.

C.Greerin sözlərinə görə, Kanadanın yeni tələbləri və əvvəl verdiyi bəzi öhdəliklərdən geri çəkilməsi son günlər ərzində əldə edilmiş razılaşmanın balansını pozub.

C.Greer bildirib ki, ABŞ polad, alüminium, avtomobillər və taxta məhsullarına tətbiq olunan tarifləri əhəmiyyətli dərəcədə azaltmağı təklif edib. Bunun qarşılığında isə Kanadadan müəyyən güzəştlər tələb olunub.

ABŞ həmçinin “tarixi iqtisadi və milli təhlükəsizlik tərəfdaşlığı” təklif edib və Kanada-ABŞ-Meksika Razılaşması (CUSMA) üzrə rəsmi danışıqların başlanmasını təklif edib.

Trump: “Danışıqlar irəliləyir”

Cümə günü danışıqların uğursuzluğundan əvvəl ABŞ Prezidenti Donald Trump daha nikbin danışmışdı. O, danışıqların “irəlilədiyini” demişdi.

Kanadanın Ticarət naziri Dominik LeBlank isə cümə axşamı jurnalistlərə hər iki tərəfin “çox yaxın olduğunu” söyləmişdi.

Əyalət rəhbərləri uğursuz danışıqlara reaksiya verdilər

Danışıqların intensivləşdiyi bu həftə Ontario baş naziri Daq Ford ABŞ spirtli içkilərinin satışına qoyulan qadağa ilə bağlı daha əvvəl çox sərt danışsa da, son günlər nisbətən sakit idi.

Lakin cümə günü verdiyi açıqlamada Ford bildirib: “Baş nazirin sərt cavab tədbiri görməsini tam dəstəkləyirəm — tarifə tarif, dollara dollar. Kanada komandası əvvəlkindən daha çox birlik nümayiş etdirməlidir”.

Britaniya Kolumbiyasının baş naziri David Ebi də xəbərə münasibət bildirib. O, taxta məhsullarına tətbiq olunan tariflərin azaldılmasını istəyirdi.

Ebi bildirib ki: “Kanadanın nəzakətli olması heç vaxt zəiflik kimi qəbul edilməməlidir. Biz bunu istəmədik, amma lazım olduğu qədər mübarizə aparmağa davam edəcəyik”.

Lakin Alberta Baş naziri Daniell Smiz daha narazı reaksiya verib. O, heç bir razılaşmanın əldə olunmamasından “dərin məyusluq” keçirdiyini bildirib və federal hökuməti danışıqları mümkün qədər tez yenidən başlatmağa çağırıb.

Foto CBC

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar