Təcili Tİbbi Yardımda 11 saatdan çox gözləyən Vinnipeq sakini vəfat edib

kanadada Tibb

Vinnipeqdə yaşayan bir ailə yaxınlarının ölümündən sonra aparılan araşdırmanın nəticələri açıqlanandan sonra cavabdan daha çox sualla üz-üzə qaldıqlarını deyir.

Steysi Ross yanvar ayında Vinnipeqin St. Bonifase Hospital xəstəxanasında bir neçə saat gözlədikdən sonra vəfat edəndə cəmi 55 yaşında idi.

Yanvarın 3-də S.Ross şiddətli sinə ağrısı hiss etdiyi üçün təcili yardım şöbəsinə müraciət edib. Onun bacısı Şeri Rossun sözlərinə görə, Steysi 12 saatdan çox gözlədikdən sonra ona xəstəliyinin virus olduğu bildirilib və evə göndərilib.

Lakin zaman keçdikcə vəziyyəti pisləşib və yanvarın 15-də eyni xəstəxanaya təcili yardım maşını ilə geri aparılıb. Bu dəfə isə xəstəxanaya qəbul edilməzdən əvvəl 11 saatdan çox gözləyib.

KT müayinəsi Steysinin ağciyərlərində pnevmoniya olduğunu göstərib. Lakin bundan qısa müddət sonra onun ürəyi dayanıb və o, vəfat edib.

Steysinin ölümü ilə bağlı kritik insident üzrə araşdırma başladılıb. Ölümündən səkkiz ay sonra araşdırmanın nəticələri ailəyə təqdim edilib.

“CTV News”un əldə etdiyi hesabatda bildirilir ki, araşdırma S.Rossun tibbi yardım almasında gecikməyə “bir neçə amilin” səbəb olduğunu müəyyən edib.

Hesabatda deyilir: “Uzun gözləmə müddətləri və müalicə üçün mövcud yerlərin çatışmazlığı nəticəsində Steysi həkim tərəfindən müayinə olunmazdan əvvəl təxminən 12 saatlıq gecikmə yaranıb”.

Hesabatda həmçinin qeyd olunur ki, troponin qan analizlərinin yüksək nəticələri lazımi qaydada müəyyən edilməyib və həkimlərə vaxtında bildirilməyib.

Araşdırmanın nəticələri, həmçinin S.Rossun sinə ağrısı ilə bağlı narahatlığının ölüm gecəsi həkimə çatdırılmadığını təsdiqləyib.

Xəstəxana təcili yardım şöbələrində gecikmələri azaltmaq üçün xəstələrin şöbədə hərəkətinin təşkilini yaxşılaşdırmağı, sıxlıq zamanı vəziyyəti ən ağır olan xəstələrin ilk növbədə qəbul edilməsini və kritik qan analizlərinin nəticələrinin tibb işçilərinə daha sürətli çatdırılmasını planlaşdırır.

Tövsiyələr arasında gözləyən xəstələrin tibb bacıları tərəfindən izlənilmə qaydasının dəyişdirilməsi də var. Məqsəd xüsusi təlim keçmiş tibb bacılarının xəstənin vəziyyətinin pisləşdiyini vaxtında müəyyən etməsi və tibbi komandaya dərhal məlumat verməsidir.

Manitoba səhiyyə naziri Uzoma Asagvara “CTV News”a bildirib ki, hesabatda verilən tövsiyələr “ciddi şəkildə” nəzərdən keçirilir və onların həyata keçirilməsi üçün göstəriş verilib.

Nazir açıqlamasında deyib: “Heç bir hesabat Steysi Rossun ailəsinin yaşadığı hadisəni geri qaytara bilməz. Lakin onlar dərslərin çıxarıldığını və lazımi tədbirlərin görüldüyünü bilməyə layiqdirlər”.

O əlavə edib ki, səhiyyə sistemi ilə əməkdaşlıq edərək təcili tibbi yardımı gücləndirmək, daha çox işçi və imkan yaratmaq, həmçinin səhiyyə xidmətlərinə çıxışı yaxşılaşdırmaq istiqamətində fəaliyyət davam etdiriləcək.

Winnipeg Regional Health Authority (WRHA) nümayəndəsi isə tövsiyələrin artıq həyata keçirildiyini bildirib.

Açıqlamada qeyd olunur ki, St. Boniface Hospital-ın təcili yardım şöbəsində ürəklə bağlı problemlərlə müraciət edən xəstələr üçün daha sürətli kardioloji konsultasiya təmin etmək məqsədilə hazırda kardioloq xidməti göstərir. İşçi heyətinin imkanları artdıqca bu xidmətin genişləndirilməsi planlaşdırılır.

Lakin Şeri Ross araşdırmanın nəticələrindən ailənin məyus və qəzəbli olduğunu deyir. “Onlar məsuliyyəti qəbul edirlər, amma bu, heç nəyi düzəltmir. Bunun baş verməsi məni çox qəzəbləndirir, çünki belə olmamalı idi”.

Şeri bildirib ki, bacısı dərhal və ya ən azı ağlabatan müddət ərzində tibbi yardım almalı idi: “O, müalicə almalı, həkim tərəfindən müayinə edilməli və ya onun üçün nəsə edilməli idi. 12 saat sonra yox”.

Şeri bacısının ölümündən danışmaqda davam edir və məqsədinin başqa insanların da oxşar itki ilə üzləşməsinin qarşısını almaq olduğunu deyir. Onun sözlərinə görə, hesabat ailənin hadisə ilə bağlı mənəvi rahatlıq tapmasını daha da çətinləşdirib və real dəyişiklik yaradacağına inanmır: “Mən bunu görmürəm. Ailəmdə heç kim bunu görmür. Bu hesabatın hansı məqsədlə hazırlandığını başa düşmürük. Heç bir dəyişiklik yoxdur. Çox məyusedicidir. Çünki bizə nə baş verdiyinə və bunun bir daha necə baş verməyəcəyinə dair cavablar veriləcəyi vəd edilmişdi”.

“İnsanlar ehtiyac duyduqlarından daha uzun müddət gözləməməlidirlər”

Winnipeg Regional Health Authority-nin məlumatlarına görə, Vinnipeqdə təcili yardım şöbələri və təcili tibbi yardım mərkəzlərində orta gözləmə müddəti son illərdə ümumilikdə artıb. 2021-ci ildə təxminən 2 saat olan gözləmə müddəti 2026-cı ilin iyulunda 4,4 saata yüksəlib.

Cümə günü günortadan sonra St. Boniface Hospitalda gözləmə müddəti 9 saat, şəhərin Grace Hospital xəstəxanasında isə 8,5 saat olub.

Kanada Tibb Assosiasiyasının (CMA) prezidenti Dr. Bolu Ogunyemi deyib ki, belə uzun gözləmə müddətləri ölkənin bir çox bölgəsində geniş yayılsa da, bunu normal vəziyyət kimi qəbul etmək olmaz. Onun sözlərinə görə, ilkin səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması təcili yardım şöbələrindəki uzun növbələri azaltmağa kömək edə bilər: “Daha çox ailə həkimi və ümumilikdə daha çox həkim hazırlamalı, eyni zamanda onları ölkədə saxlamağı bacarmalıyıq”.

O bildirib ki, digər ölkələrdən həkimlərin cəlb edilməsi də vacibdir, lakin əsas məsələlərdən biri mövcud həkimləri və yeni cəlb olunan mütəxəssisləri ölkədə saxlamaqdır: “Təcili hərəkət etməliyik. İnsanlar ehtiyac duyduqlarından daha uzun müddət gözləməməlidirlər. Səhiyyə xidmətlərinə çıxış məsələsində bütün imkanlarımızı səfərbər etməliyik”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar