Britaniya Kolumbiyasının Langford şəhərində problemlərlə üzləşən çoxmərtəbəli yaşayış binası ilk sakinlərini qəbul etdikdən cəmi 7 il sonra söküləcək.
11 mərtəbəli Ridgeview Place binası 2023-cü ilin aprelində, binada ciddi konstruktiv problemlər aşkar edildikdən sonra sonuncu dəfə boşaldılıb və o vaxtdan bəri boş vəziyyətdədir.
Langford şəhərinin meri Skott Qudmansonun sözlərinə görə, binanın sahibi “Centurion Apartment Properties” cümə axşamı şəhər rəhbərliyinə binanın sökülməsinin zəruri olduğunu bildirib: “Bu, icmamız üçün çox məyusedici xəbərdir. Langford şəhərinin mərkəzində 96 kirayə mənzilinin itirilməsi heç birimizin arzuladığı nəticə deyil. Xüsusilə də mənzil əlçatanlığının bir çox sakin üçün hələ də ciddi problem olaraq qaldığı bir vaxtda”.
Mühəndis lazımi ixtisasa malik olmayıb
Bina ilk dəfə 2019-cu ilin dekabrında boşaldılıb. Langford şəhəri binanın tamamlanmasından cəmi bir neçə ay sonra onun istifadəsi üçün verilmiş icazəni ləğv edib.
Mühəndislik araşdırması binanın orada yaşayan 200-dən çox sakin üçün təhlükəli olduğunu müəyyən edib. Britaniya Kolumbiyasındakı Mühəndislər və Geoloqlar Təşkilatı tərəfindən aparılan araşdırmada binanın konstruksiya mühəndisinin bu miqyasda layihə üçün lazımi ixtisasa malik olmadığını ortaya çıxarıb.
“Centurion” tikinti şirkətinə, mühəndisə və şəhər rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkət qüsurların səhlənkarlıq nəticəsində yarandığını və onların tikintiyə icazə verilməsi mərhələsində müəyyən edilməli olduğunu iddia edib.
2022-ci ildə layihənin baş mühəndisi Brian McKlur səriştəsizlik səbəbilə mühəndislik lisenziyasından məhrum edilib və peşə fəaliyyəti ilə məşğul olması qadağan olunub.
McKlure binanın seysmik dizaynı və yükdaşıma sistemi ilə bağlı müəyyən edilmiş ondan çox “ciddi qüsur” səbəbilə 57 min dollar cərimə və araşdırma xərcləri ödəməyə məhkum edilib.
“Həyati təhlükəsizlik” narahatlıqları
“Centurion” binanı möhkəmləndirmək üçün geniş təmir və bərpa işləri həyata keçirib. Bina yeni ad və yeni küçə ünvanı ilə yenidən istifadəyə verildikdən sonra sakinlər geri qayıdıblar. Lakin problemlər davam edib.
2023-cü ilin aprelində müstəqil mühəndislik araşdırması nəticəsində aparılan təmir işlərinin də yetərli olmadığı müəyyən edilib. Bundan sonra Langford şəhəri “həyati təhlükəsizlik” narahatlıqları səbəbindən binanın istifadəyə verilməsi icazəsini yenidən ləğv edib.