2028-ci ildə Torontoda sürücüsüz taksilər istifadəyə veriləcək

Ontario hökumətindən avtonom avtomobillərin sınaq proqramında iştirakı üçün icazə alınıb

Sürücüsüz taksi şirkəti “Waymo” Torontoda sınaqlara başlayıb və 2028-ci ildə ilk sərnişinlərini daşımağı hədəfləyir. Kaliforniyada yerləşən şirkət Ontario hökumətindən avtonom avtomobillərin sınaq proqramında iştirak üçün icazə aldığını açıqlayıb.

“Google”un ana şirkəti “Alphabet”ə məxsus “Waymo” ilk mərhələdə küçələrin yüksək dəqiqlikli xəritələrini hazırlayacaq və məlumatlar toplayacaq. Daha sonra avtomobillər sükan arxasında sürücü olmaqla sınaq yürüşlərinə başlayacaq.

Şirkətin Torontoya gəlişi avtomobil texnologiyaları sektorunun inkişafına təkan verə və nəqliyyat xidmətlərində dəyişikliklər yarada bilər. Bununla yanaşı, təhlükəsizlik, sürücülərin iş yerləri və sərt hava şəraitində avtomobillərin fəaliyyəti ilə bağlı narahatlıqlar mövcuddur.

“Waymo”nun məlumatına görə, şirkətin xidmət göstərdiyi şəhərlərdə avtomobillərinin ağır xəsarət və ya ölümlə nəticələnən qəzalara düşmə ehtimalı insan sürücülərlə müqayisədə 95 faiz az olub. Şirkət bu nəticənin 400 milyon kilometrdən çox məsafənin tam avtonom şəkildə qət edilməsinə dair daxili məlumatlara əsaslandığını bildirib.

“Waymo” Kanadada fəaliyyətə başlamaq üçün Toronto mərkəzli “Element Fleet Management” şirkəti ilə əməkdaşlıq edəcək. Tərəfdaş şirkət texniki xidmət, müştəri dəstəyi və digər əməliyyatları təmin edəcək.

Kaliforniyanın “Gatik” şirkəti ötən il “Loblaw” supermarketlər şəbəkəsinin paylama sistemi üçün Böyük Toronto ərazisində 50 sürücüsüz yük maşınının istifadəsinə başlayıb. Bu maşınlar kameralar, radar və məsafəni lazerlə ölçən lidar texnologiyası vasitəsilə hərəkət edir.

“Waymo” avtomobillərində 13 kamera, altı radar qurğusu və dörd lidar cihazı mövcuddur.

Mütəxəssislər hesab edirlər ki, çoxsaylı sensorlar avtomobillərin ətraf mühiti daha dəqiq qiymətləndirməsinə kömək edir. Bununla belə, güclü qar, buzlanma və çovğun avtonom avtomobillər üçün ciddi çətinlik yarada bilər.

Queen’s Universitetinin professoru Sidney Qivigi bildirib ki, qar sensorların fəaliyyətinə mane ola və avtomobillərin təhlükəsiz dayanmasını çətinləşdirə bilər.

Sürücüsüz taksilərin yayılması insan sürücülərin iş yerlərinin azalması ilə bağlı da narahatlıq doğurur. Digər tərəfdən, bu texnologiya görmə qabiliyyəti olmayan və zəif görən insanlar üçün nəqliyyat imkanlarını genişləndirə bilər.

Torontoda fəaliyyət göstərən “Balance for Blind Adults” təşkilatının rəhbəri Michelle McQuigge bildirib ki, bələdçi itlə səyahət edən bəzi sərnişinlər taksi sürücülərinin xidmətindən imtina etməsi ilə qarşılaşırlar. Onun sözlərinə görə, sürücüsüz taksilər bu problemi qismən azalda bilər, lakin xidmətin qiyməti və avtomobilin tapılması kimi məsələlər də nəzərə alınmalıdır.

“Uber Canada” şirkəti isə gələcəkdə insan sürücülərin və avtonom avtomobillərin paralel fəaliyyət göstərəcəyi hibrid sistemin formalaşacağını düşünür. Şirkətin məlumatına görə, “Uber Toronto” mərkəzli Vaabi də daxil olmaqla, 30-dan çox avtonom nəqliyyat vasitəsi şirkəti ilə əməkdaşlıq edir.

Kanada Taksi Assosiasiyasının prezidenti Marc-André Vey bəzi sürücülərin gələcəkdə işlərini itirə biləcəyini etiraf edib. Bununla belə, o, taksi şirkətlərinin zamanla öz avtomobil parklarına sürücüsüz nəqliyyat vasitələri əlavə edə biləcəyini bildirib.

Ontario hökuməti isə layihənin mərhələli şəkildə həyata keçiriləcəyini, təhlükəsizliyə və yeni iş yerlərinin yaradılmasına xüsusi diqqət yetiriləcəyini açıqlayıb.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar