Kanadadakı həmvətənlərimizin övladları hansı universitetlərə qəbul olub?

Kanadada yeni tədris ili başlayıb və minlərlə gənc həyatlarının yeni, həyəcanlı mərhələsinə qədəm qoyub. Onların arasında Kanadada yaşayan azərbaycanlı ailələrin övladları da var. Bu il bir sıra gənc həmvətənimiz ölkənin müxtəlif nüfuzlu ali təhsil müəssisələrinə qəbul olaraq böyük uğura imza atıb. Gənclərimizin seçdiyi ixtisaslar və universitetlər həm onların  potensialını, həm də təhsilə verdikləri önəmi nümayiş etdirir.

Biz də “CanAzerbaijan” olaraq gənc həmvətənlərimizin bu uğurlarını işıqlandırmaq və onları icmamıza tanıtmaq istədik.

Ayan və anası
     Ayan və anası

 

Azərbaycan icmasının fəal üzvlərindən biri Anna Cəfərovanın qızı Ayan Cəfərova York Universitetinin Hüquq, Ədalət və İctimai Siyasət üzrə İxtisaslaşmış Fəxri Dövlət İdarəçiliyi  üzrə bakalavr pilləsində təhsil alacaq.

                         Xədicə və anası

Torontoda hüquq şirkətində direktor müavini kimi çalışan Yaqut Zərbəliyevanın qızı Xədicə Zərbəliyeva3 universitet və 5 kollecdən qəbul alıb. Dünya üzrə ən yaxşı universitetlər sırasında 20-ci yerdə olan Toronto Universitetini seçib. Burada arxitektura ixtisası üzrə təhsil alır. Anası deyir ki, Toronto Universitetində sözügedən ixtisasa qəbul almaq üçün rəqabət böyük olduğundan Xədicə bir bala görə başqa bir namizədlə rəqabət aparıb. Uzun müddət müxtəlif təşkilatlarda könüllü kimi çalışması, yaxşı əl işlərinin olması Xədicənin seçilməsinə səbəb olub: “Cəmi iki ildir Kanadaya köçməyimizə baxmayaraq, Xədicə orta məktəb illərində çox çalışaraq yaxşı nəticə göstərdi və arzuladığı universitetdən qəbul ala bildi. Xədicə üçün bu, böyük bir uğurdur”.

             Ceyhan və anası

Kanadada uzun illərdir dövlət idarəsində çalışan Gulər İbrahimovanın oğlu Ceyhan İbrahimov Toronto Metropolitan Universitetinin Mexatronika mühəndisliyini oxuyacaq.

                                Qalibə və anası

Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin İdarə Heyətinin üzvü Konul Qurbanovanın qızı Qalibə Abdullayeva Vindzor Hüquq Məktəbinə (Windsor Law School) daxil olub və gələcəkdə vəkil kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, Qalibə York Universitetinin Siyasi elmlər və hökumət ixtisası üzrə bakalavr təhsilini başa vurub və bir müddət BMO bankın maliyyə departamentində analitik kimi çalışıb.

             Kənan və anası

Azərbaycanda universitetdə ingilis dili müəlliməsi, burada isə məktəbəqədər hazırlıq sinfində müəllimə kimi çalışan Gulzar Məhərrəmovanın oğlu Kənan Pakrov sənədlərini təqdim etdiyi 5 universitetin hər birindən qəbul alsa da, York Universitetinin Maliyyə və Biznes İqtisasiyyatı ixtisasını seçib.

                         Fateh və anası

Azərbaycan televiziyalarında fəaliyyət göstərmiş tanınmış aparıcı, “Zərif qəhrəman” verilişinin müəllifi Fatma Bağırovanın övladı Fateh Xəlfəquliyev York Universitetinin Kriminologiya ixtisası üzrə təhsil alacaq. F.Bağırova deyir ki, bir ana üçün övladlarının uğuru çox sevindirici bir hissdir: “Amma mənim üçün ən azı Kanadada universitet əsas meyar deyildi. Mənim üçün daha önəmli olan Kanadada orta məktəblərdə uşaqların bilik və təhsilindən öncə şəxsiyyət kimi formalaşmasına yönəlmiş yanaşmadır. İnsanın həyatda uğur qazanması yalnız əldə etdiyi biliklərdən asılı deyil. Onun şəxsi və mənəvi dəyərləri, sosiallaşma bacarığı, insanlarla ünsiyyət qura bilməsi, özünə inamı, öz fikirlərini sərbəst ifadə edə bilməsi və müstəqil düşünməsi də ən azı bilik qədər vacibdir”.

F.Bağırova düşünür ki, insanın şəxsi dəyərləri, mənəvi keyfiyyətləri və həyati bacarıqları formalaşmayıbsa, bəzən sahib olduğu bilik həyatda o qədər də işə yaramır: “Buna görə də mənim üçün oğlumun universitetə qəbul olmasından daha çox onun israrlı, istiqrarlı, məsuliyyətli və çalışqan olması, nə istədiyini bilməsi, çoxlu dost qazanmaq bacarığı, sosial çevrəsinin genişliyi və basketboldakı uğurları sevindirici idi”.

Qeyd edək ki, F.Bağırova hazırda Toronto şəhərində hüquq firmasında vəkil köməkçisi kimi çalışır.

          Tuncay və anası

Kanadada salon biznesi olan Gulbahar Cəfərovanın oğlu Tuncay Cəfərli Peterborough şəhərindəki Trent Universitetinin Kompyuter elmləri ixtisasında təhsil almağa başlaylb.

                             Yusuf və atası

Kalqaridə neft sahəsində texnoloji həllər hazırlayan “Advanced Upstream Ltd”nin rəhbəri Ceyhun Nəcəflinin oğlu Yusuf Nəcəfli isə Kalqari Universitetinin Kompyuter elmləri ixtisasına qəbul alıb.

Gənclərimizin hər birinə yeni təhsil yolunda uğurlar, bol nailiyyətlər və parlaq gələcək arzulayırıq!

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar