Saşar Zarif: “Alim müəllimə muğamla rəqs etmək istədiyimi deyəndə, soruşdu ki, “muğamla necə oynayacaqsan? Biz görmüşük zurna-balabanla, nağarayla oynayarlar””
Uşaqlıqda nənəsinin danışdığı Bakını həmişə xəyal edib. 1993-cü ildə Kanadadan Azərbaycana səfəri zamanı ilk dəfə Bakını görüb, daş evlərin səsini, danışığını eşidib. Kanadada aldığı tibb mühəndisliyi təhsilini də məhz Bakıya gedəndən sonra atıb və Azərbaycan milli rəqslərini öyrənməyə başlayıb.
Müsahibimiz Saşar Zərif əslən Cənubi Azərbaycandan olan, beynəlxalq mükafatlara layiq görülmüş kanadalı xoreoqraf, ifaçı və pedaqoqdur. 30 ildən çoxdur S.Zərif rəqsdə əsrlərdən gələn ənənə ilə müasirlik arasında körpü quraraq onu yaşadır. Xoreoqrafın “Yaşayan hekayələr” – bədənlə ifadə olunan mədəni yaddaş metodu və “Muğam Rəqsi” modal musiqi və sufi hərəkət ənənələrinə əsaslanan praktikası, onun rəqsdəki bənzərsiz yanaşmasını formalaşdırır. İndiyədək dünyanın 40 ölkəsində rəqslərini nümayiş etdirib. S.Zərif Queen Elizabeth II Diamond Jubilee Medal mükafatına layiq görülüb.

– Saşar bəy, oxucularımız üçün maraqlı olardı, öncə Azərbaycanla bağlılığınızdan, bağlarınızdan danışardınız, zəhmət olmasa…
– İranda azərbaycanlı ailədə anadan olmuşam. Atam tərəf Bakıdan Aşqabada, oradan da İrana köçüblər. Anamın babası Gürcüstandan gəlmədir, ana tərəfi də həm Həmədan, həm də Zəncandandırlar. İranda bir qrup azərbaycanlıya mühacir türklər deyərdilər. Mühacir türklər yarısı bu tayda (Cənubi Azərbaycanda), yarısı o tayda (Şimali Azərbaycanda) qalan türklər – azərbaycanlılar idi.Biz də mühacir türklərdən sayıırdıq. Nənələrim mənə “o tay, bu tay nağılları” danışardılar. Həmişə düşünürəm ki, mən nağılların, gözəl mahnıların olduğu yerdə doğulmuşam. Mənim yurdum Bülbülün, Şövkətin, Rəşidin səsində, Rübabənin bir gözü ağlayıb bir gözünün güldüyü yerdədir. Uşaqlıqdan onlarla böyümüşəm. Mənim köküm laylayların, Məlikməmməd və digər Azərbaycan nağıllarının içindədir. Özüm köçmən ailədə doğulmuşam və taleyimə köçmənlik düşüb. Köçəri həyat, kimlik mənə çox doğma gəlir.
– İrandan Türkiyəyə, oradan da Kanadaya köçmüsünüz…
– Əvvəlcə Türkiyəyə, 1988-ci ildə də oradan Kanadaya köçdüm. Kanadada məktəbi bitirib Vaterloo (Waterloo) Universitetində tibb mühəndisliyi ixtisası üzrə təhsil aldım. 1993-cü ildə İranla Azərbaycan arasında yollar açılandan sonra valideynlərim İrandan Bakıya köçdülər və Kanadaya daşınana kimi 2 il orada yaşadılar. Nənəmə görə Bakıya başqa sevgimiz var idi. Həmişə Bakını xəyal edərdik. Valideynlərim Bakıya gedəndə mən də Kanadadan Bakıya yollandım. O vaxt Bakının çətin günləri idi, müharibə şəraitində idi. Amma o çətinliklərin içində gözəl bir ruh, hüzur var idi. Daş evlərin danışığını, səslərini eşidirdim. Amma nənəmin danışdığı utopiyanı görmədim Bakıda – xanımların güllü paltarları, dınqıldayan sırğaları, Ramazanda eyvanlarda çalıb-oynayaraq iftarı gözləyən adamlar… Nənəmin danışdığına görə, onun bacısı Şəhrəbanu sərv kimi o qədər ucaboylu idi ki, əgər onun ağır dınqıldayan sırğaları olmasaydı, onu yel aparardı. Bax, mən bu cür söhbətlərin içində böyümüşəm və Bakını bu cür xəyal etmişəm, gözlərimi nağıl dünyasına açmışam. Bir də nənəm həmişə xalçanın üstündə otura-otura oxuyub oynayardı. O, xalçanın üstündə oturub nağıllar danışanda, oxuyub oynayanda məni özüylə başqa bir yerə transformasiya edərdi.
– Siz də yəqin nənənizin danışdıqlarını Kanadadakı evinizə, yuvanıza trasformasiya etdiniz…
– Bəli. Nənəm 10 yaşım olanda rəhmətə getdi və Kanadaya gedərkən mən də eyni mahnıları öz otağımda oxudum, xəyallarımdakı yeri yaşadığım evə daşımaq istəyirdim. İllərlə o işi gördüm…
– Və nəhayət valideynləriniz Bakıya köçəndə siz də Kanadadan xəyallarınızdakı şəhərə getdiniz və Bakı deyəsən, doğurdan da həyatınızı dəyişdi…
– Leytenant Şmidt adına Zavodun Şəhriyar adına Mədəniyyət Evində “Coşğun” özfəaliyyət rəqs ansamblının rəhbəri, rəqs ustadı, əməkdar incəsənət xadimi Əlikram Aslanovla tanış oldum və ondan Azərbaycan rəqsini öyrənməyə başladım. Valideynlərimlə Bakıda qaldığım bir ilə yaxın vaxt ərzində həm də sənətlə bağlı bir sıra dərslər aldım. Səhər saat 7-də evdən çıxır, axşam 9-da evə qayıdırdım. Rəhmətlik Vasif Adıgözəlovdan vokal sənətini öyrəndim, onun qardaşı Rauf Adıgözəlovun da yanına gedirdim.
Bakıdan Torontoya qayıdanda Azərbaycan cəmiyyətində uşaqlar üçün rəqs qrupunu bərpa etdim, adını da Əlikram müəllimin hörmətinə “Coşğun” rəqs qrupu qoydum. Rəqs nömrələrimizlə 1994-1998-ci illərdə tədbirlərdə çıxış edirdik. Ondan sonra 2012-ci ilə qədər Avropaya tez-tez səfərlərim olurdu, orada rəqslərimizi öyrədirdim.
– Demək, rəqsə olan sevginizə görə Kanadada təhsil aldığınız mühəndislik sənəti ilə məşğul olmadınız…
– Elədir. Əlikram müəllim Bakıda o sevgini məndə yaratmışdı. Həm də danışdığım kimi, uşaqlıqdan içimdə musiqi, rəqs var idi, bu, kökdən, uşaqlıqdan gələn bir yaddaş məsələsi idi. Onu da qismət oldu Əlikram müəllimdən professional səviyyədə öyrəndim. Rəqsi öyrənəndən sonra özümlə bir müqavilə bağladım ki, mən bu gün yolumu dəyişirəm, bu yolu özüm seçmişəm və məsuliyyəti də mənim boynumadır.
İkinci təhsil kimi Vaterlo Universitetində Mədəniyyətşünaslıq ixtisasını oxudum, sonra magistratura təhsili aldım və York Universitetinin Rəqs departamentində 13 il professor kimi dərs verdim. Tədqiqata marağım daha çox olduğuna görə York Universitetinin Asiya Tədqiqat Mərkəzinə qoşuldum.
31 il ərzində çox gəzmişəm, 40 məmləkətdə olmuşam və olduğum məmləkətlərdə Azərbaycanı təmsil etmişəm, nənəmin mənə aşıladığı mədəniyyəti, köklərimizi paylaşmışam. Mənə görə, ürəkdən gələn laylaylar, nağıllar, sevgilər, ayrılıqlar, sınan ürəklər, şəfa tapan könüllər – hamısı bizim zəngin irsimizdir.
– Sufi, şaman üslubunda olan rəqslərinizlə tanınırsınız. Bu üslubdakı rəqslərin Azərbayacan muğamı, Azərbaycan musiqisi ilə yaxınlığı barədə bir az məlumat verərdiniz, zəhmət olmasa…
– Bu barədə çoxlu dartışmalar var. Muğamımızın özəlliyi odur ki, kökü aşıq musiqimizin içindədir. Onun damarı elə aşıq musiqisi ilə qidalandığı üçün o qədər güclüdür. Muğam üzrə alim olmasam da, təcrübəmdən bunu bilirəm. Bizim aşıq məktəbi türk mifologiyası ilə yaxındır. Şaman köklü çoxlu rituallarımız var: səfərə çıxanın arxasınca su atmaq, axır çərşənbələr, arzu tutaraq ağaclara parça baqlamaq və s. Bizim irsimizin zənginliyi elə keçmişimizə bağlılığımızda, tariximizdən süzülüb gələn ənənələrimizdədir.
Sufizmdə isə bir zamansızlıq, çağsızlıq var. Nəsimini, Füzulini, Xaqanini indi də, 500 il əvvəl də oxusanız, görəcəksiniz ki, insan eyni insan, problemləri eyni problemlərdir. Bunlar bizə göstərir ki, həyatın problemləri zamanla dəyişmir. Zaman qəribə bir şeydir ki, ona çox dəyər veririk.
Bir də sufizmdə, şamanizmdə həmişə hərəkət var imiş, sözün yanında saz, sazın yanında da hərəkət, rəqs… Ona görə də bu üçlük bir-birinə çox bağlı imiş. Siz bizim ozanlarımıza, aşıqlarımıza baxsanız, görərsiniz ki, Şirvan aşıqları hələ də hərəkətlə, rəqslə ifa edirlər. Aşıqlarımız dastan deyəndə, Koroğlunu, Əsli Kərəmi danışanda həm hərəkət edər, həm də oxuyardılar. Ona görə də bu üçlük həmişə bir-birinə bağlı olub. Bundan başqa, insanın 3 tərəfi var: düşüncə, hiss və bədən. Onlar sinxron şəkildə, vəhdətdə işləyirlər. Sonra bunlar yavaş-yavaş bir-birindən ayrıldı.
İndi mən tarixə qayıdaraq çalğı alətində ifa, oxumaq və rəqsi birlikdə görürəm. Rəqsin gücünü istifadə etmək istəyirəm. Bilmək istəyirəm ki, rəqslə, musiqi ilə təfəkkürün gücü, bunların rabitəsi nədir və bizi insan kimi necə inkişaf etdirə bilər. Segahla rəqs – düşüncə, hiss və bədənin birlikdə işləməsi mənimçün maraqlıdır.
– Oktyabrın 3-də Alim Qasımovla Kanadanın Toronto şəhərində konsertiniz olacaq. Deyəsən, əməkdaşlığınızın uzun incə bir yolu var. Alim Qasımovla tanışlığınızdan, əməkdaşlığınızdan, “Məhəbbət” layihənizdən danışardınız, zəhmət olmasa. Konsertin ideyası necə yarandı və birgə çalışmaq təklifi kimdən gəldi?
– Valideynlərim 1990-cı illərdə Bakıda qaldıqları müddətdə Alim Qasımovgillə ailəvi dost olublar. Sonra valideynlərim Kanadaya köçüb.
Kanadada yaşasam da, köklərimiz, musiqimiz, kimliyimiz barədə çox fikirləşirdim və sənətkar olaraq öz rəqsimlə, bədənimlə bunları tədqiq etmək, araşdırmaq istəyirdim, amma necə edəcəyimi bilmirdim. Bir gün Torontoda Yonge və Steels küçələrinin kəsişməsindəki mağazadan Alim Qasımovun “Mehriban olaq” adlı CD-sini aldım. York Universitetində dərs dediyim vaxtlar idi. Həmişə sinfə dərs başlamamışdan əvvəl gedirdim. CD-ni sinifdə oxutdum və səsi eşidən kimi düşündüm ki, “Allahım, Alim Qasımov bu muğamı neyləmiş”. Hiss etdim ki, bu musiqi, muğam çətin olsa da, mənimlə çox rahat danışır. Sonra muğamla rəqs etməyə başladım, 10 dəqiqə fırlandım, oynadım. Musiqi qurtardı. Alim Qasımovun səsində muğam, muğamla rəqs etmək sevdası məni elə tutdu ki, Ontario İncəsənət Şurasından (Ontario Art Council) qrant aldım və Alim müəllimlə danışıb ona muğamla oynamaq istədiyimi bildirdim. O da dedi ki, “muğamla necə oynayacaqsan. Biz görmüşük zurna-balabanla, nağarayla oynayarlar”. Dedim yox, mən muğamla oynamaq istəyirəm. Razılaşdı. 2004-cü ildə Bakıya gedib orada qaldım. Alim müəllimlə xeyli məşq etdik, sonra “Rast” Muğamının üstündə 45 dəqiqəlik bir kompazisiya qurduq və Alim müəllimin təklifi ilə Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyduq. Xeyli Azərbaycan ziyalılarını, sənətkarlarını teatra dəvət etdilər. Dolu bir gecə idi, çox adam gəlmişdi, xeyli söhbət etdik, mənə suallar verdilər. Mən orada ilk dəfə idi ki, 45 dəqiqə muğamla rəqs etdim və çox gözəl alındı. Sonra düşündüm ki, mən bu işi bədahətən gördüm və alındı, gərək nə etdiyimi bilim. Çünki bədahətən ola bilməz axı. Sonra muğamın, qəzəllərimizin, əruzun içində bir xeyli araşdırma etdim. Bir neçə ildən bir Alim müəllimlə bir araya gələn kimi muğamla rəqsin sintezini edirdik. 2012-ci ildə muğamla rəqsin sintezini “Səmayi-rast” adı ilə Kanadaya gətirdik. Çox gözəl konsert oldu. Mən yenə muğam rəqsinin üstündə işləməyə davam etdim. 2023-cü ildə Heydər Əliyev Fondu Beynəlxalq Muğam Festivalı keçirəndə Alim müəllimlə mən festivalın açılışını etməyə dəvət aldıq. Muğam rəqsinin 20 dəqiqəlik variantını səhnəyə qoyduq. Toronto bunu ikinci dəfə Toronto səhnəsinə gətirməyimizi istədi. Qeyd edim ki, Torontodakı çıxışımızda 1 saatdan çox muğamla oynayacam. Musiqi ilə rəqs yan-yana olacaq, rəqs musqinin arxasınca qaçmayacaq, bir yerdə, yan-yana yaşayacaqlar. Alim müəllim və musiqiçilərlə Bakıda məşq etmişik. Əminəm ki, ortaya gözəl bir iş çıxacaq.
– Sufizm, şamanizm, muğam – bunlarda dərin bir fəlsəfə var və hər adamın bunu anlaması çətindir. Auditoriyanızı tapmaq və insanlara içinizdən gələn fikirləri, fəlsəfəni rəqsə çevirərək təqdim etmək çətin deyil ki?
– Ümumiyyətlə, içində əyləncə yoxdursa, sənət çətin yoldur. Bir var, mən sizə yatmamışdan əvvəl hazır nağıl deyirəm, siz də o nağılı eşidirsiniz və yuxu sizi aparır. Bir də var sizi də danışdığım nağılın içinə gətirirəm, mənim kimi nağılın bir parçası olursunuz. Amma insanların əksəriyyəti özlərinə əziyyət verib nağılın bir parçası olmaq, xəyal etmək istəmirlər. İstədikləri ancaq “mənə bir nağıl de, məni dincəlt, güldür”dür. Bax, bu, çətindir. Muğam, muğamla rəqs tamaşaçını da o nağılın içinə almaq istəyidir. Tamaşaçı da gərək buna hazır olsun, sənətkarlarımıza dəstək dursun.
Bir şeyi də paylaşım sizinlə. İndi Alim müəllim Torontoya gəldiyi üçün biz böyük səhnədə çıxış edəcəyik. Mən tək olanda böyük zallarla heç işim yoxdur. Əksinə, nənə-balanın birlikdə yaşadığı hissləri, sehri xudmani yerlərdə paylaşmaq istəyirəm. Xudmani yerlərdə tamaşaçı ilə daha yaxından ünsiyyətdə olursan. Tarnsformasiya da o yaxınlıqdan, nəfəsdən başlayır.
Ümumiyyətlə bizim sənətdə limitlərin, çətinliklərin olması təbiidir. Mövlana deyir ki, sınıq ürək o yerdir ki, o yolda işıq adamın ürəyinə saça bilər. Əgər ürəyin sınığı olmasa, işıq ürəyin içinə keçə bilməz… Çox istəyərdim ki, tamaşaçılar bilsinlər ki, onlar tamaşaya gələndə onu təcrübədən keçirməlidirlər, yalnız seyr etməklə işlərini bitmiş hesab etməməlidirlər, tamaşa ilə yaşamalıdırlar. Çünki biz sənətkarlar özümüzdən bir parçanı tamaşaçıların qarşısına qoyur və bu parçanı tamaşaçıların da yaşamasını istəyirik. Bu, gözəl bir hissdir. Ümid edirəm ki, öhdəsindən gələcəyik və Kanadadakı Azərbaycan icması muğamla rəqsdən zövq alacaq.
P.S. Alim Qasımov və Saşar Zarifin oktyabrın 3-də Torontoda keçiriləcək konsertinə bilet almaq üçün link: eventbrite.ca
















