Torontodakı 150-dən çox bina 24-25 May “Açıq Qapı” həftəsonu ərzində ictimaiyyətə açıq olacaq. Bu da o deməkdir ki, Toronto şəhərinin memarlıq, mədəni və sosial baxımdan əhəmiyyətli bəzi məkanlarını pulsuz kəşf etmək imkanı qazanacaqsınız.
Giriş hər kəs üçün pulsuzdur və ziyarət saatları fərqlidir. Buna görə də yola çıxmazdan əvvəl aşağıda verəcəyimiz linkdə siyahını və zamanları yoxlamağı unutmayın. Məkanlar əsasən səhər saat 10:00-dan axşam 17:00-a qədər açıq olur. Amma bəzi məkanlar şənbə günü, bəziləri də bazar günü açıq olmaya bilər. Eyni zamanda, bu linkdən keçid edərək həftəsonu ictimaiyyətə açıq olan binaların və məkanların əlifba sırası ilə düzülmüş siyahısına baxa bilərsiniz. Axtarış hissədindən istədiyiniz binanın adını yazıb “Açıq Qapı” siyahısına düşüb düşmədiyini öyrənmək mümkündür.
Qeyd edək ki, binaların siyahısı hər il mayın 1-də ictimaiyyətə açıqlanır.
İlk “Açıq Qapı” Torontoda 2000-ci ilin may ayında keçirilmişdir. O vaxtdan bəri tədbir hər ilin may ayının dördüncü həftəsonunda təşkil olunur.
150 binanın arasında Agha Khan Museum, Billy Bishop Toronto City Airport, The Village at Black Creek, Allan I. Carswell Astronomical Observatory, York University, Campbell House Museum, Canadian Film Centre at Windfields Estate və Archives of Ontario, Museum of Contemporary Art Toronto, Legislative Assembly of Ontario da var.
Foto: NowToronto