Bələdiyyələr 2019-cu ildən bəri 700-dən çox kamera quraşdırıb
Ontario hökuməti əyalətdə bələdiyyə sürət kameralarını qadağan edən qanunu qəbul edib və bu gündən etibarən qanun qüvvəyə minib.
Ontario hökuməti məktəb və icma zonalarında yol təhlükəsizliyini artırmaq üçün 210 milyon dollar sərmayə ayırır və bunu sürət kameralarından istifadə etmədən həyata keçirir.
Ayrılan vəsait Yol Təhlükəsizliyi Təşəbbüsləri Fonduna (RSIF) yönləndiriləcək və məktəb zonaları ilə icma təhlükəsizliyi zonalarında yol təhlükəsizliyinin artırılmasına dəstək verəcək.
Yol təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulan tədbirlərə sürəti azaltmaq məqsədilə yol səthinin qaldırılması (speed bump), qaldırılmış piyada keçidləri, dairəvi yollar, həmçinin aydın şəkildə görünən nişanlar və məktəb zonalarında polis nəzarətinin artırılması daxildir. Bu tədbirlər xüsusilə əvvəllər bələdiyyə sürət kameralarının olduğu ərazilərdə tətbiq ediləcək.
Abacus Data tərəfindən aparılan sorğuya əsasən, ontarioluların yarısı (50%) avtomatlaşdırılmış sürət kameraları əvəzinə “speed bump”, qaldırılmış keçidlər, yol nişanları, dairəvi yollar və polis nəzarəti kimi tədbirlərə üstünlük verir.
Sorğu göstərib ki, hər üç ontarioludan biri (33%) avtomatlaşdırılmış kameraları dəstəkləyir, 17%-i isə qərarsızdır.
Nəqliyyat naziri Prabmeet Sarkaria: “Biz sürət kameraları kimi pul yığmağa yönəlmiş vasitələri qadağan etməklə sürücülərin tərəfindəyik və həqiqətən fərq yaradacaq yol təhlükəsizliyi tədbirlərini dəstəkləyirik”.
Qeyd edək ki, bəzi bələdiyyələrdə sürət kameralarının çoxalması ilə bağlı ictimaiyyət arasında narahatlıq var idi. Bələdiyyələr 2019-cu ildən bəri 700-dən çox kamera quraşdırıb. Əyalətin məlumatına görə, bu kameraların istifadəsi nəticəsində milyonlarla dollar cərimə toplanıb.
Sammy Kogan/The Canadian Press
















