[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada Mərkəzi Bankı əsas faiz dərəcəsini sabit saxladı

Tiff Maklem: “Bu çətin dövrdə iqtisadiyyatı dəstəkləyəcəyik, lakin  çalışacağıq ki, tarif problemi inflyasiya probleminə çevrilməsin”

Bu gün Kanada Mərkəzi Bankı əsas faiz dərəcəsini 2.75 faiz səviyyəsində saxladı. Mərkəzi Bank açıqlamasında bildirir ki, “ABŞ-ın ticarət siyasəti ilə bağlı qeyri-müəyyənlik yüksək olaraq qalır və bu da Kanada iqtisadiyyatının perspektivlərini qeyri-müəyyən edir”.

Bank artım və ya azalma etmədən ardıcıl üçüncü dəfə faiz dərəcəsini sabit saxladı. Böyük Kanada bankları bunu öncədən proqnozlaşdırırdılar, çünki inflyasiya hələ də Kanada Bankının 2 faizlik hədəfinə yaxın qalır.

Ontario əyalətinin baş naziri Daq Ford bu qərar açıqlanandan dərhal sonra bildirib ki, Kanada Bankının qərarına “şok olub”: “O qədər iqtisadi qeyri-müəyyənlik qarşısındayıq ki, yüz minlərlə iş yeri risk altındadır. İndi iqtisadi artımı stimullaşdırmaq və kanadalıları işdə saxlamaq hər zamankından daha vacibdir. Prezident Trampın tariflərinin iqtisadiyyatımıza daha da zərər verməsinə göz yummaq əvəzinə, Kanada Bankı faiz dərəcəsini dərhal azaltmalıdır”.

Hazırda Kanada ABŞ prezidenti Donald Trampın müəyyən etdiyi cümə gününə qədər son tarixlə qarşı-qarşıyadır. Əgər bu vaxta qədər yeni ticarət razılaşması əldə olunmazsa, CUSMA-ya uyğun olmayan Kanada mallarına 35 faiz tarif tətbiq edilə bilər. Bundan əlavə, yeni sektorlar üzrə tariflər də gündəmdədir.

Kanada Mərkəzi Bankının sədri Tiff Maklem bildirib ki, o, qərarlarını siyasi proseslərdən müstəqil olaraq və Bankın “ən yaxşı dəyərləndirməsi” əsasında verir: “Son bir neçə ilin təcrübəsi kanadalıların inflyasiyanı nə qədər sevmədiyini açıq şəkildə göstərdi. Bu çətin dövrdə iqtisadiyyatı dəstəkləyəcəyik, lakin eyni zamanda çalışacağıq ki, tarif problemi inflyasiya probleminə çevrilməsin”.

Ticarət müharibəsi daha da güclənərsə…

Kanada Mərəkəzi Bankı, Donald Trampın adını çəkməsə də, ABŞ-ın bəzi ölkələrlə yeni ticarət sazişləri imzalamasını qeyd edərək “qlobal ticarət münaqişəsi” ilə bağlı bir qədər aydınlıq yarandığını bildirib. Lakin Kanadada ticarət sahəsindəki qeyri-müəyyənlik çoxqatlıdır və avqustun 1-dən sonra müəyyən tariflərin qalacağı ehtimalı da artır.

Bank bildirir ki, hansı tariflərin tətbiq ediləcəyi, nə qədər davam edəcəyi, danışıqların necə aparılacağı və ev təsərrüfatlarının və bizneslərin buna necə reaksiya verəcəyi kimi suallar hələ də açıqdır: “Bu qeyri-müəyyənlik səviyyəsi bizi risklərə daha çox önəm verməyə, daha qısa müddətli dövrləri nəzərə almağa və yeni informasiyalara çevik reaksiya verməyə vadar edir”.

Hazırkı ssenaridə qlobal iqtisadi artım ilin sonuna qədər bir qədər yavaşlayacaq. Tariflərin azaldıldığı nəticə isə iqtisadi artımın daha sürətli bərpasına gətirib çıxaracaq. Əgər ticarət müharibəsi daha da güclənərsə, 2025-ci ilin sonuna qədər iqtisadi geriləmə baş verəcək: “Əgər zəifləyən iqtisadiyyat inflyasiyaya daha da təzyiq edərsə və tariflərlə bağlı qiymət artımları cilovlanarsa, faiz dərəcəsinin azaldılmasına ehtiyac ola bilər”.

“İnflyasiya 2.5 faizə yüksəlib”

Bankın açıqlamasında bildirilir ki, “İstehlak qiymətləri indeksi (CPI) üzrə inflyasiya iyunda 1.9 faiz olub, əvvəlki aya nisbətən bir qədər artıb. Vergilər çıxıldıqda isə inflyasiya 2.5 faizə yüksəlib – bu da ötən ilin ikinci yarısındakı 2 faizdən yüksəkdir”.

Kanada-ABŞ ticarət müharibəsinin uzunmüddətli təsirlərinə dair suala cavab olaraq Maklem bildirib ki, “bəli, bunun qalıcı və əhəmiyyətli təsirləri olacaq”.

Kanada Mərkəzi Bankının növbəti faiz qərarını 17 sentyabrda açıqlayacağı gözlənilir.

Foto: Thelogic.co

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar