Air Canadanın vebsaytındakı məlumata əsasən, Air Canada, işçilərinin tətil etməsi səbəbilə uşuşların təxirə salınmasından təsirlənmiş sərnişinlərə ödənişlərin geri qaytarılması üçün dəstək göstərir. Sərnişinlərdən uçuş detalları ilə bağlı formanı doldurmaları və geri ödəmənin səbəbini göstərmələri tələb olunur.
Şirkətin məlumatına görə, sərnişinlər formanı yalnız aşağıdakı hallarda doldurmalıdır:
- Birbaşa Air Canada vasitəsilə bilet alıblarsa;
- Səyahətlərinin bir hissəsini Air Canada ilə ediblər və ya alternativ nəqliyyat vasitəsinə görə geri ödəmə tələb edirlər.
Formanı doldurmamaq tövsiyə olunur, əgər bilet:
- Aeroplan vasitəsilə alınıbsa;
- Turizm agentliyi və ya onlayn turizm agentliyi vasitəsilə alınıbsa;
- Və ya başqa bir aviaşirkət vasitəsilə bron edilibsə.
Air Passenger Rights təşkilatının prezidenti Qabor Lukasın sözlərinə görə, Kanadanın Hava Yolları Sərnişinlərinin Hüquqlarının Qorunması Qaydalarına (APPR) əsasən, tətil səbəbilə aviaşirkət müştərilərə qiymətindən asılı olmayaraq alternativ uçuş təklif etməli və ya geri ödəniş etməlidir.
Q.Lukas əlavə edib ki, xaricə səfər edən sərnişinlərin səyahətləri tətil səbəbindən pozularsa, Montreal Konvensiyasına əsasən, onlara daha yüksək məbləğdə kompensasiya ödənilə bilər. Konvensiyaya görə, sərnişin itkiləri və ya zərəri sübut edə bilsə, 12,500 dollara qədər kompensasiya ala bilər.
Qeyd edək ki, Air Canadanın uçuş bələdçilərinin işi dayandırması yüz minlərlə sərnişinə təsir edib. Uçuşlar yalnız çərşənbə axşamı günortadan sonra, aviaşirkətlə 10,000-dən çox bələdçini təmsil edən həmkarlar ittifaqı arasında ilkin razılıq əldə olunduqdan sonra bərpa olunmağa başlayıb.
Razılaşmanın detalları hələ açıqlanmır, lakin “CTV News”un məlumatına görə, Həmkarlar İttifaqının nümayəndəsi bildirib ki, uçuş bələdçiləri maaş artımı alacaqlar. Həmçinin, onlara təyyarə havaya qalxmadan əvvəl yerüstü işlərinə görə də ödəniş ediləcək. Belə ki, kiçik təyyarələrdə uçuşdan 1 saat əvvəl, böyük təyyarələrdə isə 70 dəqiqə əvvəl görülən işlər üçün əməkhaqqının 50 faizi ödəniləcək.
Foto: The Globe and Mail
















