Ontario əyalətinin sakini Alberta əyalətinə səfəri zamanı yüngül ürək tutmasından sonra 12,000 dollardan çox hesab alanda şoka düşüb. Belə ki, Okvilldə yaşayan Daq McGinley Albertaya səfəri zamanı təcili yardım helikopteri ilə Kalqariyə aparılıb.
“CTV News Toronto”ya danışan D.McGinley deyib ki, Saskatçevan əyalətindən keçərkən sinəsində ağrı hiss edib və Alberta sərhədini keçdikdən sonra Medicine Hat şəhərində xəstəxanaya aparılıb: “Onlar məni təcili yardıma qəbul etdilər, testlərdən sonra yüngül infarkt keçirdiyim müəyyənləşdirildi”.
Daha sonra təcili müalicə üçün Kalqariyə hava ambulansı ilə aparılıb: “Soruşdum ki, bunun pulunu kim ödəyir? Dedilər ki, “narahat olmayın, Ontario sağlıq kartınız əhatə edir”.
O, göstərilən tibbi xidmətdən razı qalıb, amma keçən ay Alberta Səhiyyə Xidmətindən 12,483 dollarlıq ambulans borcu alanda şoka düşüb. Bu zaman öyrənib ki, uçuş nə Alberta, nə də Ontario sığorta planı tərəfindən qarşılanmır: “Sonra bildirdilər ki, “nəqliyyat Xəstəliklərlə bağlı Qanuna daxil deyil və siz bizə bu pulu ödəməlisiniz”.
Ontario Səhiyyə Nazirliyi təsdiqləyib ki, əyalətdənkənar nəqliyyat yalnız bir tibb müəssisəsindən digərinə diaqnostika və ya müalicə üçün yerüstü ambulansla aparılma halında və pasiyent 24 saat ərzində ilk xəstəxanaya geri qaytarıldıqda qarşılanır.
Bu hallardan başqa bütün hava və yerüstü ambulans xərcləri xəstənin üzərindədir.
“Travel Secure” şirkətinin prezidenti Martin Firestone bildirir ki, əyalətlər arasında səyahət edən kanadalıların ən çox üzləşdiyi əlavə ödənişlər məhz ambulans xərcləridir. M.Firestone deyir ki, Kanada daxilində səyahət zamanı tibbi xidmətlərin çoxu ödənilir, amma istisnalar var.
Əyalət sağlamlıq planları aşağıdakıları qarşılamır:
- Hava və yerüstü ambulans.
- Dağ və dənizdə xilasetmə.
- Təcili stomatoloji xidmətlər.
- Tibbi avadanlıq icarəsi.
- Reseptlə yazılan dərmanlar.
M.Firestone başqa əyalətlərə səyahət zamanı Kanadadaxili Səyahət (Travel Within Canada) sığortası almağı tövsiyə edir və əlavə edir ki, qiyməti günlük 1 dollardan da ucuzdur.
















