Alberta sakini, xərçəng xəstəliyinə qalib gələn David Serkin: “Bir daha baş verəcəyini düşünmürəm, amma yenə də bilet almağı sevirəm”
Qərbi Kanada Lotoreya Korporasiyasının (Western Canada Lottery Corporation) məlumatına görə, əsas uduşu qazanmaq ehtimalı təxminən 33 milyonda birdir.
Qalib haqqında nə bilirik?
David Serkin hazırda təqaüddədir. Xərçəng xəstəliyinə qalib gələrək Lethbridge şəhərində yaşayır. O, 1982-ci ildən – Lotto 6-49 oyununun başladığı vaxtdan bəri biletlər alır. 3 may tarixində keçirilən Lotto 6-49 Gold Ball tirajında 1 milyon dollar udub. Bu uduşdan öncə, müxtəlif illərdə 500,000 dollar, yenə 1 milyon dollar udub. 12 il əvvəl isə ilk dəfə olaraq lotoreyada 250,000 dollar əldə edib.
“Ehtimalların astronomik olduğunu bilirəm”, – deyə o, mətbuata açıqlamasında bildirib: “Bir daha baş verəcəyini düşünmürəm, amma yenə də bilet almağı sevirəm”.
Dostlara kömək
Təəccüblü deyil ki, ailəsi bu xəbərə həm təəccüblənib, həm də sevinib. O, CTV News-a deyib: “Bileti yoxladıqdan sonra dostlarla qəhvə içməyə getdim. Onlar bileti görmək istədilər və dedilər: “Yenə?!”
The Independent yazır ki, ötən ilin noyabr ayındakı uduşundan əldə etdiyi vəsaitin bir qismini dostlarına kömək üçün istifadə edib.
Uduşları ilə nə etməyi planlaşdırır?
Səfər planları bu şanslı Alberta sakininin gündəmindədir. O, əvvəlki uduşla həyat yoldaşını Havay adalarına aparmışdı. Bu dəfə isə Kanada daxilində səyahət etməyi düşünür: “İndi isə Newfoundlanda gedəcəyik”.