Klod Laplante: “ABŞ-dakı müştərilər də məhsula 50 faiz çox ödəməyə razı olmayacaqlar”
ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına tətbiq olunan tarifləri 25 faizdən 50 faizə qaldırıb. Prezidentin fərmanı bu gün qüvvəyə minib. Tramp imzaladığı sənəddə bildirib ki, yeni rüsum dərəcəsi “ucuz və artıq polad və alüminium ixrac edən xarici ölkələrə” qarşı daha effektiv olacaq və ABŞ bazarını qoruyacaq.
Ottava isə əlavə rüsumları “qanunsuz və əsassız” adlandırıb. ABŞ-da istifadə olunan poladın təxminən dörddə biri idxal olunur və əsas idxalçı Kanadadır.
Kanada şirkətləri tarif artımının təsiri altındadır
Laplante ailəsi üçün polad biznesi demək olar ki, yüz ildir ki, həyatlarının bir hissəsidir. Polad dam örtükləri və yan örtüklər istehsal edən, eləcə də HVAC və tikinti sənayesi üçün polad rulonlar, vintlər və digər metal məhsullar təklif edən “Ideal Roofing” şirkətinin rəhbəri Klod Laplante CTV News-a bildirib ki, 50 faizlik tarif artımı birbaşa onların biznesinə təsir edir: “Biz 50 faiz artımı udacaq vəziyyətdə deyilik və ABŞ-dakı müştərilər də məhsula 50 faiz çox ödəməyə razı olmayacaqlar”.
Şirkət uzun illərdir ABŞ bazarında fəaliyyət göstərir, həftədə bir neçə dəfə ora yük maşınları göndərir. İndi isə bu fəaliyyətin dayanacağı gözlənilir. Laplantenin oğlu, satış üzrə vitse-prezident Filip Laplant isə deyir ki: “Biz hər zaman Kanada poladını dəstəkləmişik və Kanadada iş yerlərinin qorunmasına çalışmışıq. İndi isə iş yerlərimiz ciddi şəkildə zərər görəcək”.
Əmək təşkilatları: “Güc güclə cavablandırılmalıdır”
Kanada Əmək Konqresinin prezidenti Bea Bruske hökuməti ABŞ-a qarşı əlavə tariflər tətbiq etməyə və bu ölkədən polad və alüminium idxalını dayandırmağa çağırıb: “Biz geri çəkilə bilmərik”.
Nazir Joly: Cavab tədbirləri tezliklə açıqlanacaq
Sənaye naziri Melanie Joly bildirib ki, hökumət müxtəlif cavab variantlarını nəzərdən keçirir və qərar vermək üçün az zaman qalıb. Onun sözlərinə görə, Kanada artıq bəzi ABŞ məhsullarına qarşı cavab tarifləri tətbiq edib və yeni tədbirlər “ABŞ-a maksimum zərər, Kanadaya minimum təsir” prinsipi əsasında hazırlanacaq.
O həmçinin bildirib ki, polad və alüminium sahəsində iş yerləri yaratmaq üçün Kanada infrastruktur və müdafiə layihələrinə sərmayə qoyacaq.
Baş nazir Karni: “Danışıqlar uğursuz olarsa, cavab tədbiri olacaq”
Baş nazir Mark Karni parlamentdə çıxışı zamanı bildirib ki, ABŞ-la intensiv danışıqlar aparılır və paralel olaraq bu danışıqlar uğursuz olarsa, cavab tədbirləri planlaşdırılır: “Qərar vermək üçün bir az vaxtımız var, amma çox yox”.
Mühafizəkarlar fövqəladə debat tələb edir
Mühafizəkar deputat Melissa Lantsman bildirib ki, hökumət Trampla razılıq əldə edə bilməyib və baş nazir Karni verdiyi vədləri yerinə yetirməyib. O, parlamentdə fövqəladə debat keçirilməsini istəyib.
Unifor: Kanada strateji metalların ixracını dayandırmalıdır
Kanadanın ən böyük özəl sektor birliyi Unifor, ABŞ-a strateji metalların ixracının dərhal dayandırılmasını və ABŞ şirkətlərinin Kanada iş yerlərini köçürməsinin qarşısının alınmasını tələb edib. Prezident Lana Payne deyib: “Əgər biz sənayemizi bu gün müdafiə etməsək, onu birdəfəlik itirə bilərik”.
Ford: “Kanada da tarifləri 50 faizə çatdırmalıdır”
Ontario baş naziri Daq Ford bildirib ki, baş nazir Karnidən Kanadanın da eyni şəkildə tarifləri ikiqat artırmasını istəyib: “Biz ABŞ-dan ildə 30 milyard dollarlıq polad alırıq və bu tezliklə dayanacaq”.
Bank of Canada: Tariflər əsas riskdir
Kanada Mərkəzi Bankının rəhbəri Tiff Maklem bildirib ki, tariflər hazırda iqtisadiyyat üçün “ən böyük risk” təşkil edir. O əlavə edib ki, Kanada iqtisadiyyatı hələ ki, bu tariflərə dözə bilir, lakin bu vəziyyət uzun müddət davam edərsə, iqtisadiyyata ciddi təsir göstərə bilər.
“İcmanın yarısı polad zavodundan asılıdır”
Trampın yeni tarif qərarı Ontarionun Sault Ste. Marie şəhərində “qəzəb və narahatlıq” yaradıb, deyə şəhərin meri bildirib. CTV-yə danışan mer Mathyu Şoemaker deyib: “Bizim şəhərin yarısı birbaşa və ya dolayı yolla polad zavodundan asılıdır. ABŞ prezidenti sadəcə bir imza ilə bu məhsulu satmağıımzı iqtisadi baxımdan mənasız etdi”.
O, Kanada hökumətini iki həftə ərzində konkret planla çıxış etməyə çağırıb; ya Kanada təchizatçılarından daha çox polad almaq, ya da işçilərə birbaşa dəstək vermək.
Şərqi Kanadadan enerji ixracı planı
Baş nazir və vilayət başçılarının görüşündən sonra Şərqi Kanadadan enerji ötürülməsi layihəsi “milli layihə” statusu alıb.
Layihə Atlantik Kanada və Kvebekin hidro və külək enerjisini Qərbi Kanadaya və ABŞ-ın Yeni İngiltərə ştatlarına çatdırmağı nəzərdə tutur.
Nova Skoşanın “Wind West” layihəsi ölkənin enerji ehtiyacının 27%-ni təmin edə biləcək gücdədir, deyə vilayət baş naziri Tim Hyuston bildirib.
Foto: Jim WATSON/AFP/Getty Images