Aynur Piriyeva: “Əvvəllər kirayəçini evdən çıxarmaq uzanan proses artıq qısaldılıb”
Xəbər verdiyimiz kimi, Ontarioda kirayəçilər və ev sahiblərinin münasibətlərini tənzimləyən “Bill 60” sənədi artıq parlamentdən keçib. Yeni qanun layihəsində hansı dəyişikliklər var? Bu barədə bizimlə söhbətində Ontario əyaləti üzrə fəaliyyət göstərən əmlakçı Aynurə Piriyeva məlumat verdi. A.Piriyevanın yeni qanun layihəsi haqqında dediklərini sizə təqdim edirik.
- Əvvəllər ev sahibləri kirayə gecikməsi olduğu halda 14 gün gözləməli və daha sonra məhkəməyə müraciət etməli idilər, indi isə bu müddət 7 günə endirilib. Yəni kirayəçi kirayəni bir həftə gecikdirsə, ev sahibi bir həftə sonra məhkəməyə müraciət edə bilər.
- Əvvəllər məhkəmə zamanı kirayəçilər sərbəst şəkildə hər hansı digər problemi qaldıraraq məhkəmənin vaxtını uzada bilərdilər. İndi isə hansısa məsələni qaldırmamışdan öncə kirayəçi borcun 50 faizini ödəməlidir. Amma bu, məhkəmənin qaldırılan yeni problemi qəbul edəcəyi anlamına gəlmir. Məhkəmə əsasəsn qaldırılan yeni məsələləri qəbul etməyəcək. Bu o deməkdir ki, artıq məhkəmə uzadılmayacaq.
- Əvvəllər məhkəmənin qərarından appelyasiya şikayəti vermək üçün hər iki tərəfə 30 gün vaxt verilirdi. İndi bu müddət azldılaraq 15 günə endirilib.
- Əvvəllər ev sahibi öz şəxsi istifadəsi üçün kirayəçidən əmlakını geri istədikdə, ona kompensasiya ödəməli idi. İndi isə kompensasiya məsələsi tamamilə ləğv edilir və bunun əvəzində ev sahibindən 120 gün əvvəl kirayəçiyə xəbərdarlıq verilməsi tələb edilir. Yəni artıq ev sahibi kirayəçini öz şəxsi istifadəsi üçün evdən çıxarmaq istəsə, 120 gün əvvəldən bununla bağlı yazılı xəbərdarlıq etməsi kifayətdir, kirayəçiyə kompensasiya ödəməyə ehtiyac yoxdur.
A.Piriyevanın sözlərinə görə, qəbul edilən yeni qanundan əvvəl ev sahibləri kirayəçini evdən çıxarmaq üçün uzun proseslə qarşılaşırdılar: “Bu proses artıq qısaldılıb. Bu o deməkdir ki, yeni qanun ev sahiblərinin hüquqlarını artırıb, kirayəçilərin hüquqlarını isə azaldıb”.
Qeyd edək ki, Ontario hökumətinin təqdim etdiyi Bill 60, eyni zamanda “Gecikmələrlə Mübarizə, Daha Tez Tikinti Aktı” kimi tanınan sənədin üçüncü oxunuşu bu həftə parlamentdə 71-43 səslə qəbul edildi.
Qeyd edək ki, qanun layihəsinin rəsmi olaraq qüvvəyə minməsi üçün kralın razılığı olmalıdır. Gələn həftə kralın razılıq verəcəyi gözlənilir.
















