Bu ilin ikinci yarısında işsizliyin 7,2 faizə yüksələcəyi, 2026-cı ildə tədricən azalacağı proqnozlaşdırılır
Proqnozlara görə, Kanada iqtisadiyyatı tənəzzülün ilkin mərhələsindədir. İşsizlik səviyyəsinin artması və ABŞ-la ticarət müharibəsi səbəbindən ixracatın azalması bu fikri gücləndirir.
Bu ilin ikinci yarısında işsizlik 7,2 faizə qədər yüksələcək
Bloomberg tərəfindən keçirilən sorğuda iqtisadçılar bildirirlər ki, iqtisadi artımın illik göstəricisi ikinci rübdə 1 faiz, üçüncü rübdə isə 0,1 faiz azalacaq. Bu isə tənəzzül deməkdir.
İxracat kəskin şəkildə azalır. Proqnozlara görə, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tarif təhdidlərinə görə, ABŞ idxalçıları ilin əvvəlində məhsullarını əvvəlcədən gətirdiyindən, bu rübdə ixrac 7,4 faiz azalacaq. Lakin iqtisadçılar ilin sonlarına doğru ixracatın qismən də olsa, bərpa ediləcəyini gözləyirlər.
Kanadanın ən yaxın ticarət tərəfdaşı ilə yaşadığı münaqişə əmək bazarına və ev təsərrüfatlarının xərclərinə mənfi təsir edir. İqtisadçılar bu ilin ikinci yarısında işsizliyin 7,2 faizə qədər yüksələcəyini, yalnız 2026-cı ildə tədricən azalacağını proqnozlaşdırırlar.
Ev qiyməti və satışı aşağı düşüb
İnflyasiyanın da Mərkəzi Bankın hədəf səviyyəsindən yuxarı – üçüncü rübdə 2,1 faiz, dördüncü rübdə isə 2,2 faiz səviyyəsinə qalxacağı gözlənilir. Bu vəziyyət Kanada Mərkəzi Bankı üçün çətinlik yaradır. Bloombergin Dünya Faiz Dərəcələri Proqnozuna görə, iyun iclasında faiz dərəcələrində dəyişiklik ehtimalı 30 faizdən azdır.
Kanada Mərkəzi Bankının rəhbəri Tiff Maklem bildirib ki, “qeyri-müəyyənliyi nə qədər azalda bilsək, pul-kredit siyasətimizlə bağlı qərarlarımızı bir o qədər irəliyə baxaraq verə bilərik”.
İş adamları və istehlakçılar ABŞ-la münasibətlərin necə olacağı ilə bağlı daha çox aydınlıq yaranmasını gözləyirlər. Bu qeyri-müəyyənlik daşınmaz əmlak bazarının da zəifləməsinə səbəb olub – evlərin qiyməti və satışları aşağı düşüb. İqtisadçılar hesab edirlər ki, 2025-ci ilin ikinci yarısında tikinti işləri ikinci rübdəkindən daha zəif olacaq.
Amerika razılığa gəlməsə…
T.Maklem deyib ki, Kanadanın ABŞ-la oturub fikir ayrılıqlarını həll etmək və razılığa gəlmək istəyir: “Bu aydınlığı əldə edə bilsək, yenidən iqtisadi artıma dönmək mümkündür. Əgər proses əks istiqamətdə inkişaf etsə, bu, daha da pis nəticələnəcək”.
Baş nazir Mark Karni yaxın günlərdə Trampla yenidən görüşmək imkanı əldə edəcək. ABŞ prezidenti yenidən hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq Kanadaya səfər edəcək və iyunda Albertada keçiriləcək G7 liderlərinin sammitində iştirak edəcək.
Buna baxmayaraq, Karni bildirib ki, iki ölkə arasında uzun müddət davam edən dərin iqtisadi inteqrasiya dövrü artıq başa çatıb.
İqtisadçılar 2025-ci ildə ölkənin ÜDM-nin 1,2 faiz, 2026-cı ildə isə 1 faiz artacağını gözləyirlər. Bu rəqəmlər əvvəlki Bloomberg sorğusundakı göstəricilərlə üst-üstə düşür.
Sorğu 16-21 may tarixlərində 34 iqtisadçı arasında aparılıb.