İllik inflyasiya may ayında 1.7 faiz səviyyəsində sabit qalıb
Kanada Statistika Komitəsinin açıqlamasına görə, ölkədə illik inflyasiya may ayında dəyişməyib və 1.7 faiz səviyyəsində qalıb. İqtisadçılar hesab edir ki, Kanada Mərkəzi Bankının (KMB) iyulun 30-da faiz endiriminə getməsi üçün daha inandırıcı iqtisadi göstəricilərə ehtiyac olacaq.
Hər şey növbəti 5 həftədə baş verəcəklərdən asılıdır
BMO-nun baş iqtisadçısı Daq Porterin sözlərinə görə, qərarın verilməsində növbəti beş həftədə açıqlanacaq məlumatlar həlledici rol oynayacaq. “İstehlak Qiymətləri İndeksi orta səviyyədə olduğu üçün iyulda faiz endirimi ehtimalı aşağı düşüb”.
Statistika Komitəsi bildirir ki, kirayə haqlarının daha az artması və turizm paketlərinin ucuzlaşması qiymət artımını zəiflədib. Digər tərəfdən, benzin və mobil rabitə xidmətlərindəki cüzi ucuzlaşmalar ümumi inflyasiya azalmasını bir qədər zəiflədib.
Kirayə haqlarında yavaşlama
Kanada Statistika Komitəsi bildirir ki, kirayə haqları illik müqayisədə may ayında 4.5 faiz artıb, bu da apreldəki 5.2 faizlə müqayisədə yavaşlamadır. Ən nəzərəçarpan yavaşlama Ontarioda baş verib. Burada kirayə qiymətləri mayda 3 faiz artıb, apreldə isə bu göstərici 5.4 faiz idi.
Statistika Komitəsi qeyd edir ki, kirayə evlərin daha çox əlçatan olması və ötən ilin yazı ilə müqayisədə əhali artımının zəifləməsi bu yavaşlamaya səbəb olub.
TD Bankın baş iqtisadçısı Endryu Hensik icyimaiyyətə yaydığı təhlildə qeyd edir ki, Ontariodakı mənzil bazarında mövcud çətinliklər qarşıdakı aylarda kirayə haqlarının daha da artmasını məhdudlaşdıra bilər.
Yanacaq və hava nəqliyyatı xərclərində azalma
Yanacaq qiymətlərində endirimlər də enerji qiymətlərini aşağı salıb. İstehlakçı enerjisi qiymətləri may ayında illik müqayisədə 15.5 faiz azalıb (apreldə bu göstərici 18.1 faiz idi). Statistika Komitəsi bildirir ki, benzin qiymətlərindəki azalma əsasən federal hökumətin karbon vergisini ləğv etməsi və əyalət səviyyəsində bu addıma uyğun vergi dəyişiklikləri ilə bağlıdır.
Hava nəqliyyatı xərcləri may ayında illik müqayisədə 10.1 faiz ucuzlaşıb. Eyni zamanda, yeni avtomobillərin qiymətləri 4.9 faiz artıb.
Tariflərin təsiri növbəti hesabatlarda daha aydın görünəcək
RBC iqtisadçısı Ebi Xu yazır ki, avtomobil qiymətlərindəki artım tariflərin ilkin təsiri ola bilər.
CIBC-nin baş iqtisadçısı Ketrin Cac əlavə edir: “Tariflərin təsiri növbəti hesabatlarda daha aydın görünəcək. Lakin işsizlik səviyyəsinin artması fonunda alıcılıq qabiliyyətindəki zəifləmə və Kanada dollarının güclənməsi bu təsirləri azalda bilər”.
Kanada Bankı üçün əsas göstəricilər hesab edilən baza inflyasiya göstəriciləri may ayında 3.1 faizdən 3.0 faizə enib.
CIBC-dən Ketrin Cac bildirir: “Ümumilikdə, əsas inflyasiya göstəricilərindəki yavaşlama Kanada Mərəkəzi Bankı üçün müsbət siqnaldır. Lakin Bank bu tendensiyanın növbəti hesabatda da davam etdiyini görmək istəyəcək ki, iyul ayında faiz endirimini rahatlıqla əsaslandıra bilsin”.
Oktyabrda faiz endirimləri daha çox ehtimal olunandır
Analitiklər may üçün illik inflyasiya göstəricisinin sabit qalacağını gözləyirdilər. CIBC Ekonomiksin ötən həftə yaydığı proqnozlar may üçün 1.7 faizlik göstərici ilə üst-üstə düşüb.
Korpay şirkətinin baş bazar strategi Karl Şamotta bildirir ki, Kanada Bankının oktyabr ayında faiz endirimi daha çox ehtimal olunandır: “İyul hələ də gündəmdədir. Son göstəricilər Kanada iqtisadiyyatının təəccüblü dərəcədə dözümlü olduğunu göstərir. Amma zəifləmə əlamətləri görünməkdədir, inflyasiya açıq şəkildə yavaşlayır və qarşıdakı həftələrdə təqdim olunacaq yeni sübutlar faiz endirimini irəli çəkməyə səbəb ola bilər”.
Şamotta əlavə edir ki, Kanada və ABŞ arasında bir neçə tariflə bağlı qərarın müddəti iyulun əvvəlində başa çatır.
İyul qərarına qədər həm pərakəndə satış hesabatı, iki əmək bazarı göstəricisi, həmçinin istehlakçı və biznes üzrə rüblük sorğular da təqdim ediləcək.
Desjardinsin baş iqtisadçı müavini Rendel Bartlet may inflyasiya göstəricilərini “bütövlükdə müsbət” adlandırır. Onun fikrincə, bu nəticələr əsas inflyasiyadakı son sıçrayışın müvəqqəti olduğunu Kanada Bankına sübut etməkdə yardımçı olacaq: “İnflyasiya gözləntiləri enməyə başlamalıdır. Əgər belə olarsa, bu, Kanada Bankına monetar siyasəti yumşaltmaq üçün daha geniş imkan verəcək. Beləliklə, tariflərlə bağlı qeyri-müəyyənlik və əsas inflyasiyanın sürətlənməsi səbəbilə iyunda faiz dərəcəsini dəyişməyən Kanada Bankının iyulda faiz endirimlərinə yenidən başlayacağını düşünürük”.
ABŞ-da vəziyyət nə yerdədir?
ABŞ-da isə Federal Ehtiyat Sistemi sədri Cerom Pauell çərşənbə axşamı bildirib ki, ABŞ Mərkəzi Bankı tarif müharibəsinin inflyasiya və iqtisadiyyata necə təsir edəcəyinə dair daha aydın mənzərə formalaşana qədər gözləmə mövqeyində qalacaq.
O bildirib: “İnflyasiyaya təsir qısamüddətli ola bilər – bu, qiymət səviyyəsində birdəfəlik dəyişiklik ola bilər. Amma bu təsirin daha davamlı olması da mümkündür”.
ABŞ Federal Ehtiyat Sistemi son dəfə 2024-cü ilin dekabrında faiz dərəcəsini dəyişib – federal fondlar üzrə hədəf diapazonu 25 baza bəndi endirilərək 4.25–4.5 faiz aralığında müəyyən edilib.
Tərcümə: Yahoo Finance
Foto: The Canadian Press/Sean Kilpatrick