Növbəti həftədən etibarən Kanada Mərkəzi Poçtunun işçilərinin tətilə başlaması ehtimalı var. Kanada Poçtu İşçiləri İttifaqı (CUPW) ilə Kanada Poçtu arasında aparılan danışıqlarda hələ də ortaq məxrəcə gəlinə bilməyib. Razılaşma əldə olunması üçün son tarix 22 maydır. Bu da işçilərin işdən uzaqlaşa biləcəyi ən erkən tarixdir.
Kanada Poçtun işçiləri nə istəyir?
Həmkarlar ittifaqı dörd il ərzində 19 faiz maaş artımı, o cümlədən ilk ildə 9 faiz artım təklif edib. Kanada Poçtu isə dörd il ərzində 11,5 faiz maaş artımı təklif edir.
Ümumilikdə, hazırda tərəflər arasında əməkhaqqı, sosial təminatlarının yaxşılaşdırılması, müvəqqəti işçilərin istifadəsi, həftəsonu çatdırılmalar, pensiya məsələləri ilə yanaşı, Kanada Poçtunun maliyyə vəziyyəti əsas müzakirə mövzusudur.
Danışıqlar bu nöqtəyə necə çatdı?
2024-cü ilin noyabrında poçt işçilərinin tətili 32 gün çəkdi və dekabrın 17-də federal hökumət müdaxilə edərək tətili dayandırdı. O vaxt CUPW bu qərarı “azad və ədalətli kollektiv danışıqlar və tətil hüququna hücum” kimi qiymətləndirmişdi.
Tərəflər razılaşma əldə edə bilmədikləri üçün məsələ Sənaye Araşdırma Komissiyasına yönləndirildi və mövcud kollektiv razılaşmanın müddəti 22 may 2025-ci ilə qədər uzadıldı.
İttifaq tələbləri arasında, bazar günləri də daxil olmaqla daha çevik iş qrafiki yer alır, çünki Kanada Poçtu Amazon, UPS, Purolator və FedEx kimi rəqiblərlə rəqabət aparmaq üçün həftənin 7 günü bağlama çatdırmaq istəyir.
Şirkət ötən ilin noyabr tətilləri dövründəki üç aylıq müddətdə 315 milyon dollar itki verdiyini bildirib.
Tətil olacağı təqdirdə, çatdırılmadan asılı olan digər şirkətlər işçi ixtisarları apara bilərlər.
Kanada Poçt hər gün 15 milyon ünvana çatdırma edir
Kanada Poçtu maliyyə baxımından özünü təmin edən korporasiyasıdır və Kanada hökumətinə hesabat verir. O, Kanada iqtisadiyyatının vacib bir hissəsidir, Kanada Poçt ümumilikdə 72,000 kanadalını işlə təmin edir və milyonlarla insanı, icmanı və şirkəti bir-birinə və dünyaya bağlayır. Kanada Poçtu və ona bağlı şirkətlər hər il mallar və xidmətlərə 2,8 milyard dollardan çox vəsait xərcləyir və bu da əlavə olaraq 30,000 iş yeri yaradır.
Hər iş günü Kanada Poçtu təxminən 45 milyon poçt göndərişini təxminən 15 milyon yaşayış və biznes ünvanına çatdırır; bu çatdırılma şəbəkəsi hər il təxminən 200,000 yeni ünvana qədər genişlənir. Kanada Poçtunun həmçinin 6,600-dən çox poçt şöbəsi var ki, bu da ölkənin ən böyük pərakəndə şəbəkəsi deməkdir.