Əhali artımı tamamilə immiqrasiyanın hesabına baş verib
2025-ci ilin birinci rübündə Kanadada əhali artımı demək olar ki, dayanıb. Kanada Statistika Komitəsinin məlumatına görə, yanvarın 1-dən aprelin 1-dək Kanadanın əhalisi cəmi 20,107 nəfər artıb. Bu da COVID-19 pandemiyası dövründə – 2020-ci ilin üçüncü rübündən bəri qeydə alınan ən aşağı artım göstəricisidir (həmin dövrdə əhali sayı 1,232 nəfər azalmışdı).
Hazırda Kanadanın ümumi əhalisi 41 milyon 548 min 787 nəfərdir. Statistika Komutəsi bildirir ki, artım o qədər zəif olub ki, rəsmi olaraq 0.0 faiz kimi qeyd edilib: “Bu, Kanadada 1946-cı ildən bəri aparılan müqayisəli statistikada ikinci ən zəif rüblük artım göstəricisidir. Ondan daha zəif artım yalnız 2020-ci ilin üçüncü rübündə qeydə alınıb və 2014-cü ilin dördüncü rübü ilə eynidir”.
Bu, 2024-cü ildə federal hökumətin həm müvəqqəti, həm də daimi immiqrasiyanın həcmini azaltmaq qərarından sonra əhali artım tempinin ardıcıl olaraq altıncı dəfə zəifləməsidir. Buna baxmayaraq, əhali artımı tamamilə immiqrasiyanın hesabına baş verib, çünki bu rübdə doğulanlardan 5,628 nəfər çox ölüm halı qeydə alınıb.
Kanada 2025-ci ilin ilk rübündə 104,256 immiqrant qəbul edib, lakin eyni dövrdə 17,410 nəfər ölkədən köçüb.
Müvəqqəti sakinlərin sayı azalıb
Digər tərəfdən, müvəqqəti sakinlərin sayı 61,111 nəfər azalıb. Əhali artımı yavaşlasa da, Statistika Komitəsi bildirir ki, immiqrasiya səviyyəsi hələ də yüksəkdir, sadəcə əvvəlki illərə nisbətən aşağıdır.
2024-cü ilin oktyabrında Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi 2025-2027-ci illər üçün immiqrasiya planını təqdim edib. Bu planda ilk dəfə olaraq beynəlxalq tələbələr və müvəqqəti xarici işçilər üçün hədəf sayları da daxil edilib.
“Hökumət son illərdə iqtisadiyyatı dəstəkləmək və əmək bazarındakı ehtiyacları qarşılamaq məqsədilə yeni gələnləri qəbul edirdi. Post-pandemiya tədbirlərindən uzaqlaşdıqca, müvəqqəti və daimi immiqrasiya planının icmaların qəbul imkanları ilə daha yaxşı uyğunlaşdırılmasına ehtiyac yaranır,” – deyə federal hökumət bildirib.