[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada ev heyvanlarının sayı uşaqların sayından 4 dəfə çoxdur – Statistika  

Trendə uyğun olaraq ev heyvanları üçün terraslar, parklar, hotellər və hətta sosial klublar fəaliyyət göstərir

Kanadada demək olar hər 10 evdən 8-i ən azı bir ev heyvanı saxlayır. Bu ölkədə pişik və itlər ən populyar ev heyvanları olsa da, kanadalılar qurbağalardan və ilanlardan tutmuş, tısbağalara qədər geniş çeşiddə heyvanlara da sahib çıxırlar. Madeinca.ca Kanadada ev heyvanları ilə bağlı maraqlı yazı hazırlayıb.

Kanada Statistika Komitəsinin ev heyvanı statistikası

  • 2022-ci ildə Kanadada 28 milyon ev heyvanı olub. (0-18 yaş uşaqların sayı isə 7.3 milyondur)
  • Ev təsərrüfatlarının təxminən 80%-i hansısa ev heyvanına sahibdir.
  • Ailələrin yarısından çoxunda it, pişik və ya hər ikisi var.
  • Kanadalılar 1.4 milyon vəhşi heyvanı ev heyvanı kimi saxlayırlar.
  • Pişik və itlərin 20%-i sahibləri ilə 10 ildən çoxdur birlikdədir.
  • Kanadalılar itlərini pişiklərə nisbətən daha tez-tez baytara aparırlar.
  • Mikroçiplərin qiyməti orta hesabla 50–100 dollar arasındadır.
  • Pişiklərin 80%-i, itlərin isə 70%-i sterilizə olunub.
  • Kanadada 2,538 ev heyvanı mağazası fəaliyyət göstərir və bu sektorda 22,000-dən çox insan çalışır.

Ev təsərrüfatlarının 39%-i it, 37%-i pişik saxlayır. 13% ev həm pişik, həm də it saxlayır. Balıqlar da populyardır – ailələrin 7%-ində akvarium var. Quşlara evlərin 4, dovşan və hamsterlərə 3 faizində rast gəlinir. Atlar, kərtənkələlər, dəniz donuzları, qurbağalar, ilanlar,  cırtdan siçanlar və tısbağalar 1%-dən az ailədə saxlanılır. Digər növ ev heyvanları 1%-dən az evdə mövcuddur.

Qeyri-qanuni və ya lisenziyasız heyvan saxlayanlar bunu bildirmədiyinə görə faktiki say daha yüksək ola bilər.

Ən populyar ev heyvanları

2022-ci ildə ölkədə təxminən 8.5 milyon pişik saxlanılıb, bu da pişikləri ən populyar ev heyvanı edir. Bu, çox vaxt it saxlamaq imkanları olmayanlar və ya müstəqil heyvanlara üstünlük verənlər üçün ideal seçim sayılır. Eyni ildə itlərin sayı 7.9 milyon idi.

Kvebek əyalətində pişik saxlayanlar (67%) it saxlayanlardan (48%) çoxdur. Əvəzində Britaniya Kolumbiyası, Şimal zonası və Manitoba, Saskaçevan, Alberta əyalətlərində ev heyvanı kimi daha çox itlərə üstünlük verilir. Ontario və Atlantik Kanadada isə hər iki heyvan növü bərabər paya sahibdir.

Balıq say (8.51 milyon) baxımından çox olsa da, daha az ailədə saxlandığı üçün populyarlıq üzrə üçüncüdür. Quşlar növbəti yerdədir (2.51 milyon), daha sonra isə 1.22 milyon kiçik məməli və 272,000 sürünən gəlir.

Ev təsərrüfatında 1 milyondan çox vəhşi heyvan

Kanadada 1.4 milyon vəhşi heyvan ev heyvanı kimi saxlanılır. Ən çox saxlanılan heyvanlar: vəhşi pişiklər – 186,000, ilanlar – 164,000, tısbağa və su tısbağaları – 129,000, vəhşi itlər – 126,000, amfibiyalar – 90,000, hörümçəklər – 50,000, timsah və alliqatorlardır – 14,000.

Ən çox vəhşi heyvan saxlanılan əyalət Ontariodur – 588,000 heyvan. Sonrakı yerlərdə Kvebek (286,000) və Alberta (202,000) gəlir.

Ev Heyvanları Sənayesi

Kanadada ev heyvanlarına sahiblik geniş yayıldığından ölkə iqtisadiyyatında böyük rol oynayır. 2025-ci ildə sözügedən sənaye dövriyyəsinin 7.1 milyard dolları keçəcəyi gözlənilir. “IBIS World” ə görə, 2,538 mağaza 22,000-dən çox insanı işlə təmin edir.

Bir uşağa və 1 heyvana illik nə qədər xərc çəkilir?

Secrettoronto.co saytı isə kanadalıların uşaqlardan daha çox ev heyvanı saxlamalarına diqqət çəkib və bunun səbəblərini araşdırıb. Qeyd edək ki, Kanadada 0-18 yaşlı uşaqların sayı 7.3 milyondur – ev təsərrüfatlarında saxlanılan heyvanların sayından 4 dəfə azdır.

Bu meyl bir neçə amillə, xüsusilə də yaşayış xərclərinin artması ilə əlaqələndirilir. Kanadada uşaq böyütmək istər mənzil və uşaq baxımı, istərsə də ərzaq, təhsil baxımından daha baha başa gəlir. Bu səbəbdən, gənc cütlüklər getdikcə daha çox valideyn olmağı gecikdirir və ya tamamilə bu qərardan imtina edərək ev heyvanlarına üstünlük verirlər.

2024-cü ilin iyununda keçirilən sorğuya əsasən, Z nəslinin respondentlərinin 61%-i uşaq əvəzinə ev heyvanı seçəcəklərini bildiriblər.

Kanada Statistika Komitəsinin məlumatına görə, bir uşağı doğulduğu andan 17 yaşına qədər böyütməyin ümumi xərci təqribən 293 min dollar təşkil edir. Bu isə ildə orta hesabla 17 min 235 dollar deməkdir. Müqayisə üçün bildirək ki, it saxlamağın illik xərci 1,418–4,485 dollar arasında dəyişir, pişik üçün bu rəqəm orta hesabla 2,800 dollardır.

Urbanizasiya da bu sahədə mühüm rol oynayır. Daha çox kanadalı çoxmərtəbəli binalarda yaşadığı üçün böyük ailələrə nisbətən ev heyvanları onların həyat tərzinə daha çox uyğun gəlir.

Heyvanlar üçün hotellər və sosial klublar

Qeyd edək ki, Kanada biznesləri bu trendə uyğunlaşır və istər yaşayış sahələrində, istər səyahətdə, istərsə də pərakəndə satış yerlərində ev heyvanlarını nəzərə alan daha çox xidmətlər təklif edirlər. Toronto şəhərində ev heyvanları üçün terraslar, parklar, hotellər və hətta sosial klub fəaliyyət göstərir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp