[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada gənclərin işsizlik səviyyəsi digər ölkələrdən daha sürətlə artır  

“Kanada iqtisadiyyatı çətin bir dövrə girir və bu vəziyyətdən ən çox gənclər zərər görür”

Kanadada gənclərin işsizlik səviyyəsi 13.4% olub. Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD – Organisation for Economic Co-operation and Development) ölkələri arasında ən yüksək göstərici olmasa da, artım sürəti baxımından birincidir. Kanadalı gənclər, digər inkişaf etmiş böyük ölkələrlə müqayisədə daha sürətlə pisləşən əmək bazarı ilə üz-üzə qalıblar.

38 inkişaf etmiş ölkə arasında ən çox geriləmə

Son iki il ərzində Kanadada 15-24 yaş arası gənclər arasında işsizlik 3.6 faiz artıb. Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 25 ən böyük iqtisadiyyatı arasında ən kəskin artımdır. Bu ölkələr arasında ABŞ, Böyük Britaniya və Avstraliya da var.

2024-cü ilin birinci rübündə Kanadada gənclərin işsizlik səviyyəsi 13.4 faiz olub. Bu, İspaniyadakı 26.2 faizlə müqayisədə daha aşağı olsa da, əsas ölkələr arasında ən sürətli artım tempini göstərib. Ümumilikdə 38 OECD ölkəsi arasında Kanada bu göstəriciyə görə ilk sıralarda yer alır. Yalnız Finlandiya və Yeni Zelandiya kimi altı ölkədə daha böyük artım qeydə alınıb. Qeyd edək ki, bu vəziyyət əsasən ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdən əvvəl baş verib.

Səbəb

Pandemiyadan sonra immiqrasiyanın kəskin artması və Kanada iqtisadiyyatının ABŞ ticarət siyasətindən asılı olması iş yerlərinin azalmasına səbəb kimi göstərilir. İqtisadiyyatın yavaşlaması, bizneslərin bağlanması, avtomatlaşdırmanın artması və istehlakçı davranışındakı dəyişikliklər gənclər üçün iş imkanlarını sürətlə azaldır.

 Hər 7 kanadalı gəncdən biri iş tapa bilmir

May ayına olan məlumata görə, hər yeddi kanadalı gəncdən biri iş tapa bilmir və onlar digər yaş qrupları ilə müqayisədə iki dəfədən çox işsiz qalma ehtimalına malikdir.

Yay mövsümü başladıqda, 15-24 yaş arası təhsilini davam etdirən tələbələr arasında işsizlik 20.1 faiz olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3.2 faiz artım deməkdir.

“Atkinson Fondu” nun əməkdaşlıq etdiyi iqtisadçı Armina Yalnizyanın Financial Posta verdiyi açıqlamada deyir ki, hər hansı yaş qrupu üçün 20 faizlik işsizlik göstəricisi iqtisadi tənəzzül deməkdir: “Bu, sağlam bir əmək bazarı göstəricisi deyil. Kanada iqtisadiyyatı çətin bir dövrə girir və bu vəziyyətdən ən çox gənclər zərər görür”.

2023-cü ildən başlayan işsizlik

Xarici tələbə və müvəqqəti işçi axını 2023-cü ildə Kanadanın əhali artım tempini dünyada ən yüksək səviyyəyə çatdırdı. Bu da iş axtaranların sayını kəskin dərəcədə artırdı. Sonradan Liberal hökumət immiqrasiyanı məhdudlaşdırsa da, gənclərin işsizlik səviyyəsi son bir ildə yüksək olaraq qalıb.

Əsasən gənclərin işlədiyi sahələrdə – pərakəndə ticarət, restoran və turizm – məşğulluğun azalması vəziyyəti daha da ağırlaşdırır.

Indeed iş saytının baş iqtisadçısı Brendon Bernard bildirir ki, gənclər iş bazarında daha çox axtarışda olan qrupdur: “Onlar təcrübəsiz olduqları üçün işəgötürənlərin ilk seçimi olmurlar. Yalnız işçi axtarışı artan zaman onların arasından seçim edilir, amma tənəzzül başlayanda ilk zərbəni də onlar alır”.

Adrian Penni 95 kvadrat futluq yerdə həm işləyir, həm də yaşayır

Lakin iş axtarmayan gənclər belə çətinlik çəkirlər. Karyera və gəlir baxımından məhdud imkanlar, eləcə də yaşayış və kirayə xərclərinin artması onların həyat səviyyəsini aşağı salıb. Məsələn, özünü “ac qalan sənətçi” adlandıran videoprodüser Adrian Penni Kanadanın “ən kiçik mənzili” ndə – avtomobil dayanacağının ölçüsündə olan 95 kvadrat futluq yerdə yaşayır. Penny əvvəllər memarlıq firmasında çalışıb və işdən çıxarılandan sonra öz videobiznesini qurmaq istəyib. Kirayə yerlərinin baha olması səbəbindən bu kiçik yeri həm ev, həm də ofis kimi istifadə edir. Kirayə xərci 700-dollar civarındadır: “Əgər hər iki həftədən bir sabit əməkhaqqı alsaydım, yəqin ki, bu mənzildə yaşamazdım. Gəlirim qeyri-sabit olduğuna görə kirayə haqda çox düşünmək məcburiyyətində olmamaq xoşuma gəlir. Özümü ac sənətkar kimi görürəm. Bu düşüncə tərzi mənə dəbdəbədən imtina edib yaradıcılığa fokuslanmağım üçün bəhanə verir.”

İlin sonuna qədər ümumi işsizlik səviyyəsi 7 faizdən 7.8 faizə yüksələcək

İlin birinci rübündə ümumi daxili məhsul (ÜDM) gözləntiləri üstələsə də, “Bloomberg”in sorğusuna görə iqtisadçılar aprel ayından etibarən iki rüb ardıcıl azalma gözləyirlər. Onların proqnozuna görə, ilin sonuna qədər Kanadanın ümumi işsizlik səviyyəsi 7 faizdən 7.8 faizə yüksələcək. Bu da pandemiyadan sonraki dövr istisna olmaqla, 2011-ci ildən bəri ən yüksək göstərici olacaq. 2025-ci il üçün ÜDM artımı 1.2 faiz səviyyəsində gözlənilir. Bu, 2024-cü ildəki 1.6 faizdən aşağıdır.

Armina Yalnizyan əlavə edir ki, iqtisadi artım 1 faizin ətrafında dayanırsa, bu, çox tez bir zamanda tənəzzülə çevrilə bilər. “Tənəzzüllər heç vaxt gənclər üçün yaxşı şeylər vəd etmir. Gənclərin işsizlik səviyyəsi, tənəzzül hələ başlamamışdan əvvəl də tarixən yüksək idi. Bu da o deməkdir ki, vəziyyət daha da pisləşəcək”.

Foto: SOS Children’s Villages

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar