Kanadanın Manitoba əyalətində təxminən 17,000 nəfər sürətlə yayılan meşə yanğınlarına görə evlərini tərk edib. Uzaq bölgələrdə yaşayan bəzi sakinlərin təxliyəsi üçün hərbi təyyarələr və helikopterlər cəlb olunub, çünki yanğınsöndürənlər daha da böyüyən alovlarla mübarizə aparırlar.
Rəsmi məlumatlara görə, 188-dən çox yanğın baş verir və tüstü sıx şəkildə həm Kanadaya, həm də ABŞ-ın bəzi ərazilərinə yayılıb.
Saskaçevan və Manitoba əyalətləri bir aylıq fövqəladə vəziyyət elan edib və yanğınlarla mübarizə üçün beynəlxalq yardım istəyiblər. Saskaçevan əyalətində 17 meşə yanğını mövcuddur, bunlardan 8-i nəzarət altına alınmayıb. Kanada Meşə Yanğınlarına Nəzarət Mərkəzi (CIFFC) bölgədəki vəziyyəti ekstremal olaraq təsnif edir.
Saskaçevanın baş naziri Skott Moe şənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, əgər quraq hava davam edərsə, təxliyə olunanların sayı 10,000-ə çata bilər: “Növbəti 4-7 gün hava şəraiti dəyişənə və şimal bölgələrində güclü yağış yağana qədər vəziyyət kritik olacaq”.
Alberta və Britaniya Kolumbiyası əyalətlərində də yanğınların yayılması ilə əlaqədar təxliyə əmrləri verilib. Kanada Silahlı Qüvvələri, Manitoba Meşə Yanğınları Xidməti və Şəhər Axtarış və Xilasetmə Qrupu helikopterlər və hərbi təyyarələrlə insanları təhlükəsiz bölgələrə köçürürlər.
Manitobanın Flin Flon şəhərində (əhali 5,000 nəfər) artıq yalnız yanğınsöndürənlər və insanlara yardım edən işçilər qalıb.
Əyalətin yanğınlarla bağlı son hesabatına əsasən, Manitobada hazırda 25 aktiv yanğın var, 11-i nəzarətdən çıxıb. Ətraf Mühit və İqlim Dəyişikliyi üzrə Kanadanın meteoroloqu Danielle Desjardins bildirib ki, hava proqnozu vəziyyətin yaxşı olmayacağından xəbər verir. Saskaçevanın bəzi hissələrində soyuq hava kütləsi gözlənilsə də, yanğın bölgələrindəki problemlərin həllinə təsiri olmayacaq. Desjardins əlavə edib ki, külək, isti hava və yağışsızlıq yanğınların yayılması üçün ideal şərait yaradır.
Amerikanın Minnesota ştatının şimalında sakinlərə xəbərdarlıq edilib ki, tüstü səviyyəsi “hər kəs üçün zərərli ola bilər”. Digər bölgələrdə isə xüsusi qruplar üçün hava xəbərdarlıqları bazar ertəsi axşamına qədər qüvvədədir.
Qeyd edək ki, Kanada 2023-cü ildə tarixinin ən pis meşə yanğın mövsümünü yaşayıb. Həmin dövrdə təxminən 17.3 milyon hektar ərazi yanıb.