Hökumət gələn ay milli fırıldaqçılıqıa mübarizə strategiyasını təqdim edəcək
Gələn ay ölkənin ilk milli fırıldaqçılıqla mübarizə strategiyası təqdim ediləcək.Bu barədə maliyyə naziri Fransua-Flip Şampan keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu strategiya banklardan fırıldaqların qarşısını almaq və onları aradan qaldırmaq üçün plan hazırlamağı tələb edəcək.
Nazir həmçinin bildirib ki, federal hökumət yeni Maliyyə Cinayətləri Agentliyi yaradacaq. Bu qurum pul yuyulması, maliyyə fırıldaqları ilə mübarizə aparmaq üçün əsas icra orqanı olacaq: “Fırıldaqçılıq bütün sektorlarda müşahidə olunur, çünki dələduzlar qurbanları hədəfə almaq üçün getdikcə daha çox SMS, e-poçt və sosial mediadan istifadə edirlər. Bu isə o deməkdir ki, texnologiya, telekommunikasiya və maliyyə sektorlarında fəaliyyət göstərən şirkətlər məsuliyyətlərini artırmalıdırlar”.
Kanada Fırıldaqçılıqla Mübarizə Mərkəzinin məlumatına görə, kanadalılar 2024-cü ildə maliyyə fırıldaqlarına görə 643 milyon dollar itiriblər. Bu, 2020-ci ildən bəri 300 faiz artım deməkdir. Amma mərkəz bildirir ki, bu hallarının yalnız 5-10 faizi rəsmi şəkildə bildirilir.
Kanada Bankçılar Assosiasiyasının (CBA) təxminlərinə görə, fırıldaqçılığın illik real təsiri təxminən 11 milyard dollar və ya ölkənin ÜDM-nin 0,53 faizi qədərdir.
F.Şampan qeyd edib ki, hazırda hökumətdə müxtəlif fırıldaqçılıqla mübarizə orqanları mövcuddur, lakin maliyyə cinayətləri ilə mübarizə üçün “fərqli yanaşma” lazımdır. Çünki bu cinayətlər daha mürəkkəbləşib və xüsusilə yaşlı və həssas vətəndaşlara təsir edir. 2024-cü ildə itirilən 643 milyon dollardan 176,6 milyon dollar yaşlı insanlardan oğurlanıb: “Bu iş üçün ixtisaslaşmış kadrlar lazımdır. Biz hökumətin müxtəlif bölmələrindən təcrübəli əməkdaşları cəlb edəcəyik. Araşdırma səlahiyyətlərinə, lazımi bacarıqlara və mütəşəkkil cinayətkarlığa qarşı real mübarizə aparmaq gücünə malik agentlər tələb olunur”.
Foto: Justin Tang /The Canadian Press
















