Baş nazir Mark Karni seçkidən sonrakı ilk mətbuat konfransında prioritetlərini açıqladı
Baş nazir Mark Karni aprelin 28-də keçirilmiş seçkilərdən dörd gün sonra, cümə günü ilk mətbuat konfransında hökumətinin prioritetlərini açıqladı. CTV News-a istinadən Karninin prioritetlərini təqdim edirik.
Kanadanın davamlılığının gücləndirilməsi
Karni bildirib ki, onun ilk prioriteti mayın 6-da ABŞ prezidenti Donald Trampla Vaşinqtonda keçiriləcək görüşdür. Onun sözlərinə görə, bu görüşdə ABŞ-ın Kanadaya tətbiq etdiyi tariflər və iki ölkə arasındakı ümumi münasibətlər müzakirə ediləcək: “Mən bu görüşə çətin, amma konstruktiv müzakirələr gözləntisi ilə gedirəm – prezidentlə aramızdakı söhbətlər də bu ruhda olub. Bu cür görüşlərə yaxşı hazırlaşmaq, qarşı tərəfin məqsədlərini başa düşmək və hər zaman Kanadanın maraqlarına uyğun davranmaq vacibdir”.
O, bu görüşün ilkin xarakter daşıdığını və ictimaiyyətin dərhal nəticələr gözləməməli olduğunu qeyd edib.
Karni Kanada üçün “ən yaxşı razılaşma” uğrunda mübarizə aparacağını və buna nail olmaq üçün lazım gəldiyi qədər vaxt sərf edəcəyini bildirib.
Birləşmiş Kanadaya ehtiyac var
Karni həmçinin iyulun 1-dək daxili ticarətə olan maneələrin aradan qaldırılacağına söz verib: “Biz öz iqtisadiyyatımıza, gəlirlərimizə, iş yerlərimizə daha böyük dəstək verə bilərik; birləşmiş Kanada iqtisadiyyatı qurmaqla, ölkəni birləşdirən layihələrə yönəlməklə, məhsuldarlığı artırmaqla, gəlir israfını azaltmaqla və bu ölkəyə investisiya cəlb etməklə. amerikalılarla danışıqlar davam edərkən biz bu mövzulara diqqət yetirəcəyik. Əgər bu danışıqlar daha uzun sürərsə, qoy sürsün”.
“Trampla görüşə hazır vəziyyətdə gedəcəm”
ABŞ Prezidenti Trampın aylardır davam etdirdiyi fasiləli ticarət müharibəsinə əlavə olaraq, o, dəfələrlə Kanadanı ABŞ-ın ştatına çevirmək istədiyini bildirib. Kanadadakı federal seçki günü də bunu sosial mediada təkrarlayıb. Jurnalistin Ukrayna Prezidenti Volodimir Zelenskinin martın əvvəlində Oval ofisdə qarşılaşdığı gözlənilməz təzyiq olacağı təqdirdə, necə yayınacağı ilə bağlı sualı cavablandıran Karni bildirib ki, görüşə tam hazır şəkildə gedəcək və Trampın məqsədlərini anlayaraq hərəkət edəcək.
“Bu böhran dövründə liderlər birlikdə çalışmalıdır”
Karni öz planlarını tez reallaşdırmaq üçün mayın 12-si başlayan həftədə yeni kabinetində and içəcəyini bildirib. O, sabiq baş nazir Castin Trudonun kabinetdə yaratdığı gender bərabərliyi prinsipinə sadiq qalacağını və qadınlarla kişilərin bərabər təmsil olunacağını qeyd edib.
Parlamentin iclasları mayın 26-da bərpa olunacaq, ertəsi gün isə kral III Çarlzın taxt çıxışı olacaq. Parlamentin iyunun 20-dək fəaliyyət göstərməsi planlaşdırılır.
Karni bazar ertəsi keçirilən seçkilərdə kreslosunu itirmiş Mühafizəkarlar Partiyasının lideri Pyer Pualyevr üçün təcili aralıq seçki elan edəcəyini bildirib.
O, azlıq hökumətini ayaqda saxlamaq üçün Yeni Demokratlarla (NDP) koalisiya qurmaq planlarının olmadığını bildirib: “Bu böhran dövründə liderlər birlikdə çalışmalı, kanadalıları dəstəkləməlidir”.
Karni bildirib ki, bütün əyalətlərlə və yerli xalqlarla tərəfdaşlıq etmək vacibdir: “Parlamentdə isə qanunların qəbul edilməsi üçün əksəriyyətin dəstəyini qazanmalı olacağıq”.
Yaşayış xərcləri ilə bağlı tədbirlər
Karni yeni vergi dəyişikliklərini tez tətbiq etməyə və ölkə üzrə ev tikintisini sürətləndirməyə söz verib. Onun sözlərinə görə, gəlirləri ən aşağı səviyyədə olanlara tətbiq edilən vergi dərəcəsinin 1 faiz azaldılması – Liberal Partiyanın “orta təbəqəyə vergi endirimi” adlandırdığı təşəbbüs – iyulun 1-dək qüvvəyə minəcək.
O, həmçinin ilk dəfə ev alanlar üçün qiyməti 1 milyon dollardan aşağı olan yeni evlərə görə GST (ƏDV) vergisinin ləğv ediləcəyini və əvvəlki hökumətin stomatoloji proqramının genişləndirilərək 8 milyon nəfəri əhatə edəcəyini bildirib.
Bu tədbirlərin qısamüddətli rahatlıq yaradacağını desə də, Karni yüksək mənzil qiymətlərinin öhdəsindən gəlmək üçün ev tikintisinin genişləndirilməsinin vacibliyini qeyd edib.
Kanadada tamamilə yeni mənzil sənayesi
O, modul və prefabrik evlərin təşviqi ilə “Kanadada tamamilə yeni mənzil sənayesinin” yaradılacağını vəd edib. Bunun üçün “Build Canada Homes” adlı yeni qurumun yaradılacağını və özəl tikinti şirkətlərinə 25 milyard dollaradək maliyyə dəstəyi veriləcəyini bildirib: “Gələn həftələrdə iqtisadiyyatımızı İkinci Dünya Müharibəsindən bəri ən böyük transformasiyaya aparmaq məqsədilə kanadalılarla necə əməkdaşlıq edəcəyimizə dair daha ətraflı planı açıqlayacağam”.
Milli təhlükəsizliyə sərmayə
Karni sərhəd təhlükəsizliyini gücləndirmək üçün Kanada Sərhəd Xidmətləri Agentliyinə 1000 yeni əməkdaş, hüquq-mühafizə orqanlarını gücləndirmək üçün isə Kral Atlı Polisi (RCMP) sıralarına daha 1000 nəfərin cəlb ediləcəyini bildirib.
O, avtomobil oğurluğu, ev basqını, insan alveri və qaçaqmalçılıq kimi cinayətlərə görə girov qanunlarını sərtləşdirəcəyini vəd edib.
Karni həmçinin Kanada Silahlı Qüvvələrinə ayrılacaq vəsaitin artırılacağına toxunub. Onun proqramında ən iri investisiya – müdafiə xərclərinin 31 milyard dollar artırılmasıdır.
Baş nazir bildirib ki, onun hökuməti NATO-nun illik ÜDM-in 2 faizini müdafiəyə ayırmaqla bağlı tələbini 2030-cu ilə qədər yerinə yetirəcək. Bu səviyyə son onilliklərdə əldə olunmayıb. Müdafiə ilə bağlı öhdəliklərin çoxu isə onun vəzifə müddətinin sonlarına təsadüf edəcək.
Müvəqqəti immiqrasiyaya məhdudiyyət
Karni hökuməti 2028-ci ilə qədər müvəqqəti işçilər və beynəlxalq tələbələrin sayını ölkə əhalisinin 5 faizindən aşağıda saxlayaraq immiqrasiyanı “davamlı səviyyəyə” qaytarmağı planlaşdırır. Bu göstərici hazırda 7.3 faizdir.
Bu addımın əvvəlki hökumət dövründə, əvvəlki immiqrasiya naziri Mark Miller tərəfindən də vəd edildiyini xatırladan Karni, bunun mənzil və sosial xidmətlər üzərindəki təzyiqləri azaldacağını bildirib.
Karni, Trudo hökumətini pandemiyadan sonra immiqrasiyanın çox sürətli və davamlı olmayan templə artmasına yol verdiyi üçün tənqid edib.
Seçki kampaniyası zamanı o bildirmişdi ki, Kanada yeni immiqrantlara layiqincə dəstək göstərə bilməyib, çünki kifayət qədər mənzil və digər xidmətlər təmin edilməyib.
Foto: The Canadian Press /Adrian Wyld