Ontario əyalətində iş axtaran yeni gələnlər (newcomers) üçün iş müsahibəsi mərhələsini qazanmaq və biliklərinə, təcrübələrinə uyğun iş tapmaq daha asan olacaq. 2026-cı il yanvarın 1-dən etibarən Ontarionun Əmək Standartları Aktına (Employment Standards Act – ESA) edilən dəyişikliklər çərçivəsində ictimaiyyətə açıq iş elanları üçün bir sıra yeni tələblər qüvvəyə minəcək.
Kanada iş təcrübəsi tələbinə qadağa
Ən mühüm dəyişikliklərdən biri iş elanlarında və ya müraciət formalarında Kanada iş təcrübəsinin məcburi şərt kimi tələb olunmasının qadağan edilməsidir. Bu məsələ uzun illərdir ki, əyalətdə iş axtaran ixtisaslı yeni gələnlər üçün ciddi maneə kimi tənqid edilirdi.
Hazırda bəzi işəgötürənlər “Kanada iş təcrübəsi”ni məcburi tələb kimi qeyd edə bilirlər. Tənqidçilər bildirirlər ki, bu praktika güclü ixtisas və bacarıqlara malik, lakin yerli təcrübəsi olmayan yeni gələnlərin əmək bazarında ədalətli rəqabət aparmasına mane olur.
Qeyd edək ki, yeni qaydalar iş elanı verildiyi gün 25 və ya daha çox işçisi olan işəgötürənlərə şamil ediləcək.
2026-cı ildən iş axtaranlar üçün digər vacib dəyişikliklər
-
Gözlənilən əmək haqqı mütləq göstərilməlidir.
İşəgötürənlər bütün ictimai iş elanlarında gözlənilən maaşı və ya maaş aralığını açıqlamalıdırlar. Maaş aralığı göstərilirsə, minimum və maksimum məbləğ arasındakı fərq ildə 50.000 dollardan çox ola bilməz. Bu qayda ildə 200.000 dollardan çox maaş verilən və ya maaş aralığının yuxarı həddi 200.000 dollardan artıq olan işlərə şamil edilmir.
-
Süni intellektdən (AI) istifadə açıqlanmalıdır.
Əgər işəgötürən işə qəbul prosesində süni intellektdən (AI) istifadə edirsə, bu fakt iş elanında açıq şəkildə qeyd olunmalıdır. Bu şəffaflıq yeni gələnlərə müraciətlərini avtomatlaşdırılmış sistemlərə daha uyğun şəkildə hazırlamağa kömək edəcək.
-
Vakansiyanın real olub-olmadığı bildirilməlidir.
İş elanlarında reklam edilən vəzifənin həqiqi, mövcud vakansiya olub-olmadığı açıq şəkildə göstərilməlidir. Bu qayda gələcək ehtiyaclar üçün və ya əmək bazarını “yoxlamaq” məqsədilə (məsələn, LMIA tələbləri üçün) saxta elanların qarşısını almaq üçün nəzərdə tutulub. Belə elanlar iş axtaranları çaşdırır və vaxt itkisinə səbəb olur.
-
Müsahibədən sonra namizədlərə məlumat verilməlidir.
Əgər işəgötürən namizədlə müsahibə aparıbsa, işə qəbul qərarının verilib-verilmədiyi barədə namizədi məlumatlandırmaq məcburiyyətindədir. Bu məlumat müsahibədən (və ya son müsahibədən) sonra 45 gün ərzində verilməlidir. Bildiriş şəxsən, yazılı şəkildə və ya rəqəmsal vasitələrlə göndərilə bilər.
















