Vəli Quliyev: “Planlaşdırılmamış, maddi baxımdan heç bir hazırlıq görmədən, burada bir tanış tapmadan təyyarəyə minib gəlməyi doğru hesab etmirəm”
Ötən həftə Kanadadakı icmamızın sosial şəbəkədəki qruplarından birində başlanan yardım kampaniyası söz-söhbətə gətirib çıxardı. Məlum oldu ki, Azərbaycandan Kanadaya iki uşaqla gələn xanım heç kimi tanımadığından və cibində pul olmadığından 15 saat hava limanında qalıb. Həmyerlimiz Vəli Quliyevin həmin xanıma kömək məqsədilə yardım kampaniyası başlatması isə sosial şəbəkədə müzakirəyə səbəb olub. Bir neçə dəfə belə yardım kampaniyaları keçirən Vəli Quliyevlə bu məsələyə aydınlıq gətirdik.
Qeyd edək ki, V. Quliyev 1994-cü ildə Bakıda anadan olub. Azərbaycanda 10 ildən artıq ictimai-siyasi fəaliyyətlə məşğul olduğunu deyir. 2020-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində millət vəkilliyinə namizədliyini verib. 2021-ci ildən Kanadada məskunlaşıb. Hazırda karyerasını logistika sahəsində qurmağa çalışır. Hədəfi özünə logistika şirkəti qurmaqdır.
– Bir neçə dəfə Kanadaya yeni gələn ailələr üçün yardım kampaniyası təşkil etmisiniz. İnsanlarda belə bir sual yaranır. Maddi problemlə üzləşən bu adamlar sizi necə tapırlar? Necə olur, buradakı Azərbaycan təşkilatlarından deyil, sizdən kömək umurlar?
– Bəzən insanların müraciət etdiyi ünvan, təqdim olunan imkanlardan yox, göstərilən münasibətlərdən doğur. Mənə müraciət edənlərin əksəriyyəti əvvəl yardım etdiyim kampaniyalardan xəbəri olanlardır. Onlar mənimlə ya dostlarının tövsiyəsi ilə, ya da sosial media üzərindən tanıyaraq əlaqə saxlayırlar. Yəni burada başqa bir məqsəd, yaxud sırf şəxsimlə bağlı heç bir bağlılıq yoxdur.
Təşkilatlara müraciətə gəlincə, məncə, insanlar daha çox rəsmi cavab yox, real həll yolu istəyirlər. Məsələn, yardım istəyəndə kiminsə gec cavab verməsi deyil, bir neçə saat sonra həll yoluyla geri dönməsi onlar üçün daha önəmlidir. Bu ehtiyac məndən qarşılanırsa, bu, mənim üçün həm sevindirici, həm də düşündürücüdür. Sözügedən vəziyyət həm də Kanadada fəaliyyət göstərən Azərbaycan təşkilatları üçün bir siqnaldır ki, insanlar kömək üçün onlara deyil, fərdlərə müraciət edirsə, burada onların ya ünsiyyət, ya da empatiya çatışmazlığı var. Çox vaxt həmyerlilərimiz sadəcə onlara uzadılmış yardım əlini görmək istəyirlər. Məsələ bundan ibarətdir. Burada başqa bir səbəb axtarmağa ehtiyac yoxdur. Mən də həmişə həssas qruplara kömək etməyə çalışmışam. Əgər tək bəy gəlib hava limanında qalsa, gəlməmişdən əvvəl bunları araşdırmaq lazım olduğunu deyərəm. Bu dediklərim eynilə xanımlara da aiddir. Amma kömək etdiyim xanımın iki azyaşlı uşağı ilə köməksiz qalması mənim üçün həssas nöqtədir. Buna görə də xanımın vəkili olan həmyerlimiz mənə zəng edəndə hava limanına getdim, uşaqlar çox ağlayırdılar, nə yardım edə biləcəyimi soruşdum. Əvvəlki kimi icmamıza müraciət etmək qərarına gəldim. Yardım edənlərin hər birindən Allah arzı olsun. Xanım üçün 1070 CAD yığıldı. 50 dollarını xanıma nömrə aldım, yerdə qalanını da özünə təqdim etdim.
– Həmişəki kimi yardım kampaniyası başlatmışdınız. Yardım kampaniyası ilə bağlı son paylaşımınıza insanlar niyə belə reaksiya verdilər və sizcə, haqlı tərəfləri varmı? Yoxsa, haqsız olduqlarını düşünürsünüz?
– Haqlı tərəfləri var. Kanadaya plansız şəkildə, maddi vəsait olmadan gəlməyin nə qədər problemə yol açdığını yazırlar, haqlıdırlar. Haqsız tərəf ondan ibarətdir ki, bir xanım artıq iki uşağıyla gəlib və 15 saaatdan çox hava limanında heç bir kömək olmadan oturub gözləyir, uşaqlar da yemək, yatmaq istəyirlər. Xanım bəlkə də gözləyirdi ki, bir ümid, bir yardım olar. Mən də bu nöqteyi-nəzərdən kömək etməyə çalışdım. Yenə təkrar edirəm, Kanadaya bu cür gəlməyin yanlış tərəfləri var. Planlaşdırılmamış, maddi baxımdan heç bir hazırlıq görmədən, burada bir tanış tapmadan təyyarəyə minib gəlməyi doğru hesab etmirəm. Bir məsələni də açıq deyim, bu məsələdə onlara viza işlərində kömək edənlər, yönləndirənlər də var ki, onlar hər şeyi izah etməli idilər.
– İnsanlar düşünürlər ki, söhbət etdiyimiz məsələ ilə bağlı fövqəladə bir vəziyyət yox idi. Yəni icmamızdan, Allah eləməmiş, kiminsə xəstəliyi, qəfləti ölüm halı olsa, yaxud kimisə gözlənilmədən küçəyə atsalar, bu zaman əminəm ki, buradakı həmyerlilərimiz birlik olub həmin adamı, yaxud yaxınını maddi dəstəklə o vəziyyətdən çıxaracaqlar. İrad bildirənlərin çoxu iki uşaqla Kanadaya pulsuz gəlməyin məsuliyyətsiz bir addım olduğunu düşünürlər. Sizcə, günah kimdədir – iki uşaqla Kanadaya pulsuz ayaq basanlarda, yoxsa onları aldadaraq burada onlara hərtərəfli yardım ediləcəyinə inandıranlarda?
– Günahın ən çoxu viza işlərini həll edənlərdədir. Külli miqdarda vəsait alaraq buraya insan göndərirsən. Aldığın vəsaitin qarşılığında göndərdiyin şəxslərə detallı məlumat ver, nə ilə qarşılaşacaqlarını izah elə, Kanadada vəziyyətin necə olduğunu başa sal və s. Buraya gəlmək istəyən dost-tanış dəfələrlə mənimlə əlaqə saxlayıblar. Hər birinə detallı məlumat vermişəm. Buraya gələrkən ciblərində kifayət qədər pul olmasının, işsiz qalmamaq üçün gəlməmişdən əvvəl bir sənət, peşə öyrənməyin vacibliyini izah etmişəm. Məndən inciyənlər də, paxıllıq etdiyimi, onların buraya gəlməsini istəmədiyimi düşünənlər də olub. Amma hər bir halda nə ilə qarşılaşacaqlarını, onları hansı sürprizlərin gözlədiyini detallı şəkildə izah etmişəm. Kanadaya viza məsələlərində kömək edənlər də eynisini etməlidirlər. Bundan başqa, gələn adam hər şeyi özü də araşdırmalıdır.
– Xanım yəqin viza məsələlərini hansısa şirkətlə həll edib…
– Bəli.
– Bildiyimiz kimi, Kanadaya gələnlər viza işini həll edən şirkətlərə ən azı 10 min USD ödəniş edirlər. Buraya gələndə də təyyarə biletinə kifayət qədər pul xərcləyirlər və təyyarədən düşəndə cibdə bir qəpiyin olmaması, nə dərəcədə doğrudur? Sizcə, bu cür yardım kampaniyaları keçirməyiniz sui-istifadəyə gətirib çıxarmaz ki?
– Tamamilə haqlısınız. Mən bunun bu tərəflərini də götür-qoy etdim. Son statusu yazmaqda məqsədim ondan ibarət idi ki, sabah bənzər proseslər baş versə, yenə hədəf taxtasında mən olmayım. Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, borcla gələnlər, burada pulsuz qalanlar da çoxdur. Bundan öncə bura gələn ailə var ki, sığınacaqda yerləşmələrinə kömək etmişəm, bir ildən çoxdur ki, orada yaşayırlar. Onların vəsaiti kifayət qədər deyildi. O vəsaitlə özlərini müvəqqəti idarə etdilər, sonra hökumətin sosial müavinətlərindən yararlandılar. Bu da onu göstərir ki, Kanadaya hər cür ailə gəlir. Sadəcə, bu xanımın timsalında məsələyə humanizm nöqteyi-nəzərindən yanaşdım və xanımın və uşaqların sığınacağa yerləşdirilməsinə vicdanımla kömək etdim, yardım kampaniyası başlatdım. 12 saat onlarla birlikdə oldum, bank hesabı açdırmalarına, nömrə almalarına və s. yardımçı oldum, halal xoşları olsun. Nəticə etibarilə hər şey kənarda qaldı, yazdılar ki, “Vəli özünü reklam edir”, “Vəli manipulyasiya edir”, “özünü Tağıyevə bənzədir” və s. Bu, məni çox məyus etdi. Mənə təsir edən həm də o oldu ki, məndən istifadə edildiyini yazırlar. Mənim 31 yaşım var və razılığım, istəyim olmadan kimsə məndən istifadə edə bilməz. Həmyerlimiz olan vəkil də əvvəllər təşkil etdiyim yardım kampaniyalarından xəbər tutduğu üçün məndən bu xanıma da köməklik etməyimi xahiş etdi.
– Yenə bu cür yardım kampaniyaları təşkil edəcəksiniz?
– Xeyr. Baş verən son olaylar məni etdiyim yaxşılıqlarla bağlı iyrəndirdi. Heç bri maddiyyat güdmədən insanların Kanadadakı yeni həyatlarına 5-10 addım qabaqdan başlamasına kömək edirəm, qarşılığında isə barəmdə hər şey yazırlar. Yazılan rəyləri, statusları oxuyanda düşündüm ki, mən axı pis insan deyiləm, nə etmişəm ki, barəmdə belə yazıblar. Qərarlaşdırdım ki, bu, təşkil etdiyim son yardım kampaniyasıdır. Bundan sonra gələn şəxslər özləri necə istəyirlər gəlsinlər, öz qərarlarıdır. Son olaraq onu deyim ki, hər kəsi öz vicdanıyla baş-başa buraxıram. Burada mən heç kimə heç bir pislik etmədim, nə də bu işdə günahım yoxdur. Günahım sadəcə, iki uşaqlı anaya yardım etmək idi.