Sakinlərin cərimələrlə bağlı artan şikayətləri və vandalizm hallarından sonra Van (Vaughan) şəhər meriyası yeni quraşdırılmış sürət kameralarından gələn cərimələri müvəqqəti olaraq dayandırıb. Şəhərin meri Steven Del Duka bildirib ki, ötən həftə keçirilən şura səsverməsindən sonra şəhər ən azı sentyabr ayına qədər cərimə yazmayacaq. Bu müddətdə sürücülərə yalnız xəbərdarlıq məktubları göndəriləcək və Avtomatlaşdırılmış Sürət Nəzarəti (ASE) proqramının tətbiqi nəzərdən keçiriləcək.
Şəhər meriyasının hesabatına əsasən, mart ayında kameralar aktivləşdikdən sonra, 32 mindən çox cərimə tətbiq olunub. Təkcə ilk həftədə 13 minə yaxın cərimə yazılıb
Mer S.D. Duka sosial media hesabında yazıb: “Proqramın tətbiqi ilə bağlı narahatlıqlarınızı aydın şəkildə eşitdik. Biz təhlükəsizliyi əsas götürərək bu proqramın ədalətli olmasını təmin etmək istəyirik”.
Ən çox cərimə yazılan yerlər
Üç həftə ərzində Van şəhərindəki 10 ASE kamerası ümumilikdə 32,006 cərimə yazıb. Bu cərimələrin böyük əksəriyyəti aşağıdakı 6 ərazidə qeydə alınıb:
New Westminster Drive – 9,877 cərimə
Kipling Avenue – 6,004 cərimə
Ansley Grove Road – 5,116 cərimə
Melville Avenue – 4,772 cərimə
Peter Rupert Avenue – 2,564 cərimə
Hilda Avenue – 2,122 cərimə
New Westminster Drive-də sürət həddi 40 km/saat olsa da, orta sürət 56 km/saat qeydə alınıb. Ən yüksək sürət isə Peter Rupert Avenue-də 145 km/saat olub.
Bu günə qədər yazılmış cərimələrin 40%-dən azı ödənilib. Çərşənbə günü etibarilə 12,252 cərimə ödənilib, 18,000-dən çox cərimə isə hələ də ödənməyib.