Sürücüsüz Tesla Model Y avtomobillərinin bazar günü səhər Texasın Austin şəhərindəki küçələrdə hərəkət etdiyi müşahidə olunduqdan sonra, Teslanın baş direktoru İlon Mask “X” sosial platformasında “Tesla”nın “robotaksi xidmətinin” bu gün günortadan sonra istifadəyə veriləcəyini elan edib. CTV News-un yazdığına görə, sərnişinlər üçün sabit tarif – 4.20 ABŞ dolları müəyyən edilib.
Reuters bildirir ki, bazar günü səhər Texasın paytaxtı Austin şəhərinin məşhur South Congress ərazisində bir neçə Tesla “robotaksisi” müşahidə olunub. Avtomobillərdə sürücü yeri boş olub, yalnız sərnişin oturacağında bir nəfər əyləşib.
“Tesla” planlaşdırırdı ki, ön oturacaqda əyləşənlər “təhlükəsizlik nəzarətçisi” kimi fəaliyyət göstərsin, lakin onların avtomobilə nə qədər nəzarət edə biləcəkləri aydın deyil. Sosial şəbəkələrdə sürücüsüz “Tesla”ların videoları da yayılıb, lakin həmin nəqliyyat vasitələrində sərnişinlərin olub-olmadığı məlum deyil.
Qanunvericilik dəyişiklikləri və siyasi reaksiya
Robotaksi xidmətinin istifadəyə verilməsinə az qalmış Texas qanunvericiləri əyalətdə avtonom nəqliyyat vasitələri ilə bağlı qaydaların tətbiqinə başlayıb. Texasın qubernatoru Qreq Abbott (Respublikaçı) cümə günü sürücüsüz nəqliyyat vasitələrinin fəaliyyət göstərməsi üçün lisenziya tələb edən qanunu imzalayıb.
Bu qanun 1 sentyabr tarixindən qüvvəyə minəcək. Qubernatorun onu artıq imzalaması göstərir ki, hər iki siyasi partiyadan olan rəsmilər bu sahənin ehtiyatla inkişaf etməsini istəyir. Həftənin əvvəlində demokrat qanunvericilərdən ibarət qrup “Tesla”ya layihənin təxirə salınması ilə bağlı müraciət etmişdi.
“Tesla” şərh verməkdən imtina edib, qubernatorun ofisi də məsələni şərh etməyib.
Yeni qanun Texasın 2017-ci ildən bəri tətbiq etdiyi “tənzimləmə əleyhinə” yanaşmanı yumşaldır. O dövrdə qəbul edilən qanun şəhərlərdə sürücüsüz nəqliyyat vasitələrini qadağan edirdi.
Məhdud sınaq və texniki tələblər
Son günlərdə Tesla sosial media fenomenlərindən ibarət seçilmiş bir qrupu Austin şəhərində məhdud zonada 10-20 Model Y avtomobili ilə keçiriləcək robotaksi sınağına dəvət edib.
Yeni qanuna əsasən, sürücüsüz avtomobil idarə etmək üçün şirkətlər Texas Nəqliyyat Departamentindən icazə almalıdır. Əgər belə nəqliyyat vasitəsi ictimaiyyəti təhlükəyə atarsa, lisenziya ləğv edilə bilər. Eyni zamanda şirkətlər fövqəladə hallarda polis və təcili yardımın bu nəqliyyat vasitələri ilə necə davranmalı olduğunu izah edən məlumat təqdim etməlidir.
Avtomatlaşdırılmış nəqliyyat vasitəsinin rəsmi tanınması üçün “Level 4” səviyyəsində muxtar idarəetmə qabiliyyəti tələb olunur. Bu, avtomobilin müəyyən şərtlər daxilində (məsələn, məhdud ərazidə) insan müdaxiləsi olmadan idarə edilə bilməsini nəzərdə tutur.
“Level 5” isə ən yüksək səviyyədir; avtomobil istənilən yerdə, istənilən şəraitdə özü idarə olunur.
Texasda bu prosesi başlamaq, Kaliforniya ilə müqayisədə daha asandır. Kaliforniya sınaq məlumatlarının geniş şəkildə təqdim olunmasını tələb edir.
Maskın təhlükəsizlik vədi
“Tesla”nın robotaksi buraxılışı, İlon Maskın sürücüsüz “Tesla”lar vədi verməsindən 10 il sonra reallaşır.
İndiki anda “Tesla”nın yüksək səhm dəyəri əsasən bu texnologiyaya – robotaksilərə və insana bənzər robotlara əsaslanır. Analitiklərin fikrincə, Tesla dünyanın ən dəyərli avtomobil istehsalçısıdır.
İ.Mask bildirib ki, Austin layihəsi üçün şirkət “təhlükəsizlik baxımından çox ehtiyatlı” olacaq. Xidmət yalnız ən təhlükəsiz hesab edilən ərazilərdə fəaliyyət göstərəcək.
Bundan əlavə, Tesla pis hava şəraitində, çətin yol ayrıcılarda fəaliyyət göstərməyəcək və 18 yaşdan kiçik sərnişinləri qəbul etməyəcək. Mask bildirib ki, əgər təhlükəsizliklə bağlı şübhələr yaranarsa, layihənin başlanması təxirə salına bilər.
Riskli bazar və texnologiyada fərq
Sürücüsüz nəqliyyat vasitələrinin kommersiyalaşdırılması riskli və bahalı prosesdir. Nəzarət orqanları Tesla və onun rəqibləri “Alphabet” in” Waymo” (bir neçə ABŞ şəhərində pullu robotaksi xidməti göstərir) və “Amazon”un “Zoox” layihələrini yaxından izləyir.
Tesla, bu sahədəki digər şirkətlərin yol şəraitini analiz etmək üçün istifadə etdiyi lidar və radar sistemləri yerinə yalnız kameralardan istifadə edir. Mask bildirir ki, bu üsul daha təhlükəsiz və xeyli ucuz olacaq.
Foto: AP Photo/Richard Voge